28 Avqust 2021 00:39
980
CƏMİYYƏT
A- A+

Cəmiyyətin sosial bəlası

 

Fəlakətə aparan yol, yaxud “ölüm mələyi” ilə üz-üzə

 

Bu günlərdə yayımlanan bir xəbər sözün həqiqi mənasında damarda qanı dondurur. “İki uşaq anası “patı”dan öldü” xəbərindən sarsılmamaq mümkün deyil.

Gündəmin mövzusu yeniyetmə və gənclər arasında daha çox “patı”, “şüşə” adı ilə məşhur olan yeni təhlükəli bəla - metamfetamin (sintetik tərkibli narkotik maddə) istifadəçilərinin sayının sürətli yüksəlişi həyəcan təbili çalmağa əsas verir.

Ən qorxulusu da odur ki, insan həyatını zəhərləyən bu psixotrop maddə qiymət baxımından hər təbəqə üçün əlçatandır. Yəni bu o deməkdir ki, təhlükə hər qapının kandarındadır. Hesab edirəm ki, “maddə”nin sosial şəbəkədə müxtəlif formalarda təbliği, yeniyetmə və gənclərin, hətta qadınların onu asanlıqla əldə edə bilməsi xalqı fəlakətə aparan addımlardır.

Mən metamfetamin (“patı”) adlanan bəlanı yeni nəsli ölümə sürükləyən cəhənnəm mələyi adlandırardım. “Patı”ya aludəçiliyin artması olduqca təhlükəli haldır və bunun qarşısı yalnız dövlətin deyil, bütün xalqın, ictimaiyyətin, toplumun, ailənin birgə səyi ilə aradan qaldırıla bilər.

Aparılan araşdırmalardan ortaya çıxan nəticələr də vəziyyətin nə dərəcə ciddi olduğunu göstərir. Belə ki, metamfetamin istifadəçilərinin demək olar ki, yarısında ağır formada psixoloji problemlərin yarandığı müşahidə olunur. Başlanğıcda daha aşağı doza qəbulu ilə başlanan asılılıq zaman keçdikcə artır və nəticədə sosial-psixoloji fəsadları böyüyür. Həmin şəxslərdə aqressiya, stress, şiddətli davranış, qorxu, panik atak, paranoya, psixomotor pozulmalar və digər psixoloji problemlər müşahidə edilməklə yanaşı, fiziki narahatlıqlar da ortaya çıxır. Qan dövranı və ürək döyüntülərində dəyişiklik, nəfəsalmanın ağırlaşması, böyrək çatışmazlığı, baş dönməsi kimi əlamətlər insanın sağlamlığına birbaşa təsir edir. Qeyd edilən fiziki və psixoloji amillər həm istifadəçi şəxsin, həm də ona yaxın çevrənin yaşam tərzinə mənfi təsirini göstərir. Zaman keçdikcə başqalarına qarşı aqressiv münasibət və hərəkətlər, tək qalmaq istəyi, yardımçı olmaq istəyənlərə qarşı şiddət ətrafda olan insanların uzaqlaşmasına səbəb olur.

Şəxs əslində səhhətində problemlər yaradan zərərli asılılıqların nələrə gətirib çıxaracağının fərqindədir, amma psixoloji problemlər səbəbindən imtina etmək iqtidarında olmur. Başlanğıc mərhələdə istifadədən sonra yaranan rahatlıq, doyma və həzz bunun nəticəsidir.

Təhlükəli cəhət ondan ibarətdir ki, “hər kəs istifadə edir, bəlkə mən də yoxlayım” düşüncəsi kütləvi hal almaqdadır. İstər yeniyetmə və gənclərdə, istərsə də digər yaş qruplarında ilk istifadədən başlanan asılılığın sonrakı mərhələlərdəki fiziki, psixoloji təsirləri çox acınacaqlı şəkildə özünü göstərir. Nəzərə almaq lazımdır ki, metamfetamin güclü asılılıq yaradan, qısa müddətdə istifadə edən şəxslərdə ciddi psixoloji və fiziki problemlər yaradan maddədir.

“Patı” aludəçilərini “ölüm mələyindən” uzaqlaşdırmağın real yollarından ən birincisi peşəkar mütəxəssis yardımı almaqdır.

İstifadəçinin psixoloji və tibbi terapiya seanslarına cəlb edilməsi çox önəmlidir. Digər narkotik maddələrdən fərqli olaraq sintetik preparatların beyinə çox qısa müddətdə və sürətli təsiri problemin günlə, ayla deyil, anla dərinləşməsi deməkdir.

Unutmayaq ki, ölümə sürüklənən yeniyetmə və gənclik bu ölkənin sabahıdır. Hələ gənc qızların, ana olmağa namizəd gənc qadınların artıq çəkidən xilas olmaq, formada qalmaq üçün könüllü şəkildə həyatını baltalamasına göz yummaq fəlakətimiz olardı.

Savadsızlıq və nadanlığın gətirdiyi mənfur bəladan qurtulmağın yollarından biri də o insanlara həssas yanaşmaq, onları tənhalıqdan qorumaqdır.

Bu məsələnin həllində mətbuat, radio-televiziyalar daha çox iş görə bilərlər.

44 günlük Vətən savaşı dövründə biz KİV-in necə böyük gücə malik olduğunu bir daha gördük. Fəlakətin qarşısını almaq üçün kütləvi təbliğat, maarifləndirmə işi ən yüksək səviyyədə aparılmalıdır. Əhali müvəqqəti həzz verən, amma daimi asılılıq yaradan, orqanları məhv edən, aqressiv davranışlara, depressiv vəziyyətə gətirən “patı” bəlası, metamfetamin təhlükəsi barədə dolğun məlumat almalıdır. Bu məsələ radio-televiziyaların əsas mövzularından biri olmalıdır.

Sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, “maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir.

Məlumatsızlıq və düzgün aparılmayan maarifləndirmə istifadəçi sayını artıra bilər. Odur ki, hər kəs ayıq olmalı, özünü, ailəsini “tələyə” salmaq istəyənlərdən qorumalı və onlara qarşı mübarizədən çəkinməməlidir.

Laqeydlik də bir bəladır. “Qonşunun oğlu narkomandır, onlardan uzaq duraq, bizim uşağı da yoldan çıxarar” düşüncəsi ilə yaşamaqdansa, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” hikməti ilə qonşuya, onun övladına mümkün köməyi etmək daha yaxşı olardı.

Çevrəyə qarşı duyarlı olmaq həm də özümüzü, ailəmizi, bütövlükdə cəmiyyəti, dövləti qorumaqdır.

Gündən-günə inkişaf edən, güclü orduya sahib olan Azərbaycanı gözü götürməyən, hər vasitə ilə bu ölkənin çiçəklənməsinə, qüdrətlənməsinə maneçilik törətməyə çalışanlar var. “Patı” deyilən bəla bizim ölkəmizə haradan ayaq açır, onu kimlər gətirir, kim zəhərləyir xalqın gələcəyi olan yeni nəsli? Bunlar uşaqdan-böyüyə hər kəsə bəllidir. Amma özümüzdən olan “düşmənlərə” nə deyəsən... Onların dərdi nədir? Xalqı, milləti məhv etməkmi?

Asan qazanc dalınca qaçan işbazlar, bu yolun sonu yoxdur, ayılın, çiyinlərinizdəki günah yükünün ağırlığının fərqinə varın. Çanaq bir gün öz başınızda çatlaya bilər, qurduğunuz tələyə öz övladınız, öz doğmalarınız düşə bilər.

Valideynlər, diqqətli olun, minbir əziyyətlə böyütdüyünüz övladlarınızı qoruyun, onlara qarşı həssas olun, davranışlarına fikir verin, çevrəsində kimlərin olduğuna diqqət edin, onlarla səmərəli vaxt keçirin ki, qorxulu “həzz”in qurbanı olmasınlar.

Əziz xanımlar, əminəm ki, iki uşaq anasının psixotrop maddədən həyatını itirməsinə laqeyd qalmazsınız. Arıqlamaq istəyir, artıq çəkidən əziyyət çəkirsinizsə, bunun təbii yolları da var. Ən doğru yol yemək-içməyə diqqət etmək, hərəkətdə olmaq, normal həyat tərzi keçirməkdir. Arıqlamaq üçün “patı”dən istifadə etmək ölümü könüllü qarşılamaq deməkdir.

Bu “ölüm mələyi”ndən uzaq durun! Təhlükə qapınızın astanasındadır, onun evinizə, ailənizə girməsinə imkan verməyin!

Çətin və keşməkeşli zamanda yaşayırıq. Ayıq-sayıq olmaq təkcə borc məsələsi deyil, həm də vicdan məsələsidir. Özümüzü, ailəmizi, çevrəmizi qorumaq həm də açıq və gizli düşmən qarşısında dəyanətini itirməyən dövlətimizi qorumaqdır.

Böyük Qarabağ savaşında dəmir yumruq kimi birləşdik və qalib gəldik. Zərərli vərdişlərlə mübarizədə də birləşməyimiz sağlam və xoşbəxt gələcəyimizin təminatıdır.

 

Təranə PAŞAYEVA,

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video