21 Fevral 2012 12:02
375
Mədəniyyət
A- A+

Çərşənbənin əzəli gəldi

 

Bu il dünya qardan, çovğundan, şaxtadan, tufandan, qasırğadan çox əziyyət çəkdi. Hələ də bir çox xarici ölkələrdə qışın fəsadları davam etməkdədir. Dünya ağ örpəyə bürünüb. Bakıya da güclü qar yağdı. Şaxtalı havalar günlərlə davam etdi. Alışmadığımız soyuğun, sərt havanın şahidi olduq. Hətta  Xəzərin sahillərində buzlaşma müşahidə edildi.

Dumandan, çovğundan, soyuqdan isti ölkələrə qanadlanan müxtəlif quşlar Bakı bulvarında sığınacaq tapdı. Günlər quş kimi qanadlanaraq bizi yaza doğru aparmaqdadır. Hava nə qədər soyuq keçsə də, qış nə qədər sərt görünməyə çalışsa da, qarşıdan qədim və milli bayramımız olan Novruz gəlməkdədir. Bineyi-qədimdən Novruz bayramını bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əzizləyiblər. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir. Deyilənlərə görə, birinci - Böyük Çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük Çillənin yarısı sayılan və qışın "Oğlan çağı" adlanan Kiçik Çillə isə fevralın iki ongünlüyüdür. Kiçik Çillə bitəndən sonra  Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Maraqlıdır ki, bu il bahar Azərbaycana tez qədəm atacaq, yəni, Novruz bayramı martın 20-nə təsadüf edir. Bu bayramdan öncə dörd çərşənbə axşamı qeyd edilir. Nadir baş verən hadisədir ki, bu il çərşənbələrin ikisi fevral ayına, ikisi də marta düşür.

Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Su çərşənbəsi fevralın 21-nə düşür. İnama görə həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur:

Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış, yaxşılıq eylə,

Nə çıxar yamanlıqdan.

Su çərşənbəsi ilə bağlı müxtəlif ayin və etiqadlar da var. Həmin gün su kənarında, bulaq başında dayanan insanlar ürəklərindən keçənləri suya söyləməli, onun duru aynasından, qırçınlı ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar adətən, nikbin təbiətli olurlar. Söyləyirlər ki, ən pis qorxulu yuxunu da suya danışsan xeyir taparsan. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayarmışlar: "Suyun bəndinə qurban, belə hər fəndinə qurban..." Su gələn yerlərə birlik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var, hətta ən gözəl qıza da tərif deyəndə onu su pərisinə, su sonasına bənzədərmişlər.

Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqətçəkən müqayisələr var: "Suda boğulan saman çöpündən yapışar", "Suyun lal axanı, adamın yerə baxanı", "Su bardağı suda sınar", "Su axar çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş müdrik fikirlərə inam bəsləyərlər: "Qaynar suyu yerə tökməzlər", "Yuxuda su görmək aydınlıqdır", "Su içərkən adamı ilan da çalmaz", "Qonşunun suyunu kəsməzlər", "Su içəni qəfil vurmazlar", "Susuza su verməmək günahdır", "Ayaq üstə su içməzlər", "Odu su ilə söndürmək günahdır", "Yol böyüyündür, su kiçiyin", "Səfərə çıxanın arxasınca su atarlar". Alqışlar da maraqlıdır: "Sucan ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Axar murdar götürməz". Böyük Nizami onu da deyirdi ki: "Sözün də su kimi lətafəti var".

Su fallarına görə Su çərşənbəsi insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər aydan, ildən sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, deməli, sevgililər bir-birinə tezliklə qovuşacaqlar.

Hətta qədim təbabətimizdə də su ilə bağlı maraqlı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından qırx cam su töksən, niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qədimdən üzü bəri səksənən, qorxan adama adətən, su içirdərlər. Bayılan insanın üzünə su çiləsən özünə gələr.

Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var. İnsanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldarlar. Allah-təala bu nemətləri Azərbaycandan da əsirgəməyib. Turşsu, İstisu kimi səfalı sularımızın şəfaverici xüsusiyyətləri ölkəmizdən kənarda da məşhurdur.

Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, hətta keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi, maraq dünyası var. Yığcam və lokonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün də müasir nəsli heyrətdə saxlayır: "Adam deyil hey qaçır, meşə deyil səs salır" (çay), "Yer altında yaz gedir" (su), "Bir atım var alaca, özü gedər, yəhəri qalar" (açması körpü altında su).

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər məşhur qoşmalarının birində bildirir ki, "Çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə Su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Beləliklə, əziz oxucular, elmizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə onu Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Biləsiniz ki, bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə! Onu da unutmayın ki, Kiçik Çillə nə qədər soyuq üzünü bozardıb yurdumuza ağ örpəyini sərsə də, Novruz çərşənbələrinin gəlişi onun buz bağrını yaracaq, tündməcazlığının şaqqı sınacaq. Qar-qış əriyib suya dönəcək...

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video