18:25 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Cənub qaz dəhlizi”nin  təşəbbüskarı İlham Əliyev, aparıcı qüvvəsi Azərbaycandır!

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 09.10.2021

 

“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin 20 illik yubileyi günü Səngəçal terminalında qoyulub. Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma və açılış mərasimləri arasındakı vaxt çox qısa olub.  Cəmi 4 ilə yaxın bir zaman ərzində qazanılan böyük uğur - “Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır.

“Cənub qaz dəhlizi” Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirən nəhəng  layihədir. Bu dəhliz dörd mühüm seqmenti birləşdirir.  Bunlar “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan  (Trans-Adriatik Qaz Boru Kəməri) ibarətdir.

İki ilk seqmentin  başa çatdırılması 2018-ci il  mayın 29-da layihənin rəsmi açılışını etməyə imkan verdi. Az sonra -  iyunun 12-də TANAP da istismara daxil oldu.  Sonuncu seqment - TAP  isə keçən ilin son günü yekunlaşdı.

Birinci seqment “Şahdəniz”in  işlənməsinin  ikinci mərhələsini təşkil edir. Gələcəkdə  dəhlizlə digər yataqlardan da  çıxarılan qazın  nəqli  həyata keçirilsə belə,  hazırda onun əsas ehtiyat mənbəyi məhz “Şahdəniz”dir.

“Şahdəniz” son onilliklərdə dünyada kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. İlkin hesablamalara görə, onun  təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

“Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.

1999-cu ildə  isə yataq kəşf olunub və artıq 15 ilə yaxındır CQBK vasitəsilə Azərbaycanı, Gürcüstanı,  Türkiyəni təhlükəsiz,  ahəngdar şəkildə qazla təchiz edir. Belə ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində ilk hasilat 2006-cı ildə əldə olunub.

“Şahdəniz”in nəhəngliyini göstərən faktlardan biri də odur ki, yataq iki fazada işlənir. 2013-cü il dekabrın 17-də “Şahdəniz” konsorsiumu layihənin ikinci mərhələsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib. “Şahdəniz-2”dən hasilata 2018-ci ildə başlanıb. Buradan ildə əlavə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə 26 milyard kubmetrə çatacaq.

“Şahdəniz”də iştirak payları belədir: bp (operator - 28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz).

Cari ilin birinci yarısında  yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

“Şahdəniz” yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi rolunu artırıb. Ölkəmizi ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib, qarşıdan gələn onilliklər ərzində neft-qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanın iqtisadiyyatını getdikcə daha da gücləndirəcək.

“Cənub qaz dəhlizi”nin  ikinci seqmenti CQBK-dir. CQBK “Cənub qaz dəhlizi”ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.

CQBK dünya səviyyəli boru kəməridir və  təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan qazını  regional bazarlara  nəql edir. Kəmər Azərbaycanda 443 kilometr, Gürcüstanda 248 kilometr məsafə boyu uzanır. Boru kəməri sisteminə həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda isə iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.

CQBKŞ şirkətinin səhmdarları bp (28,8 faiz), TPAO (19 faiz), SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (16,7 faiz), PETRONAS (15,5 faiz), LUKOIL (10 faiz) və NICO (10 faiz) şirkətləridir. Bu ilin birinci yarısında CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr qaz təşkil edib.

Məlum olduğu kimi, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əlavə hasilat həcmlərini qəbul etmək, ildə  Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr mavi yanacaq ötürmək məqsədilə CQBK sisteminin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə  yanaşı  yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nin Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Bununla da genişləndirilmiş CQBK “Cənub  qaz dəhlizi”nin güclü bir qoluna çevrilib.

Üçüncü seqment - TANAP Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə planlaşdırıldığı vaxt - 2018-ci  il iyunun 30-da başlayıb. Ötən müddətdə   kəmər   qaz nəqlini ahəngdar həyata keçirib.

TANAP-ın salnaməsi qısa da olsa zəngin və maraqlıdır. Belə ki, layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Boru kəməri sisteminə dair sazişə isə 2012-ci il iyunun 26-da İstanbulda imza atılıb və sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.  2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. İstifadəyə verildiyi vaxtdan təxminən il yarım sonra - 2019-cu il noyabrın 30-da  TANAP-ın qazı  Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi  yekunlaşıb.

Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

TANAP  Türkiyə-Gürcüstan sərhədində genişləndirilmiş CQBK-ya qoşulub və Türkiyədə 1850 kilometrdən çox məsafə boyu uzanır. Bu  kəmərin Gürcüstan-Türkiyə sərhədi  -  Əskişəhər hissəsinin uzunluğu 1350, Əskişəhər - Türkiyə-Yunanıstan sərhədi hissəsinin uzunluğu 480 kilometrdir. Xəttin 19 kilometri  isə Mərmərə dənizindən keçir. TANAP öz marşrutu boyu Türkiyənin 20 vilayətini, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərini arxada qoyur. 878 kilometrlik TAP kəmərinə isə  Türkiyə ilə Yunanıstanın sərhədindəki Kipoi məntəqəsində   qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici həlqəsi” də adlandırırlar.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” olduğunu deyib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi  bp  şirkətinə məxsusdur.

TANAP-ın  2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetr mavi yanacağı daşımaq gücünə malik olacağı nəzərdə tutulur. Bir daha  xatırladaq ki, ilkin mərhələdə TANAP kəməri ilə nəql ediləcək 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə çatdırılacaq.

TAP sonuncu seqmentdir. Vətən müharibəsinin şiddətli döyüşlərinin getdiyi, Azərbaycan Ordusunun düşmən tapdağında olan kənd və şəhərlərimizi bir-birinin ardınca azad etdiyi günlərdə bir qələbənin müjdəsini də iqtisadi sahədən aldıq.TAP-ın tikintisinin yekunlaşması həmin vaxta təsadüf etdi. Bu, Azərbaycanın neft-qaz tarixində qazanılan, uğurla gerçəkləşən qlobal layihələr salnaməsinə yazılan bir qələbə idi. Zəfər ilimizin son günündə - dekabrın 31-də isə TAP Azərbaycan qazını Avropaya çatdırdı. Beləliklə, tikinti işləri dörd il yarımdan çox çəkən layihə vaxtında və müvəffəqiyyətlə tamamlandı.

TAP-ın istifadəyə verilməsi həm də “Cənub qaz dəhlizi”nin tam sistem kimi işə düşməsi deməkdir. Kəmərin  təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Təməlqoyma mərasimində bildirilmişdi ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Ona görə də qarşıda qazı Avropa bazarına vaxtında çatdırmaq, tranzit və istehlakçı ölkələrin hər birinin iqtisadi maraqlarının təmin edilməsinə nail olmaq kimi əsas vəzifə dayanırdı. Zaman bu vəzifələrin layiqincə yerinə yetirildiyini göstərdi. “Cənub qaz dəhlizi”nin sonuncu hissəsinin yekunlaşması  Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün böyük hadisə kimi dəyərləndirilir.

TAP “Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına şərait yaranıb. Kəmərlə ilk dövrlərdə hər il  Avropaya  çatdırılacaq 10 milyard kubmetr qazın  həcmi sonrakı illərdə  20 milyard kubmetrə qədər artırılacaq.

Xatırladaq ki, TAP xətti İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır.

TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı bununla yanaşı, “Cənub qaz dəhlizi”nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını da dəfələrlə vurğulamışdır.  Yəni  “Cənub qaz dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Deməli, “Cənub qaz dəhlizi”nin “qol”larının da olacağı mümkündür, çünki Avropanın Azərbaycan qazına ehtiyacı var. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir.

“Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək.     

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM