08 Iyul 2021 01:21
2687
SİYASƏT
A- A+

Bütün yollar Qarabağa aparır

 

“Zəfər” yolunun asfaltlanmasına başlanıldı

 

44 günlük  Vətən müharibəsindəki Qələbənin nəticəsi olaraq işğaldan azad olunan ərazilərimiz indi böyük tikinti və quruculuq meydanını xatırladır.

Prezident İlham Əliyevin sərəncamlarına, göstəriş və tapşırıqlarına əsasən, hazırda Qarabağda bir neçə istiqamətdə avtomobil və dəmir yolları layihələri icra olunur, hava limanı inşa olunur. O cümlədən işğaldan azad olunan ərazilərimizin yeni enerji infrastrukturu yaradılır.

 

Genişmiqyaslı tikinti işləri davam edir

 

Qarabağda həyata keçirilən layihələrdən biri də “Zəfər” yoludur. Bu yol şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi dəyəri, xüsusi önəmi var.

Prezident İlham Əliyevin tapşırıq və sərəncamına əsasən, Şuşanın düşməndən azad edilməsinin rəmzi olan “Zəfər” yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşası davam etdirilir. Ötən il noyabr ayının 16-da təməli qoyulmuş yol cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr olan “Zəfər” yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2 hərəkət zolaqlı olmaqla, ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər” yolu  Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər” yoluna cəlb edilmiş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.

“Zəfər” yolunun ilk 6 kilometrlik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci kilometrlik  hissəsində torpaq işləri, 42-44-cü kilometrlik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.

51-76-cı kilometrlik hissəsində isə qazma işləri tamamlanıb, yolboyu əks dolğu və kipləşdirmə işləri görülür. Bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluğu 33, 99 və 75 metr olmaqla, yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələri layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci kilometrliyində, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları qurulub. Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və istirahət otaqları yaradılıb.

 

Yolun sentyabr ayına istifadəyə verilməsi planlaşdırılır

 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir. Tikinti işləri “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu  Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video