03 Iyul 2021 00:38
846
İQTİSADİYYAT
A- A+

“Cənub qaz dəhlizi”  möhkəm təmələ əsaslanır

 

Bakı-Tbilisi-Ərzurum kəmərinin istifadəyə verilməsindən 14 il keçir

 

Bakı yaxınlığındakı Səngəçal terminalından şaxələnən ixrac marşrutları Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogenləri dünya bazarlarına nəql edir. “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri də başlanğıcını  buradan götürür. Bu kəmər 2007-ci il iyulun 3-də istifadəyə verilib.

2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalandı. Həmin il sentyabrın 29-da isə Gürcüstan  Prezidentinin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş”in imzalanması baş verdi. 6 il sonra “Şahdəniz”dən çıxarılan mavi yanacağın  Bakı-Tbilisi-Ərzurum  xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi.

Azərbaycan  qazı  2006-cı ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə  Gürcüstana çatdırıldı. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443 kilometr, Gürcüstan hissəsi isə 248 kilometrdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft  kəməri ilə eyni marşrut boyu  uzanır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Məhz BTƏ sayəsində Azərbaycan həm də qaz ixrac edən ölkə kimi tanınmağa başladı.

Azərbaycanın  növbəti böyük uğurlarından biri - cəmi 4 ilə yaxın bir vaxt ərzində ərsəyə gələn “Cənub qaz dəhlizi”nin işə düşməsi  BTC və BTƏ  kimi  qlobal neft-qaz ixracı layihələrinin təcrübəsinə əsaslanır. Belə ki, Azərbaycan üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı, “Şahdəniz-1” qazını ölkəmizin 13 rayonundan keçməklə Gürcüstana və Türkiyə sərhədinə çatdıran CQBK-nı inşa etmiş, BTƏ ilə Azərbaycan qazının dünyaya yolunu bir qədər də uzatmışdır. Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri “Cənub qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.

Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə vurğulamışdır. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindəki çıxışında dövlətimizin başçısı demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə  başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub qaz dəhlizi”nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir”.

2018-ci il  mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezident  bu fikri yenidən vurğulamışdır: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.

İndi bu dəhliz artıq gerçəkliyə çevrilib.  “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əlavə hasilat həcmlərini qəbul etmək, ildə  Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr mavi yanacaq ötürmək məqsədilə CQBK sisteminin  genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə  yanaşı, yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nın Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Bununla da genişləndirilmiş CQBK “Cənub  qaz dəhlizi”nin güclü bir qoluna çevrilib.

CQBK “Cənub qaz dəhlizi”ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.

CQBK mavi yanacağın Avropaya ixrac edilməsinə də imkan yaradıb. Belə ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz TANAP-a (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) məhz CQBK vasitəsilə qovuşur.

Bu  gün istər  Bakı-Tbilisi-Ərzurum  kəməri, istərsə də onun ayrılmaz  hissəsi olan CQBK, eləcə də “Cənub  qaz dəhlizi” - genişləndirilmiş CQBK, TANAP və TAP ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərirlər. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir. Energetika Nazirliyinin açıqladığı  rəqəmlər də bunu təsdiqləyir: cari  ilin yanvar-may aylarında Türkiyəyə təqribən 4,2 milyard kubmetr, Avropaya  təxminən 2,1 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Bu  dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kubmetr qaz verilib. Ayrılıqda Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə Türkiyənin ölkəmizdən idxal etdiyi mavi yanacağın yarıya qədərini bu boru xətti daşıyır.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video