19:50 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Cənub qaz dəhlizi”nin təşəbbüskar lideri İlham Əliyevdir

ANA SƏHİFƏ / SİYASƏT
00:17 11.04.2021

 

Bunu dünya siyasətçiləri və ekspertləri  də təsdiqləyirlər     

 

Üçüncü minilliyin  nəhəng  mühəndis  qurğusu, üç ölkənin ərazisindən keçərək Azərbaycan neftini   dünya  bazarlarına  çatdıran   Bakı-Tbilisi-Ceyhan  (BTC)  kəmərinin   müəllifi   Ümummilli Lider  Heydər Əliyevdir.  Ulu Öndərin   vaxtilə “Üç  dənizin əfsanəsi”  adlandırılan  bu  möhtəşəm əsəri çox böyük  sınaqlardan şərəflə çıxaraq  gerçəkliyə çevrildi  və dünyanın  bir çox  siyasətçiləri, ekspertləri etiraf etdilər ki, Heydər Əliyev olmasaydı, BTC də  olmazdı. 

BTC-yə  ilk neft  2005-ci ilin  mayında  Səngəçaldan vuruldu,  2006-cı ilin iyulunda  isə  kəmər tam bir sistem kimi işə  salındı. Prezident İlham Əliyev   bütün dünyaya  bəyan etdi ki, bununla biz  “pəncərə  yaradaraq  beynəlxalq enerji  ailəsinə geniş  qapı açdıq”.  Dedi və Ulu Öndərin yeni neft  strategiyasını  davam etdirməklə kifayətlənmədi, onu zamanın tələblərinə uyğun olaraq inkişaf etdirdi. Başlanmış yolları  böyük dəhlizlərə qovuşdurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə  reallaşan  layihələr  Azərbaycanı   həm  də qaz ixrac  edən ölkə kimi tanıtdı və bu gün  dünya etiraf edir:

“Cənub qaz dəhlizi”nin  təşəbbüskarı İlham Əliyevdir,  bu qlobal  layihənin aparıcı qüvvəsi Azərbaycandır!”

Xəzərlə Adriatik dənizinin sahillərini birləşdirən, Azərbaycanın Səngəçal  qəsəbəsindən İtaliyanın Puqlia  məntəqəsinədək  3500  kilometrlik yol qət  edən, üç möhtəşəm kəməri  möhkəm həlqələrlə bir-birinə bağlayan  bu dəhliz  Azərbaycanın liderliyi ilə, Prezident İlham Əliyevin  uzaqgörən siyasəti, dərin zəkası,  dünyada  söz və siyasi nüfuz  sahibi olması sayəsində gerçəkləşdi. Azərbaycan  möhkəm  əməkdaşlıq və tərəfdaşlıq  platforması   yaratdı.  Bu  sıx əməkdaşlıq  və tərəfdaşlıq şəraitində “Şahdəniz”, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri), TAP (Trans-Adriatik Qaz Boru Kəməri)   layihələrini  həyata keçirdi. Xatırladaq ki,  bunlar “Cənub qaz dəhlizi”nin  dörd seqmentidir.

“Cənub qaz dəhlizi”nin  təməli  Səngəçal terminalında  2014-cü il  sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 ili tamam olan gün qoyuldu. 2018-ci ilin mayında isə həmin yerdə  layihənin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev  tədbirdə çıxış edərək dedi: “4 il bundan əvvəl bu ərazidə “Cənub qaz dəhlizi”nin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. “Cənub qaz dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

Layihəni irəliyə aparan  dövlət başçısının  bax, bu inamı idi, yaratdığı  bu əməkdaşlıq platforması idi, hədəfləri  düzgün  müəyyən etməsi, strategiyanı dəqiq seçməsi idi. Əlbəttə, burada heç bir şərhə  ehtiyac yoxdur. Bununla belə,  xatırlatmaq yerinə düşər ki, 2015-2020-ci  illərdə  hər il bir dəfə olmaqla keçirilən “Cənub Qaz Dəhlizi”  Məşvərət Şurasının 6 toplantısının hamısına Azərbaycan evsahibliyi edib. Yalnız sonuncu, 7-ci  iclas pandemiya səbəbindən videokonfrans şəklində keçirilib. Bunun özü də  layihədə Azərbaycanın liderliyini təsdiqləyən  faktdır.

Beşinci toplantı 2019-cu il fevralın 20-də keçirildi. O zaman Avropa  Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger  Prezidentimizin layihədəki rolunu belə şərh etmişdir: “2014-cü ildə həmkarım, vitse-prezident Şefçoviçlə birgə Şuranı təsis etdiyinə görə Prezident Əliyevə və bu illər ərzində hər il keçirilən tədbirə evsahibliyi etməklə Azərbaycanın nümayiş etdirdiyi möhtəşəm qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Mən səmimi-qəlbdən inanıram ki, Məşvərət Şurası bu layihənin inkişaf etdirilməsində mühüm rol oynayıb...  Bu, tarixi layihədir. “Cənub qaz dəhlizi” sayəsində, - lakin təkcə bunun sayəsində deyil, - Azərbaycan Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır... Azərbaycan həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur. Bu, açıq-aşkar sizin əməkdaşlığı genişləndirə biləcəyiniz sahədir”.

2020-ci il fevralın 28-də keçirilən altıncı toplantıda Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardt da Prezident İlham Əliyevin layihəyə  rəhbərliyini yüksək qiymətləndirib: “Şahdəniz-2” yatağından hasil edilən qazın   Avropa İttifaqına - İtaliyaya qədər nəqli ilə bağlı sadə fakt bizim hamımız üçün fantastik nailiyyət olacaq. Avropa İttifaqı üçün əlbəttə ki, bu layihə həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirir, həmçinin bizim şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni mənbədir və eləcə də daha mühümü olan Avropa bazarına yeni marşrutdur. Burada mən bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə və rəhbərliyə görə Prezident Əliyevə və onun hökumətinə təşəkkürümü bildirmək istərdim”.

Məşvərət Şurasının fevralın 11-də keçirilən builki iclası isə xüsusilə əhəmiyyətli idi. Çünki “Cənub qaz dəhlizi” artıq  uğurla başa  çatıb. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı  xanım  Kadri  Simson  bu nəhəng layihənin qələbəsində Azərbaycan Prezidentinin zəhmətini və rolunu belə vurğulayıb: “Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır. Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, həmin iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən əvvəlcə Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan dünyada həqiqətən də etibarlı tərəfdaş  imici  qazanıb. Bu inam və    etimad  “Əsrin müqaviləsi”ndən, həmin  sazişdəki, eləcə də daha sonra Gürcüstanla, Türkiyə ilə birgə həyata keçirdiyimiz ixrac layihələrindəki tərəfdaşlarımızla birgə iş zamanı yaranıb, sınaqdan keçib və əməkdaşlıq əlaqələrini şaxələndirib. Məsələn, “Cənub qaz dəhlizi”nin  “onurğa sütunu” adlandırılan

TANAP Azərbaycanın və Türkiyənin birgə gerçəkləşdirdiyi layihədir ki, onun uğurla başa çatdırılması ilk növbətə iki qardaş ölkənin dövlət başçılarının səyi nəticəsində mümkün olub. Prezident

İlham Əliyev bu barədə belə deyib: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu”.

Türkiyə Prezidenti isə Azərbaycanın dövlət başçısının bu layihələrdəki xüsusi  rolunu qeyd edib: “Qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil”.        

Prezident İlham Əliyev dönə-dönə vurğulayib ki, BP bizim əsas tərəfdaşımızdır. Bu şirkət ölkəmizdə həyata keçirilən ən böyük neft-qaz və ixrac layihələrinin operatoru olmaqla yanaşı, həm də “Cənub qaz dəhlizi”nin bütün seqmentlərində sanballı iştirak payına malikdir. Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Xəzər dənizindən birbaşa Avropaya nəql olunmasını təmin edən bu layihədə İlham Əliyevin rolunu layiqincə belə dəyərləndirib: “Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq”. 

Prezident  İlham Əliyev  çıxışlarının birində deyib: “Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır”.

Həmin fikri, heç şübhəsiz, Azərbaycan Prezidentinin özünə də şamil etmək olar və dünya bunu birmənalı şəkildə təsdiqləyir.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM