22:58 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Buzlu zəhər

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 06.07.2021

 

Bazardakı keyfiyyətsiz dondurmalar alıcıların sağlamlığı üçün ciddi təhlükədir

 

Havaların kəskin isinməsi insanların dondurmaya olan təlabatını artırır. İsti yay günlərində dadlı bir desertlə sərinləmək istəyən insanların çoxu sərfəli qiymətlə keyfiyyətli dondurma yemək istəyir.

Hazırda həm xarici, həm də yerli istehsal hesabına dondurma bazarında çeşid kifayət qədər çox olduğundan alıcılar dondurma axtarmaqda çətinlik çəkmirlər. Çeşid çox olduğu qədər qiymətləri də fərqli olan dondurmaların ən ucuzu alıcıya 20 qəpiyə təklif edilir. Lakin əsas məsələ seçdiyimiz bu desertlərin tərkibi ilə bağlıdır. Belə ki, tərkibindəki inqrediyentlərin aşağı keyfiyyətdə olması, məhsulun düzgün saxlanılmaması dondurmaları keyfiyyətsiz və təhlükəli məhsula çevirən ən əsas səbəblərdir ki, bu da həyat üçün risk deməkdir. 

 

1000-dən çox yerli dondurma istehsalçısı var

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hazırda ölkədə 1000-dən çox dondurma istehsalçısı olduğunu, ancaq onların arasında müasir texnologiya üzrə dondurma istehsal edənlərin sayının az olduğunu açıqlayır. Ekspert dondurma bazarındakı ən əsas problemin bu məhsulların keyfiyyəti ilə bağlı olduğunu söyləyir.

Mütəxəssisin sözlərinə görə, ölkədə keyfiyyəti yaxşı olmayan, çoxsaylı arzuolunmaz dondurmalar istehsal olunur. İstehlakçıların rəğbətini qazanmış bəzi xarici dondurma brendlərini saxtalaşdıran, onlara oxşar adla dondurma istehsal edən firmalar da var. AİB sədri dondurmaların keyfiyyətsizliyinə səbəb olan məsələlərdən birinin onun yağlılığının süni yolla artırılması ilə bağlı olduğunu açıqlayır:

Ekspert deyir ki, hazırlanma texnologiyasında dondurmanın yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. Lakin istehsal müəssisəsələri dondurmaların yağlılığını artırmaq üçün onlara marqarin, bitki mənşəli yağ əlavə edirlər ki, bu da məhsulu keyfiyyətsiz edir. İstehlakçılar dondurma yedikləri zaman onun keyfiyyətsizliyini müəyyən edə bilmək üçün ilk növbədə onun dadının acı olub-olmadığına diqqət yetirməlidirlər. Dondurmanı yedikdə dilin üstündə, boğazda acılıq hiss edilirsə, deməli, yağlılığı artırmaq üçün ona kərə yağı deyil, marqarin, bitki mənşəli yağ əlavə edilib.

Eyyub Hüseynov əlavə edir ki, istehlakçılar gilizlərdə - qablaşdırılmamış silindr qablarda satılan dondurmalardan da şikayət edirlər: “Çox zaman açıq satılan dondurmaların yararlılıq müddəti müəmmalı olur. Buna görə də istehlakçılar belə məhsullarla bağlı məlumatların qeyd edildiyi sənədləri tələb etməlidirlər”.

 

Xaricdən gətirilən dondurmalar daha təhlükəlidir

 

Eyyub Hüseynov açıqlayır ki, Azərbaycanda satılan dondurmaların 20-30 faizi xaricdən gətirilir: “Xaricdən mal gətirilən zaman dondurmalar müəyyən temperatur risklərinə məruz qalır. Əgər dondurma bir dəfə temperatur riskinə məruz qalıb yenidən dondurulursa, o, artıq təhlükəli və çirklənmiş sayılır. Belə dondurmaları onların qablarının formasına baxmaqla müəyyən etmək olar. Əgər dondurma əzilmiş formadadırsa, demək o, əriyib yenidən dondurulub. Bu cür dondurmaları almaq arzuolunmazdır, alıcılar buna diqqət yetirməlidirlər”.

AİB sədri bunu da qeyd edir ki, xaricdən dondurma daşıyan nəqliyyat vasitəsində temperatur rejimini avtomatik müəyyən edən xüsusi cihaz yerləşdirilməlidir: “Bu təyyarədəki “qara qutu” kimi bir cihazdır. Yolboyu həmin cihaza temperatur rejimi avtomatik olaraq yazılır. Azərbaycanda malı qəbul edən şirkət birinci o “qara qutu”nu açıb baxmalıdır və bunun əsasında müəyyən etməlidir ki, yolda o, riskə məruz qalıb, ya yox. Çox təəssüflər olsun ki, bu barədə nə Azərbaycana xaricdən mal idxal edənlərin, nə də istehlakçıların məlumatı yoxdur”.

Eyyub Hüseynovun sözlərinə görə, dondurma istehsalı üçün xammalın mənbəyindən istehlakçıya çatdırılana qədər qida zəncirində iştirak edən bütün hüquqi və fiziki şəxslər Qida Təhlükəsizliyi Agentliyinin reyestrinə daxil olmalıdır ki, bu qurum onlara nəzarət edə bilsin. Lakin təəssüf ki, bu məsələ də tam həll olunmayıb.

Ekspert istehlakçılara tövsiyə edir ki, onlar bütün hallarda yerli, yararlılıq müddəti az olan dondurmalara üstünlük versinlər: “Çünki yerli dondurmalar az kimyalaşdırılır. Bundan başqa, istehlakçılar meyvəli dondurmalardan çəkinməlidirlər, çünki onlardan zəhərlənmələr daha çox baş verir. Bir dəfəyə 300 qramdan çox dondurma yemək olmaz. Əks təqdirdə bədənin temperaturu bir anda aşağı düşə, hətta insan ölə bilər”.

 

Dondurma sevinc əvəzinə, ölüm də gətirə bilər

 

Azərbaycanda qida təhlükəsizliyinə cavabdeh və nəzarətedici əsas qurum Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi olduğundan dondurma bazarındakı vəziyyətlə bağlı suallarımızı bu quruma ünvanladıq. Suallarımızın kifayət qədər konkret olmasına baxmayaraq, agentlikdən lazımi cavab ala bilmədik. Belə ki, agentlik yalnız vikipediya məlumatlarına bənzər ümumiləşdirilmiş yazılı cavab göndərməklə kifayətləndi.

London Psixiatriya İnstitutunun bir neçə il əvvəl apardığı araşdırmaya görə, dondurma insanda əhvalın yaxşılaşmasına və xoşbəxtliyin yaranmasına səbəb olur. Dondurmanın ağızda sərinləşdirici və susuzluğu aradan qaldırması insanın yaxşı əhvali-ruhiyyədə olmasını təmin edir. Dondurma yeyərkən beyinə ötürülən siqnal onun xüsusi bir hissəsini aktivləşdirir və bunun sayəsində insan özünü xoşbəxt hiss edir.

Lakin göründüyü kimi, dondurma insanı yalnız xoşbəxt etmir. O, insan səhhəti üçün müəyyən problemlər də yarada bilər. Bu problemlərin yaranmaması üçün yediyimiz dondurmaların təhlükəsizliyinə əmin olmalıyıq. Lakin səlahiyyətli qurumlar lazımi nəzarət funksiyalarını yerinə yetirmədikdə və satışa keyfiyyətsiz dondurmaların çıxarılmasına göz yumduqda qida təhlükəsizliyini təmin etmək istəyən alıcının əlacı yalnız özünə qalır.

Keyfiyyətli dondurma yediyinə əmin olmaq istəyən alıcı müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar hesabına məhsulun keyfiyyətsizliyini göstərən zahiri əlamətləri öyrənməli və onun əsasında dondurmanın keyfiyyətsiz olub-olmadığını müəyyən etməyi bacarmalıdır. Çünki mövcud reallıq alıcılar üçün başqa yol qoymur.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM