04 May 2021 00:49
814
SİYASƏT
A- A+

Cahit BAĞÇI: “Türkiyə Qarabağın qısa zamanda bərpa olunması üçün əlindən gələni əsirgəməyəcək”

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad etdiyi hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üçrəngli bayraq, minarələrdən oxunan azanlar Türkiyədə də göz yaşları içində qarşılanır, sevinc və coşquya çevrilirdi.

Türkiyə Qarabağın erməni işğalından azad olunmasında qardaşlığını nümayiş etdirdi. Haqlı işində qardaş Azərbaycanın yanında dayanaraq ona hər cür dəstək verdi. Türkiyə bundan sonra da heç bir tərəddüd etmədən Azərbaycanın yanında olacaq və onu dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, Vətən müharibəsindəki Qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri daha da güclənəcək və bu Qələbə ilə yeni körpülər qurulacaq. Azərbaycan xalqı hər zaman yanında möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və bundan əmin oldu.

Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan xalqının könül xoşluğu ilə qalib və qürurlu bir cəmiyyət olaraq Novruz tonqalını yandırdıqları torpaqlarına, evlərinə qələbə və bayram sevinci ilə qayıtmaları üçün qardaş Türkiyə dəstəyini əsirgəməyəcək.

“Azərbaycan xalqının tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq əleyhinə cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün bölgənin yenidən qurulmasına, insanların məskunlaşdırılmasına dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanlarını bölüşməyə hazırdır. Doğma yurdlarından didərgin düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olunan bütün Qarabağın tezliklə türk dünyasının ən gözəl bölgələrindən birinə çevrilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik”, - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, bu yeni dövrdə əsas məqsəd xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirmək, münasibətlərimizi bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə dərinləşdirməkdir. Daha da möhkəmləndiriləcək dostluğun və əməkdaşlığın dünyada sülhə və təhlükəsizliyə olduğu kimi, ölkələrimizin ortaq maraqlarına da töhfə verəcəyinə səmimi-qəlbdən inanırıq. Əminik ki, ticarət dövriyyəsinin artması ilə yanaşı, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq inkişaf edəcək, xalqlarımızın ortaq tarixə, qədim mədəniyyət və ənənələrə əsaslanan dostluğu və qardaşlığı daha da möhkəmlənəcəkdir. 

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada analoqu yoxdur. Dünya Qarabağ Zəfəri ilə iki qardaş ölkənin birliyinin və gücünün şahidi oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğurulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, ölkələrimizin  bölgədə və dünyada daha güclü olmalarına töhfə verməkdir. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək”, - deyə C.Bağçı vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video