18 Noyabr 2011 04:11
421
SİYASƏT
A- A+

Cenevrədə Transmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilir

 

Noyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçığı ilə Transmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum öz işinə başlamışdır. Tədbirdə 60-dan çox ölkədən yüksək dövlət və hökumət nümayəndələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan və transmilli şirkətlərdən 200-dən çox nümayəndə iştirak edir. Sammit aktual beynəlxalq təhlükəsizlik məsələlərinə, o cümlədən beynəlxalq cinayətkarlığa, terrorizmə və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak edirlər.

Sammitin açılışında Krans Montana Forumunun təsisçisi və icraçı direktoru Jan-Paul Karteron çıxış edərək iştirakçıları salamlamışdır. O, çıxışında dövlətlərin və cəmiyyətlərin üzləşdiyi beynəlxalq təhdidlər, xüsusilə transmilli cinayətkarlıq və terrorizm məsələlərinə toxunmuşdur. Həmçinin J-P.Karteron Krans Montana Forumunun növbəti illik sessiyasının Bakı şəhərində keçiriləcəyi barədə məlumat vermiş, Azərbaycanın sürətli iqtisadi inkişafa, eləcə də mürəkkəb geostrateji mövqeyinə baxmayaraq, digər ölkələrə nümunə ola biləcək təhlükəsizliyə və sabitliyə nail olduğunu xüsusilə qeyd etmişdir.

J-P.Karteron Azərbaycanın əldə etdiyi inkişafın həyata keçirilən dinamik və düşünülmüş siyasətlə yanaşı, həm də belə sabitliyin və təhlükəsizliyin nəticəsi olduğunu vurğulamış və ölkəmizin inkişafının regionun təhlükəsizliyinə böyük töhfə verəcəyinə inandığını bildirmişdir.

Sammitin açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını forum iştirakçılarına çatdırmışdır. Azərbaycanda son illər ərzində yüksək iqtisadi və sosial inkişafa nail olunduğunu, demokratik dövlət quruculuğunun, müasir hüquq sisteminin təşkili sahəsində əsaslı islahatların həyata keçirildiyini bildirən F.Ələsgərov korrupsiyaya və digər mütəşəkkil cinayətkarlığa qarşı sərt və səmərəli tədbirlərin görüldüyünü qeyd etmişdir. Nümayəndə heyətinin rəhbəri, həmçinin ölkəmizin terrorizmə qarşı beynəlxalq koalisiyada fəal iştirak etdiyini, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti nəticəsində beynəlxalq enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış etdiyini bildirmişdir. Bununla yanaşı, Azərbaycanın da beynəlxalq terrorizmə məruz qaldığı, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinin yalnız regional təhlükəsizliyə deyil, həmçinin qlobal təhlükəsizliyə, o cümlədən transmilli cinayətkarlığa, xüsusilə narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə şərait yaratdığı diqqətə çatdırılmışdır.

Çıxışının sonunda Fuad Ələsgərov Krans Montana Forumunun növbəti illik sessiyasının 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə görməkdən məmnun olacağını ifadə etmişdir. Milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası ötən əsrin 80-90-cı illərində Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş onlarla terror aktları ilə üzləşmişdir. Hazırda Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən beynəlxalq terror şəbəkələrinə qarşı uğurlu mübarizə aparılır. Bugünədək "Meşə qardaşları", "İmam Mehdinin şimal ordusu", "Əl-Qaida Qafqaz" və digər terror qrupları zərərsizləşdirilmişdir. Bundan əlavə, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiyaya və digər cinayətlərə qarşı səmərəli mübarizə aparılır. Bu sahələrdə 50-dən artıq xarici ölkənin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdur.

Sammit çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəkdir. Beynəlxalq sammit öz işini noyabrın 19-da başa çatdıracaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video