19 Dekabr 2019 13:49
2979
Tədbirlər
A- A+

Bu il pambıqçılıqda rekord göstərici əldə olunub + VIDEO


Prezident əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyi, məhsuldarlığı daha da yüksəltməyi qarşıya məqsəd qoydu

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitq söylədi.

Prezident İlham Əliyevin
giriş nitqi

-Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.

Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.

Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.

Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Yəni, çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.

Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük.

O vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il "Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü.

Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir.

Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan "John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq.

Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan "John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq.

Suvarma tədbirləri. 100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı.

Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verildi. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparıldı. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilmişdir. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində büruzə verdi.

Əlbəttə ki, pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.

Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.

Məndə 1980-ci illərin statistik məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik.

Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir. Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı. Bir də ki, pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, - bu barədə də danışacağıq, - əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, - biz bunu yaratmalıyıq, - onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.

Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər.

Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, pambıqçılıq ənənəsi Siz qeyd etdiyiniz kimi yaddan çıxmışdı. İndi yeni pambıq növləri yetişdirilir, əkin sahələrinin seçimi aparıldı. Pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsul götürüləcək.

Prezident İlham Əliyev:Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov:Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdığı üçün məhsuldarlıq yüksək olmadı. Pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və bu, göstərir ki, gələcəkdə məhsuldarlıq yaxşı olacaq.

Prezident İlham Əliyev:Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.

Mən artıq qeyd etdim ki, pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Eyni zamanda, bildirməliyəm ki, bu il sosial sahədə görülmüş tədbirlər, aparılan islahatlar doğrudan da vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırdı. Bu, bir daha onu göstərir ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhalini əhatə edib. Problemli kreditlər öz həllini tapıbdır, özü də problemli kreditlərlə bağlı olan məsələlər təkcə bizdə mövcud deyil. Demək olar ki, postsovet məkanında bir çox ölkələrdə eyni problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar üçün ən səmərəli şəkildə və ən məqbul formada ədalətli həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərini biz həll etdik.

Müavinətlər artırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında birinci yerdədir. Bu, statistikadır. Əlbəttə, mən bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə işin səmərəli şəkildə qurulmasından asılıdır. Misal üçün, kənd təsərrüfatının bir çox sahələri var və vaxtilə o qədər də böyük fikir verilməyən sahələr indi dirçəlir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəyə vergi və gömrük orqanları tərəfindən plandan əlavə 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik.

Pambıqçılıq, həmçinin yüngül sənayeyə də təkan verir. Mənim sərəncamlarımla Azərbaycanın bir neçə şəhərində sənaye zonaları, sənaye parkları yaradılır, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı. Buna böyük ehtiyac var. Çünki Mingəçevir şəhərində işsizlik başqa şəhərlərdən daha ciddidir, bu da təbiidir, çünki şəhərdir və şəhərdə işsizlik adətən daha çox olur. Ona görə Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün biz onu bir sənaye şəhəri kimi inkişaf etdirməliyik. Artıq orada iki böyük iplik fabriki fəaliyyət göstərir, mən onların açılışında olmuşam. Bu, birinci mərhələdir. Fabriklərin sayı çox olmalıdır və biz çalışmalıyıq ki, pambığı maksimum dərəcədə emal edək. Çünki bugünkü emal səviyyəsi bizi qane edə bilməz.

Onu da bildirməliyəm ki, Azərbaycanda pestisid zavodu yaradılıb, bu da çox önəmli məsələdir. Mənim təşəbbüsümlə gübrə və polimer zavodları da fəaliyyət göstərir. Yəni, biz indi polimerdən hazır məhsul istehsal edə bilərik. Gübrələri xaricdən yox, daxili istehsalçılardan ala bilərik. Yəni, bütün bu addımlar bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə inkişaf etsin və vətəndaşlar işlə təmin olunsunlar.

Pambıqçılıqla yanaşı, bizim üçün ənənəvi olan, ancaq müəyyən müddətdə bir qədər unudulmuş digər kənd təsərrüfatı sahələri də inkişaf edir. Onlardan biri baramaçılıqdır. Bu məsələ ilə mən məşğul olmağa başlayanda gördüm ki, cəmi 240 kiloqram barama tədarük edilmişdir. Ancaq sovet vaxtında nə qədər tədarük edilirdi?! Ona görə görülən tədbirlər nəticəsində biz həm tingləri aldıq və Qax şəhərində damazlıq stansiya yaradıldı, dövlət dəstəyi göstərildi. Artıq bu il 630 ton barama tədarük edildi. Bu, eyni zamanda, imkan verdi ki, Şəki ipək kombinatı tam gücü ilə işləsin. Orada yüzlərlə insan işlə təmin olundu. Baramaçılığın böyük gələcəyi var, çox gəlirli və çox da əmək tələb etməyən sahədir. Vətəndaşlar qısa müddət ərzində - bir ay, yaxud da ay yarım ərzində yaxşı pul qazana bilirlər.

Biz fındıqçılığı sürətlə inkişaf etdiririk. Bağların sahəsini kəskin artırmışıq, 30 min hektardan indi təqribən 80 min hektara çatdırırıq. Artıq biz fındıq istehsalı və ixracı sahəsində dünyada üçüncü yerə çıxmışıq. Bu da çox gəlirli sahədir və əlbəttə, təzə salınan bağlar hələ bar vermir. Hesab edirəm ki, bir neçə ildən sonra fındıqçılıq valyuta idxalı baxımından kənd təsərrüfatının əsas sahələrindən birinə çevriləcəkdir.

Əvvəlki dövrlərdə mənim sədrliyimlə çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz siqareti ixracyönümlü məhsul kimi görürük. Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən üzümçülük. İndi mən bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi. O zavodların materialları satıldı, yəni, böyük bir cinayət törədildi və demək olar ki, bu sahə itib-batmışdı. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınmırdı. Çünki əl vermirdi, gərək xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxslər də bu cinayətin törədilməsində fəallıq göstərirdilər, üzüm bağlarını qırırdılar. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə? Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onun da əsas məqsədi Azərbaycanı məhv etmək idi və buna nail olmağa çalışırdı. Ancaq Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən sonra 1990-cı ildə buradan qaçdı. Ondan sonrakı dövrdə - xüsusilə AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-Cavahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət.

Ancaq bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. Bir neçə inkişaf etmiş ölkəni qabaqlamışıq. Hələ mən Davos reytinqlərini demirəm, onu dəfələrlə demişəm. Bax, budur bugünkü Azərbaycan.

Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq.

Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın.

Beləliklə, bu gün pambıqçılıqla bağlı məsələlər müzakirə olunarkən bir daha demək istəyirəm ki, mən görülmüş işlərə yüksək qiymət verirəm, bütün qurumlar fəal işləyiblər. Prezident Administrasiyası bu işləri koordinasiya edib. Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanlarının bir çoxu yaxşı nəticələr əldə ediblər, pis göstəriciləri olan rayonlar da nəticə çıxarmalıdır.

X X X

Kənd Təsərrüfatı naziri İnam Kərimovçıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bu gün aqrar sektorun bütün sahələri kimi, pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər verdiyiniz tapşırıqlar və qərarlar, təsdiq etdiyiniz müvafiq dövlət proqramı öz nəticəsini verməkdədir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

Builki yüksək nəticələr, ilk növbədə, Sizin bu sahəyə diqqətiniz və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, 2018-ci ildə xam pambığın fermerlərdən alış qiyməti hər ton üçün 150 manat artırılaraq 650 manata çatıb. Fermer satdığı hər ton xam pambığa görə dövlətdən 100 manat subsidiya alır. İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb.

Fermerlərə satılan pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata, mineral gübrələrin dəyərinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırılıb. "Aqrolizinq” ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli şərtlərlə dəstək göstərilib, gübrələrin səyyar formada yerlərdə və sahələrdə satışı həyata keçirilib. Bütünlükdə kənd təsərrüfatı texnikalarının alınmasına 40 faiz güzəşt tətbiq olunub. Ümumiyyətlə, ölkəmiz pambıqçılığın inkişafına göstərdiyi dəstəyə görə dünya üzrə aparıcı dövlətlərdən biridir.

Eyni zamanda, Sizin pambıqçılığın inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyduğunuz vəzifələrin icrası baxımından əməli tədbirlər həyata keçirilib, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq qurulub. O cümlədən pambıqçılıqla məşğul olan şirkət və fermerlərlə yerlərdə və sahələrdə 10-a yaxın iclas keçirilib, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilərək qərarlar qəbul olunub, tədbirlər planı hazırlanaraq icra edilib.

Cari ildə artımın yalnız yüksək məhsuldarlıq hesabına əldə olunması hədəf seçilib, pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb. Səpin vaxtında aparılıb, aqrotexniki tədbirlər vaxtında və düzgün icra edilib, fermerlərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün bütün rayonlarda preventiv tədbirlər görülüb. Texnikaların ərazilər üzrə səmərəli dislokasiyası təmin edilib, toxum, gübrə, su və dərman təminatında çatışmazlıqlar əsasən aradan qaldırılıb.

Şirkətlər tərəfindən pambığın qəbulu prosesində şəffaflığın və obyektivliyin qorunması üçün Aqrar İnkişaf mərkəzlərində xüsusi komissiyalar təşkil edilib, tədarük olunmuş pambığa görə fermerlərə vəsaitin vaxtında ödənilməsi təmin olunub. Pambığın kombaynla yığılmasına üstünlük verilib. Belə ki, yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilib.

2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.

Tərəfinizdən verilən tapşırıqların icrasını təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və əməkdaşları daim fermerlərin yanında olublar.

Möhtərəm cənab Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.

Bu rəqəmlər bir daha sübut edir ki, torpaq sahələri düzgün seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl olunduğu təqdirdə ölkədə orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı üçün potensial imkan mövcuddur.

Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub.

Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.

Məruzə edirəm ki, 2019-cu ildə istehsal olunmuş 294 min ton xam pambıqdan respublikanın pambıq emalı zavodları tərəfindən 114 min ton mahlıc istehsalı gözlənilir.

Qlobal çağırışlara uyğun olaraq, dəyər zənciri üzrə daha çox əlavə dəyərin yaradılmasına nail olmaq və daxili tələbatı yerli istehsal hesabına təmin etmək məqsədilə yeni iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinin dəstəklənməsinə, pambıqçılıq sahəsində son məhsulun ixracının stimullaşdırılmasına ehtiyac vardır.

Pambıqçılığın inkişafı istiqamətində kadr potensialının gücləndirilməsi də diqqət mərkəzindədir və növbəti illərdə də bu tədbirlər davam etdiriləcək.

Yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir.

Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.

2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, pambıqçılığın davamlı inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bütün kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü və yüksək ehtiramımızı bildiririk. Sizi əmin edirik ki, nazirliyin kollektivi etimadınızı doğrultmaq üçün qəbul etdiyiniz bütün qərarları və verdiyiniz tapşırıqları vaxtında və keyfiyyətlə icra edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev:Bu pilot layihələrlə bağlı bir qədər geniş məlumat verin. Siz deyirsiniz ki, Çin texnologiyası əsasında 60 sentner, türk texnologiyası əsasında 58 sentner. Biz təxminən eyni nəticə əldə etmişik. İndi bu, hansı sahələrdə əkilibdir və gələn il bu texnologiyaların tətbiqi hansı sahələrdə nəzərdə tutulur?

İnam Kərimov:Möhtərəm cənab Prezident, biz 60 sentner əldə etmişik, amma bu texnologiyaların potensialı daha da böyükdür. Çünki Azərbaycanda ilk dəfə tətbiq edildiyi üçün hətta müəyyən çatışmazlıqlar da olmuşdur. Burada əsasən əkin metodunun daha fərqli həyata keçirilməsi, bitki sıxlığının daha yüksək təşkil edilməsi, o cümlədən suvarmanın və alaq otlarına qarşı mübarizənin daha mütərəqqi metodlarla həyata keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev:Bu texnologiyaların geniş tətbiqi üçün nə etmək lazımdır?

İnam Kərimov:Biz artıq şirkətlərlə danışmışıq. Bu il bunu təkcə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmişdi. Amma gələn ildən həm MKT, həm "Azərpambıq”, həm də digər pambıq şirkətləri ilə artıq bu barədə razılığa gəlmişik. Hər biri öz sahəsində, yəni 100, hektardan az olmayaraq mütərəqqi Çin texnologiyası, o cümlədən türk texnologiyası vasitəsilə də bu pilot layihələri həyata keçirəcəkdir.

Cənab Prezident, bu yeni texnologiyalar daha bahalıdır, yəni, burada xərclər nisbətən çoxdur, amma məqsədimiz çəkilən xərcin və fermerin əldə etdiyi gəlirin onun üçün əlverişli olmasıdır. Yəni, biz bu pilot layihələri həyata keçirəndən sonra əgər fermerə xeyir etsə, əlbəttə ki, artıq bu, geniş tətbiq olunmağa başlanacaq.

Prezident İlham Əliyev:Bəlkə fermerləri də hansısa yolla həvəsləndirmək olar ki, onlar bu texnologiyaya daha tez keçsinlər.

İnam Kərimov:Eyni zamanda, şirkətlərlə yanaşı, planda var ki, bir neçə qabaqcıl fermerlə müqavilə bağlansın. Yəni, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında onlar bu mütərəqqi texnologiyaları tətbiq etsinlər. Hesab edirik ki, onların əldə etdiyi yüksək nəticələr və yüksək gəlirlər digər fermerlər üçün daha yaxşı nümunə ola bilər və bunun genişlənməsi bu yolla daha səmərəli ola bilər.

Prezident İlham Əliyev:Hesab edirəm ki, bu işi daha mütəşəkkil şəkildə həll etmək üçün gərək bu işə təkcə şirkətlər, fermerlər yox, eyni zamanda, mərkəzi icra orqanları, o cümlədən "Meliorasiya və Su Təsərrüfatı” ASC və yerli icra orqanları da fəal qoşulsunlar. Lazım olarsa, müxtəlif maarifləndirmə tədbirləri də keçirilməlidir. Pambıq əkilən rayonlarda bəlkə hansısa təqdimatlar keçirilsin, yəni, geniş təbliğ olunsun. Daha yüksək məhsuldarlığa nail olmaq üçün hansı konkret addımlar atılmalı olduğunu kəndlilər özləri də bilməlidirlər. Yerli icra orqanları da yerlərdə nəzarət etsinlər və yeni texnologiyalara keçidi də təmin etsinlər. Ona görə bunu fikirləşin və Prezident Administrasiyasına da göstəriş verirəm, yeni səpin mövsümünə qədər mənə məlumat verin ki, neçə min hektarda artıq yeni texnologiyalar tətbiq olunacaq.

X X X

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Son illərdə aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirdiyiniz tədbirlər insanların maddi rifahının yüksəldilməsinə, kəndlərimizdə böyük canlanmaya səbəb olub. Hazırda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq elmi əsaslarla sürətlə inkişaf edir və insanlarımızın güzəranına bolluq, əhval-ruhiyyəsinə nikbinlik gətirir. Torpaq mülkiyyətçiləri və fermerlər həvəslə sahələrdə əkin-biçinlə məşğul olur, istehsal etdikləri kənd təsərrüfatı məhsulları sayəsində həm öz ailələrinin həyatını, xoş güzəranını təmin edir, həm də ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər.

Bu gün Tərtər pambıqçılarının əldə etdiyi uğurlar öz başlanğıcını yaxın keçmişimizdən - ulu öndər Heydər Əliyevin birinci dəfə respublikamıza rəhbərlik etdiyi dövrdən götürür. Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verirdi. O zaman Heydər Əliyev Tərtər rayonunun təbii iqlim şəraitini, torpağının keyfiyyətini yüksək qiymətləndirərək, burada pambıqçılığın inkişafını daim diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi idi ki, 1981-ci ildə rayonumuzda pambıqçılıq öz inkişafının pik nöqtəsinə çatmış, 11 min hektardan çox sahədə pambıq əkilərək 43 min tona yaxın məhsul toplanmışdı. Orta məhsuldarlıq hər hektardan 39 sentner təşkil etmişdi. Yaşlı sakinlər Ümummilli Liderlə pambıq tarlalarındakı görüşlərini, bu qiymətli bitkinin becərilməsinə dair verdiyi tövsiyələri indi də minnətdarlıq hissi ilə xatırlayırlar.

Cənab Prezident, 2016-cı ildən başlayaraq Sizin tapşırığınız əsasında bu sahənin dirçəldilməsi üçün atdığımız addımlar məhz həmin illərdə qazanılmış zəngin təcrübəyə əsaslanır. Rayonumuzun pambıqçıları cari mövsümdə 3427 hektar sahədən 11 min 924 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub. Bu nailiyyət iqtisadi göstərici olmaqla yanaşı, həm də insanlarımızın öz Prezidentinin siyasətini ürəkdən dəstəkləməsinin bariz nümunəsidir. Onların vətənpərvərliyinin, Vətənə bağlılığının təcəssümüdür.

Mənfur qonşularımız becərmə dövründə işğal altındakı ərazilərdə yerləşən Sərsəng su anbarından Tərtər çayına gələn suyun qarşısını kəsdikləri üçün sahələrin suvarılmasında hər il çox böyük çətinliklərlə üzləşirik. Sizin tərtərlilərə göstərdiyiniz xüsusi qayğı nəticəsində sərəncamlarınızla hər il rayonumuzda yeni subartezian quyularının qazılması bu çətinlikləri qismən aradan qaldırır, kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Məlumat üçün bildirirəm ki, rayonda istismar olunan 531 subartezian quyusunun 150-si Sizin müvafiq sərəncamlarınızla son illərdə vurulan artezianlardır.

Fermerlərimizin gərgin əməyi sayəsində 2019-cu ilin doqquz ayında rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 62 milyon 983 min manat təşkil edib və bu da əvvəlki ilin müvafiq dövrünə nisbətdə 8 milyon 517,6 min manat çoxdur. Bunun 8 milyon manata yaxını yalnız pambıqçılıq sahəsindən əldə edilib. Bu sahənin inkişaf etdirilməsi ilə bağlı kənd camaatının məşğulluğunun təmin olunması insanlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Təkcə Tərtər rayonunda cari mövsümdə 3995 nəfər pambıq sahələrində çalışaraq evinə halal qazanc aparıb ki, bunlardan da 1800 nəfəri əllə pambıq toplayanlardır.

Cari ildə Tərtər rayonunda 2018-ci ilin məhsuluna görə 930 istehsalçıya emal müəssisəsinə təhvil verdikləri xam pambıq üçün dövlət büdcəsi hesabına 800 min manat subsidiya ödənilib. Bu il isə dövlət büdcəsi hesabına 1 milyon 200 min manata yaxın subsidiya ödəniləcək.

Möhtərəm cənab Prezident, Siz insanlara ləyaqətlə yaşayıb, zəhmətlə pul qazanmaq imkanı yaratdınız. Bunun nəticəsidir ki, fermerlərimizin pambıqçılığa olan marağı və gəlirləri ilbəil artır. Fermerlərimizdən Buruc kəndindən İlkin Qurbanov ötən il 12 min manat, cari ildə isə 12 dəfə çox - 144 min manat, Bəyimsarov kəndindən 1-ci dərəcəli "Əmək” ordenli Fazil Vəliyev ötən il 157 min manat, cari ildə 168 min manat, Azad Qaraqoyunlu kəndindən İsmayıl Mehdiyev ötən il 13,5 min manat, cari ildə 2,4 dəfə çox - 32,2 min manat gəlir götürüblər. Onların sahələrində hektarın məhsuldarlığı rayon səviyyəsindən də yüksək - 40-50 qazana edə bilərik.

Məhsuldarlığın yüksək olmasında texnikanın da müstəsna rolu var. Belə ki, əvvəlki illərdə texnika sarıdan çətinliklərimiz olurdu. Sizin son müşavirədəki tapşırığınızdan sonra bu sahədə ciddi dönüş yarandı. Cari mövsümdə rayonumuzda pambıqçılıq sahəsində 101 texnikadan - bunlardan da 11-i şum aparılmasında, 44-ü səpin və becərmədə, 15-i dərmanlamada istifadə olunub, 17-si isə müasir pambıqyığan kombaynlardır.

Bununla yanaşı, əkin sahələrinin düzgün seçilməsi, qış aratına qoyulması, vaxtında şumlanması, gübrələrin aqrotexniki qaydalara uyğun verilməsi və digər becərmə işlərinin düzgün təşkili son nəticədə yüksək məhsuldarlığı təmin edən amillərdir.

Rayonun sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, vətəndaşlarla daim ünsiyyətdə olmağa, onların problemlərini yerində öyrənib həll etməyə çalışırıq. Sizin yeni təyin olunan icra başçılarını qəbul edərkən onlara və eləcə də bütün rayonların icra başçılarına verdiyiniz "Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız” tapşırığınız hazırda bizim fəaliyyətimizin əsas istiqamətini təşkil edir.

Möhtərəm cənab Prezident, Siz Tərtərdə olarkən pambıqçılarımızın təcrübəsinin yayılmasını tövsiyə etmişdiniz. Bu, bizim zəhmətimizə verdiyiniz çox yüksək qiymətdir. Sizi bir daha əmin edirəm ki, bu, son hədd deyil. Tərtərlilər bundan sonra da öz əmək nailiyyətləri ilə ölkəmizin iqtisadi qüdrətinin artmasına töhfə verəcəklər.

Diqqətinizə görə çox sağ olun.

Prezident İlham Əliyev:Çox yaxşı. Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdılar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir. Mən ona görə rayonların adlarını çəkdim ki, hər kəs bilsin harada nə qədər məhsuldarlıq var. Bəzi təsərrüfatlarda siz deyirsiniz ki, 40-50 sentner məhsul götürülübdür, deməli, biz bu hədəfə də yaxınlaşmalıyıq. Ona görə növbəti səpin mövsümünə qədər bütün bu işlər geniş təhlil olunmalıdır. Harada ki, məhsuldarlıq yüksəkdir, təsərrüfatlarda orta məhsuldarlıqdan daha yüksəkdir, o təcrübə öyrənilməlidir. Ola bilər ki, zona müşavirələri də keçirilsin. Bu sahədə həm kadr hazırlığı, maarifləndirmə, yeni texnologiyalar ən yüksək standartlara cavab verməlidir. Çünki bizim əlavə torpağımız yoxdur. Biz 100 min hektarı ancaq pambıqçılığa ayırmışıq və hesab edirik ki, bu, kifayətdir. Ancaq biz məhsuldarlıq hesabına tədarükü də artırmalıyıq.

X X X

"MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Azərbaycanın iqtisadiyyatının inkişafının sürətləndirilməsi strategiyasının özünü tam şəkildə doğrultduğunu görmək üçün bu gün ölkənin iqtisadi fəaliyyətinin nəticələri və təhlilinə nəzər salmaq kifayət edir. Qazandığımız uğurlar Sizin tərəfinizdən irəli sürülən, ümummilli liderimiz Heydər Əliyev ideyalarına söykənən yeni sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirildiyini nümayiş etdirir, ölkəmizin iqtisadi qüdrətinin sürətlə artmasını, xalqımızın rifah halının yüksəlməsini, dövlətimizin müdafiə qabiliyyətinin və beynəlxalq aləmdə nüfuzunun getdikcə möhkəmlənməsini təmin edir. Sizin təşəbbüs və tapşırıqlarınızın icrası olaraq son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Ölkəmizin ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan pambıqçılığın xüsusi nəzarətinizdə olması bu sahənin inkişafı üçün möhkəm zəmin yaradıb.

Hörmətli cənab Prezident, "MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafında qarşıya qoyulan hədəfləri uğurla yerinə yetirməkdədir. Belə ki, cari ildə 10 min fermerlə bağlanmış müqavilə əsasında 45 min 763 hektar sahədə pambıq əkilib, tədarük mövsümü ərzində kondisiya çəkidə ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib. Sizin tapşırığınızı əsas götürərək şirkətimiz yüksək məhsuldarlıq göstəricilərinə nail olmağı hədəfləyib, aqrotexniki tədbirlərin yüksək səviyyədə təşkili və vaxtında yerinə yetirilməsi hesabına hər hektardan 31,9 sentner orta məhsuldarlıq əldə edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner artıqdır. Tədarük mövsümü ərzində qəbul edilmiş xam pambığın dəyəri olaraq bütün xərclər çıxılmaqla, fermerlərə ümumilikdə 44 milyon manatdan artıq vəsait ödənilib ki, bu da şirkətimizin əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması istiqamətində ölkə iqtisadiyyatına verdiyi töhfənin bariz göstəricisidir.

Məlumat üçün bildirmək istəyirəm ki, hər hektara düşən mahlıc çəkisinə görə dünya ölkələrinin məhsuldarlıq göstəricilərinin sıralamasında şirkətimiz əldə etdiyi nəticə ilə Amerika, Hindistan, Özbəkistan kimi pambıqçılıqda söz sahibi ölkələrin nəticələrini geridə qoyaraq ilk onluqda qərarlaşıb. Bu, müəyyənləşdirilən strategiyanın, verilən tapşırıqların və onların icrasının düzgünlüyünün məntiqi nəticəsidir.

2019-cu ildə pambığın məhsuldarlığının yüksəldilməsi məqsədilə dövlətimizin dəstəyi sayəsində gübrələrin hər hektar üçün norması artırılıb. Fermerlərin və ərazi nümayəndələrinin təlimatlandırılması, onların işlərinin əlaqələndirilməsi üçün aqronomiya idarəetmə strukturu təkmilləşdirilib. Fermerlərlə müqavilə bağlanması zamanı GPS vasitəsilə sahələrin ölçülməsi və onların elektron xəritəsinin hazırlanması həyata keçirilib. Hazır məhsulun keyfiyyətinin yüksəldilməsi, emal gücünün və mahlıc çıxımının artırılması məqsədilə Bərdə, Beyləqan, Ağcabədi və İmişli pambıq emalı zavodları dövlətimizin verdiyi subsidiyadan yararlanaraq yenidən qurulub, xam pambıq və hazır məhsulun saxlanılması üçün infrastruktur yaxşılaşdırılıb.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövsüm boyu pambıqçılıq daim diqqət mərkəzində olub, 10-a yaxın müşavirə keçirilərək şirkətin və fermerlərin problemləri yerində dinlənilib və həlli istiqamətində qətiyyətli addımlar atılıb ki, bu da əldə edilən nəticədə müsbət rol oynayıb.

Pambıq və pambıq məhsulları istehsalında innovativ yanaşmanın tətbiqi, yüksəkkeyfiyyətli gübrə və pestisidlərdən, ən müasir texnika və texnologiyadan istifadə edilməsinin, kadrların ixtisas səviyyəsinin artırılmasının nəticəsi olaraq şirkətimizin istehsalı olan pambıq məhsulları yüksək keyfiyyəti ilə xarici bazarlarda öz yerini tutub və bu, ölkənin xarici ticarət dövriyyəsində əksini tapıb. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin ilk 10 ayının nəticələrinə görə, qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi siyahısında "MKT İstehsalat Kommersiya” MMC üçüncü yeri tutub. Şirkətimizin 10 ayda ixrac gəlirləri 50,5 milyon ABŞ dolları olub və ilin sonunadək bu rəqəmin 70 milyon ABŞ dollarını keçəcəyi gözlənilir.

Möhtərəm cənab Prezident, pambıqçılığa göstərdiyiniz xüsusi diqqət və qayğı ölkəmiz üçün ənənəvi olan bu kənd təsərrüfatı sahəsinin sürətli inkişafına təkan verib. 2020-ci ildə də "MKT İstehsalat Kommersiya” MMC öz ənənəsinə sadiq qalaraq ölkə üzrə nümunəvi göstəricilər əldə etməyi qarşısına hədəf qoyub. Biz artıq yeni mövsümə hazırlıq işlərinə başlamışıq. 2020-ci ilin pambıq əkini üçün 5807 fermerlə 27 min 231 hektar sahə üzrə müqavilə bağlanıb, 20 min hektardan artıq sahədə şum işləri aparılıb. Pambıqçılığın inkişafında qarşımıza qoyulan məqsədə nail olmaq üçün innovativ yanaşma, kadrların peşəkarlıq səviyyəsinin artırılması, pambıqçılığın daha yüksək inkişaf etdiyi ölkələrin təcrübəsinin öyrənilərək tətbiqi istiqamətində davamlı addımlar atmağı planlaşdırırıq. Bu il olduğu kimi, 2020-ci ildə də yeni növ pambıq toxumlarının təcrübə sahələrində əkilməsi, toxum sortlarının rayonlaşdırılmasının araşdırılması, damcı suvarma və tirəyə əkin kimi yeni metodların sınanması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində birgə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Əminəm ki, bu və digər addımlar tərəfinizdən daim göstərilən dəstək sayəsində pambıqçılığın inkişafı üçün qarşımıza qoyduğunuz məqsədlərə çatmaqda öz töhfəsini verəcək.

Hörmətli cənab Prezident, ölkəmizin bütün pambıqçıları, o cümlədən çoxsaylı və zəhmətkeş kollektivimiz adından bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edir və əmin edirik ki, verdiyiniz bütün tapşırıqların tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsi üçün bütün səylərimizi bundan sonra da səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev:Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?

Rövşən Həsənov:Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.

Prezident İlham Əliyev:Avstriyada da pambıq yetişdirilir?

Rövşən Həsənov:Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.

Prezident İlham Əliyev:Orada nə qədərdir məhsuldarlıq?

Rövşən Həsənov:Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.

Prezident İlham Əliyev:İndi yeni texnologiyalar, - artıq nazir də bu barədə danışdı, - sizdə də tətbiq olunur. Gələn il hansı sahədə onun tətbiqi nəzərdə tutulur?

Rövşən Həsənov:Cənab Prezident, bu, Çin texnologiyası və türk texnologiyası dediyimiz texnologiyalardır. Bərdə rayonunun Ləmbəran kəndində artıq bir sahə ayrılıb, orada damcı suvarma sistemləri qurulacaq. Həmin o iki sistemdən də orada təcrübə sahəsi olaraq bu il istifadə ediləcək.

Prezident İlham Əliyev:Yəni, gələn il də bu, elə pilot layihə kimi nəzərdə tutulur, yoxsa, artıq bunun əkin sahəsi genişləndiriləcək?

Rövşən Həsənov:Bu, bizim şirkət üçün pilot layihəsi olacaq, cənab Prezident. Biz, ondan əlavə, pivot suvarma sistemlərindən artıq üç ildən çoxdur istifadə edirik. İndi 4 min hektardan çox sahədə artıq hər il pivot suvarma sistemlərindən istifadə olunur.

Prezident İlham Əliyev:Dörd min, amma sizin əkin sahəniz 45 mindir. Yəni, 10 faiz ancaq pivotun altındadır. Onu da genişləndirmək lazımdır.

Gələn il hansı məhsuldarlığı hədəfləyirsiniz? Demək olar indidən?

Rövşən Həsənov:Cənab Prezident, istənilən halda məhsuldarlığımızın bu ildəkindən daha çox olmasını hədəfləyirik. Ən azı, yəni, bu il göstərilən hədəfin üzərinə çıxacağıq.

Prezident İlham Əliyev:Yaxşı.

x x x

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz, böyük diqqət və qayğınız sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi də son 16 ildə böyük inkişaf yolu keçib. Sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni 4 su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma və kollektor-drenaj şəbəkələri tikilib və bərpa edilib, 2200-dən artıq subartezian quyusu qazılıb, ümumilikdə, 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.

2019-cu ilin kəskin quraq və isti keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər edilərək irriqasiya və meliorasiya sistemlərinin normal istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılıb.

Əvvəlki illərdə daha böyük sahələrdə pambıq əkini aparılsa da, sahələr düzgün seçilmədiyindən, qış otlaq sahələrində, suvarma şəbəkələri olmayan ərazilərdə pambıq əkinləri aparıldığından yekunda kifayət qədər məhsul istehsalına nail olunmurdu. Sizin tapşırığınıza əsasən, ötən illərdən fərqli olaraq, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə ötən ilin payız aylarından başlayaraq 2019-cu ilin pambıq əkinləri üçün əsasən suvarma şəbəkələri olan sahələr seçilib və əkinlər həmin sahələrdə aparılıb.

Pambıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yüksək məhsul istehsalına nail olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Səhmdar Cəmiyyətin mütəxəssislərinin, pambıqçılıqla məşğul olan aidiyyəti qurumların, fermerlərin və torpaq mülkiyyətçilərinin iştirakı ilə geniş müşavirələr keçirilib. Həmin müşavirələrdə sahədə olan vəziyyət araşdırılıb, çatışmazlıqlar və problemlər ətraflı müzakirə edilib, onların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib və qarşılıqlı əməkdaşlıq şəraitində onların həllinə nail olunub.

Cari ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarma və kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib.

Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar Sizin tapşırığınıza əsasən, ötən ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, cari ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində pambıq sahələri ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Möhtərəm cənab Prezident, Sizin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyət meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması və sahələrin genişləndirilməsi istiqamətlərində əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də fəaliyyətini davam etdirib.

Cari ildə respublikada 20 min hektara yaxın ərazidə yaradılmış 10 aqroparkdan 4-ü pambıqçılıq rayonlarının payına düşür.

Eyni zamanda, Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb.

Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin son hissəsinin tikintisi işlərinin başa çatdırılması ilə Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Keçən əsrin 80-ci illərində tikintisi yarımçıq qalmış Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür çayı üzərində yerləşən nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilib.

Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün 2018-ci ildə Araz çayının beton üzlük çəkilmiş Yeni qol kanalından suvarma sahələrinə suyun paylanması məqsədilə 115 kilometr paylayıcı kanalların tikintisi cari ildə başa çatdırılıb.

Sizin tapşırığınıza əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılıb.

Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu, - onlardan 160 ədədi pambıqçılıq rayonlarının ərazilərində, - qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb.

2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür.

Tapşırığınıza əsasən, 2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub. Hazırda mütəxəssislərimiz tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birlikdə həmin quyuların yerlərinin seçilməsinə və layihələrinin hazırlanmasına başlanılıb.

Möhtərəm cənab Prezident, tapşırığınıza əsasən mövcud potensiallardan, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə sahənin intensiv və ekstensiv inkişafının təmin edilməsi məqsədilə mövcud suvarma şəbəkələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, torpaq məcralı kanalların beton üzlüyə alınması, istismar müddətini başa vurmuş nov kanallarının yenisi ilə əvəz edilməsi, suvarmada müasir texnologiyaların tətbiq olunması və suvarılan torpaqların genişləndirilməsi barədə Səhmdar Cəmiyyət tərəfindən İqtisadiyyat Nazirliyinə müvafiq təkliflər təqdim edilib və hazırda onlara baxılır.

Möhtərəm cənab Prezident, biz 16 ildir şahidiyik ki, Sizin rəhbərliyiniz altında həyata keçirilən hər bir tədbir bu və ya digər sahənin intensiv inkişafını, bu sahədə böyük dönüşün baş verməsini təmin edən səfərbəredici qüvvəyə malikdir. Son illərdə pambıqçılıqla bağlı keçirdiyiniz müşavirələr bunu bir daha sübut edir. Çünki Siz təkcə qarşıya tələblər qoymaqla kifayətlənmir, sahənin inkişafı üçün lazım olan dövlət dəstəyini ən yüksək səviyyədə təmin edirsiniz. Nəticələr göz qabağındadır: 294 min ton Azərbaycan pambığı.

Respublika melioratorları Sizi əmin edirlər ki, pambıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bundan sonra da daha böyük səylə çalışacaqlar.

Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Gələn il pambıqçılıqla bağlı hansı planlarınız var? Su ilə təmin edəcəksinizmi?

Əhməd Əhmədzadə:Şirvan və Mil-Muğan düzlərində suvarma dövriyyəsinə daxil olmayan torpaqlarımız var ki, əsas o işləri davam etdirəcəyik. İndi Sabirabadda çox böyük sahələr var, 14 min hektara yaxını yeni sahədir.

Prezident İlham Əliyev: Onu biz həll etdik.

Əhməd Əhmədzadə:Bəli, onu nasos stansiyalarında Sizə göstərmişdim, tikilib qalırdı. Çox böyük işdir, Sabirabad üçün çox böyük tədbirdir. "H” kanalını Siz çəkdirdiniz, onların 12 min hektar sahəsini su ilə təmin edir.

Prezident İlham Əliyev:Bəli, mən Sabirabadda olarkən fermerlər müraciət etdilər, vəsait ayırdıq və həll etdik. O problem artıq həll olunub.

Əhməd Əhmədzadə:Sizin tapşırığınıza əsasən Salyan yolundakı sahəni araşdırdıq. Salyanla o biri rayonların əhatəsinə, Cəlilabada qədər olan hissədə 32 min hektar torpaq var.

Prezident İlham Əliyev:Əlbəttə, yeni tras ki çəkildi, o trasın sağı-solu istifadə olunmamış, yəni, heç vaxt əkilməmiş torpaqlardır. Əgər orada meliorativ tədbirlər görülərsə, biz onları da dövriyyəyə cəlb edə bilərik.

Əhməd Əhmədzadə:Sizin tapşırığınızla biz iki layihəni - 12 minlik Salyan layihəsini 20 minlik layihə ilə birləşdirdik. İndi kanalların sugətirmə qabiliyyətini, nasos stansiyalarının gücünü artırmaqla bir bölgədə 32 min hektar yeni suvarılan sahələr yaxın vaxtlarda istifadəyə veriləcək.

Prezident İlham Əliyev:Salyanın icra başçısı da məlumat versin. O sahələr pambıq üçün yararlıdırmı?

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov:Su ilə təmin edilsə, gələcəkdə istifadə oluna bilər.

Prezident İlham Əliyev: Bəs, indi oraya əmək resursları cəlb etmək olarmı, o yerlərdə yaşayış məntəqələri yoxdur.

Sevindik Hətəmov:Yaşayış məntəqələri yoxdur, amma torpaqlar var.

Əhməd Əhmədzadə:Yaxındadır, cənab Prezident. Keçən il Salyan həmin ərazidən istifadə etmişdi, bir az pambıq əkmişdi, heç 3-5 sentner götürə bilmədilər. Amma meliorasiya olunan torpaqda 30 sentner götürürlər.

Prezident İlham Əliyev:Bəli, 33,2 sentner və üçüncü yerdədir. Quraqlıq bu il bizə həddindən çox problem yaratdı.

Əhməd Əhmədzadə:Quraqlıqla mübarizə aparmaq üçün yalnız mövcud su potensialımızdan səmərəli istifadə etmək lazımdır. Sağ olun, bu yaxınlarda Siz əlavə vəsait ayırmağı tapşırdınız, onun hesabına nasosların, subartezian quyularının işləməsini artıq təmin edirik, yerlərdə problem aradan qalxır. Bu sahəyə kömək göstərmək üçün alternativ variantlar kimi kollektor-drenaj sistemlərinin suyundan da istifadəni nəzərdə tuturuq. İl ərzində təqribən 100 kubmetrə yaxın o sulardan istifadə olunacaq. Əvvəllər az istifadə olunub, amma bu il belə nəzərdə tuturuq. Ancaq əsas məsələ qənaət rejimində işləmək, suvarmanı düzgün təşkil etməkdir. Məhsuldarlığa baxsaq, cənab Prezident, bu il o rayonların məhsuldarlığı yuxarıdır ki, orada doğrudan da su çətinliyi var. Mənfur qonşular Tərtər rayonunun suyunu kəsiblər, ancaq artezianların hesabına məhsul 35 sentnerə yaxın olub.

Prezident İlham Əliyev:Elədir, artezianların çox böyük faydası oldu. Biz son illərdə təqribən 1500-ə yaxın artezian quyusu qazdıq.

Əhməd Əhmədzadə:İndi tapşırıq verdiniz, bu il daha 400 artezian quyusu qazılacaq.

Prezident İlham Əliyev:Gələn il 400.

Əhməd Əhmədzadə:Gələn il üçün.

Prezident İlham Əliyev: Bu il 300 idi.

Əhməd Əhmədzadə:Bu il 345 idi, Sizin verdiyiniz tapşırıqla ümumi götürəndə 345 olur.

Prezident İlham Əliyev:Bəli, gələn il 400 quyu da böyük xeyir gətirəcək.

X X X

"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlar üçün münbit şəraitin yaradılması, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaradılıb.

Hörmətli cənab Prezident, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ilin mayında təşkil olunub, 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, 1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda yerləşən pivot suvarma qurğuları ilə təchiz edilmiş təcrübə-sınaq mərkəzindən ibarətdir. Cəmiyyət tərəfindən 2019-cu ildə 4481 fermerlə müqavilə imzalanıb, 29 min hektar sahədə pambıq əkilib. Pambığın əkilib-becərilməsində elmi yanaşma, növbəli əkin sistemi, müasir texnologiyaların tətbiqi ilə intensiv inkişaf, məhsuldarlığın yüksəldilməsi və keyfiyyətli pambıq istehsalı əsas məqsədlərdəndir.

Cari ildə tərəfimizdən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, istehsalat fəaliyyəti, satış, təchizat və korporativ idarəetmə sahələri üzrə tədbirlər planı, o cümlədən rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. Fermerlərin elektron reyestri yaradılıb, pambıq əkilmiş sahələr ölçülərək xəritələnib və vahid coğrafi məlumat bazası yaradılıb. "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi ilə "Azərkosmos” ASC-yə məxsus "Azərsky” peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqi aparılıb. Layihə çərçivəsində suvarmanın, bitkinin cücərməsinin və inkişafının müqayisəli təhlilləri həyata keçirilib, əldə edilmiş nəticələrə uyğun olaraq tədbirlər görülüb. Tələbata uyğun olaraq yüksəkkeyfiyyətli pambıq toxumu, gübrə və bitki mühafizə vasitələrinin seçimi və tədarükü istiqamətində işlər aparılıb. Pambıq əkini və becərmə dövründə fermerlərin maariflənmə tələbatını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tərəfimizdən müxtəlif bölgələrdə xaricdən dəvət edilmiş mütəxəssislər, həmçinin yerli aidiyyəti qurumların nümayəndələri, aqronomlar və fermerlərin iştirakı ilə seminarlar və müşavirələr təşkil edilib. Çox vacib amil odur ki, bizim maddi-texniki bazamız güclənib. Biz, bu iki il ərzində "Azərpambıq” MMC-nin istifadəsinə 753 texnika, o cümlədən 45 kombayn, 201 traktor və 507 müxtəlif təyinatlı qoşqular vermişik ki, bunlar da birmənalı olaraq məhsuldarlığın artmasına təsir edir.

Müəssisənin qarşısında duran ən önəmli vəzifələrdən biri də şəffaf və dolğun uçot sisteminin qurulması idi. Bu elektron sistem üzərindən maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin müvafiq modullar vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi təmin edilir. Əlavə olaraq maliyyə axınları üzərində mərkəzləşdirilmiş nəzarətin və şəffaflığın təmin edilməsi üçün elektron bankçılıq platforması tətbiq olunub.

Hazırda pambıq tədarükü mövsümü yekunlaşıb və pambığın emalı prosesi başlayıb. 2018-ci ildə 29 min hektarda əkin aparmışdıq və 56600 ton xam pambıq əldə etdik. Bu il Sizin ekstensiv qaydalardan intensiv və innovativ qaydalara keçmək tapşırığınızı rəhbər tutaraq 2019-cu ildə əkin sahələrinin miqdarını eyni - 29 min hektarda saxlamaqla 80 min ton xam pambıq yığmışıq. Biz ilin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir.

Emal zavodlarının istismara buraxılışı əsasən 2004-2008-ci illəri əhatə etdiyindən onların modernləşdirilməsi və yenidən qurulmasına ciddi tələbat var. Bu məqsədlə ilkin olaraq "Azərpambıq” MMC-nin vəsaiti hesabına Ağcabədi rayonunda günlük emal gücü 200 ton xam pambıq olan yeni pambıqtəmizləmə zavodu demək olar ki, sıfırdan quruldu və bu ayın sonunadək istismara veriləcək. Bu da imkan verəcək ki, yığdığımız 80 min xam pambığı tam emal edək.

Mahlıcın keyfiyyətini yüksəltmək məqsədilə Ağcabədi, Beyləqan, Biləsuvar, Saatlı zavodları qaz və qurutma qurğuları ilə təmin edilib. Gələcək illərdə tələbata görə mövcud zavodların modernizasiyası və ya yenilənməsi planlaşdırılır. Görüləcək işlər yüksəkkeyfiyyətli və rəqabətli mahlıc və yağ istehsalına imkan verəcək.

İnkişaf strategiyasının digər istiqaməti müasir avadanlıqlarla təchiz olunmuş tekstil fabrikinin qurulmasıdır ki, bu da mahlıcın son məhsula çevrilməsini, əlavə dəyərin yaradılmasını, gəlirlərimizin artmasını təmin edəcək. Pambıq mahlıcından yüksəkkeyfiyyətli iplik və parça istehsalının təşkili həm dəyər zəncirinin artmasına, həm də yeni iş yerlərinin yaranmasına xidmət edəcək. Hazırda bu istiqamət üzrə işlər gedir, araşdırmalar və hesablamalar aparılır.

Kənd təsərrüfatının müvafiq sahələri üzrə peşəkar gənc kadrların hazırlanması Korporasiyanın ən vacib vəzifələrindən biridir. Bu məqsədlə "Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında memorandum imzalanıb. Məqsədimiz aqrar sahədə, o cümlədən pambıqçılıq sahəsində birgə elmi tədqiqatlar aparmaq, tələbələrin biznes ideyalarını, innovativ təşəbbüslərini dəstəkləmək və nəticədə pambıqçılığı və digər sahələri ixtisaslaşmış kadrlarla tam təmin etməkdir.

Artıq yeni mövsümə hazırlıq işlərinə başlanılıb. Hazırda 2661 fermerlə müqavilə imzalanıb. Bu, 16 min hektar sahəni əhatə edir. Biz 9700 hektarda çöp doğrama işləri aparmışıq və 7300 hektarda şum işləri aparılıb.

Dövlət proqramlarından irəli gələn, respublikada pambıqçılığın inkişafı üzrə qarşıya qoyulan vəzifələrin icrasında üzərimizə düşən məsuliyyəti dərk edərək bütün tapşırıqların tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsi üçün bundan sonra da var gücümüzlə çalışacağıq.

Hörmətli cənab Prezident, icazə verin, pambıqçılığa göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə çoxsaylı kollektivimizin minnətdarlığını çatdırım.

Diqqətinizə görə çox sağ olun.

Prezident İlham Əliyev:Tekstil fabrikinin tikilməsi ilə bağlı siz hansısa ciddi təhlil aparmısınızmı?

Kamran Nəbizadə:Bəli, cənab Prezident, təhlillər aparılıb. Biz hesablamalar aparmışıq və bütün hesablamalar hazırdır ki, yeni fabrikin tikilməsi neçəyə başa gələcək, orada 30 və 40 seriyalı ipliklərin istehsalı təmin olunmalıdır, çünki onlar daha əlverişli və yüksək qiymətə satılır, ixrac olunur.

Prezident İlham Əliyev:Məhsuldarlıqla bağlı siz deyirsiniz ki, 25 sentner nəzərdə tutulurdu, 27,6 sentner əldə edilib. Ancaq bu, MKT-dən aşağı göstəricidir. Ona görə siz də çalışmalısınız ki, 30 sentnerə yaxınlaşasınız. Çünki bizim əsas tədarükçülər MKT və Azərbaycan Sənaye Korporasiyasının törəmə şirkəti olan "Azərpambıq”dır. Bu iki şirkət birlikdə 225 min ton pambıq tədarük edib, 294 minin 225 min tonunu. Əkin sahələri də 75 min hektardır. Yəni, bizim pambıqçılıqla məşğul olan bu iki şirkətdir, biri dövlət şirkəti, biri özəl şirkət. Rəqəmlər göstərir ki, özəl şirkət məhsuldarlıqla bağlı daha səmərəli işləyir. Bunun, əlbəttə, bir izahı ola bilər ki, "Azərpambıq” indi yeni əsaslarla qurulur, əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Yeni şirkət olaraq əlbəttə ki, müəyyən qədər vaxt lazımdır. Ancaq bu ilin təcrübəsi geniş təhlil edilməlidir, həm müsbət təcrübə, həm də ki, mənfi təcrübə. Müsbət təcrübə ona görə ki, o səviyyəyə çatmamış təsərrüfatlar və rayonlar ümumi məhsuldarlığın səviyyəsinə çatmağa çalışsınlar. Mənfi təcrübə də ciddi təhlil olunmalıdır ki, gələcəkdə bu pozuntulara və məsuliyyətsizliyə yol verilməsin.

XXX

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bugünkü müşavirə Sizin rəhbərliyinizlə regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının uğurla icra edildiyi, yeniləşmə, müasirləşmə və geniş islahatların həyata keçirildiyi əlamətdar bir dövrə təsadüf edir.

Yeni Dövlət Proqramı, həyata keçirilən tədbirlər regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verib, digər sahələrlə yanaşı, qeyri-neft sektorunun, o cümlədən strateji sahə olan kənd təsərrüfatının inkişafında da əsaslı dönüş yaradıb.

Sizin böyük uzaqgörənliklə irəli sürdüyünüz "Strateji Yol Xəritəsi”nə uyğun olaraq, istifadəsiz torpaqların əkin dövriyyəsinə qaytarılması, görülən meliorativ tədbirlər, su təchizatının yaxşılaşdırılması, yeni aqroparkların yaradılması, ən müasir texnika ilə təchizat, yeni aqrotexniki üsulların tətbiqi, ən əsası, əmək adamlarına olan yüksək dövlət qayğısı bu yüksəlişi şərtləndirən əsas cəhətlərdir. Məhz bunun nəticəsidir ki, pambıqçılıq, baramaçılıq, meyvə, tərəvəz istehsalında və digər sahələrdə 2019-cu ildə əvvəlki illərlə müqayisədəki fərq faizlə deyil, dəfələrlə ölçülür.

Cənab Prezident, respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdədə də digər sahələrlə yanaşı, pambıqçılıqda sürətli inkişaf dinamikası var. 2015-ci ilə nisbətən 2019-cu ildə pambıq əkini sahəsi 9 dəfə, pambıq istehsalı 12 dəfə artıb.

Sizin Ulu Öndər dövründəki ənənəni davam etdirərək son pambıqçılıq müşavirəsini Bərdədə keçirməyiniz, pambıqçılarla səmimi görüşünüz, verdiyiniz tapşırıq və tövsiyələr Bərdə pambıqçılarında əmək coşqunluğunu daha da artırıb və Sizə söz verdiyimiz kimi, bərdəlilər öz ənənəsinə sadiq qalaraq 2018-ci və 2019-cu illərdə pambıq yığımını ən yüksək məhsuldarlıqla başa çatdırıblar.

Müqayisə üçün bildirirəm ki, bu il Bərdədə 2018-ci ildəkindən 510 hektar çox - 10140 hektar sahədə pambıq əkilib, indiyədək ötən ildəkindən 8,6 min ton çox – 34150 ton pambıq tədarük edilib. Məhsuldarlıq ötən il 26,4 sentner olduğu halda, bu il 33,7 sentnerdən çox olub.

Möhtərəm cənab Prezident, Sizin daim qeyd etdiyiniz kimi, pambıq ölkəyə valyuta gətirən, respublikada sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Məhz buna görədir ki, əhalinin torpağa bağlılığı daha da artıb, 2019-cu ildə kənd təsərrüfatı sahəsində 38 min nəfərdən çox, təkcə pambıqçılıq sahəsində 20 min nəfərə yaxın sakinimiz işə cəlb edilib.

Sevindirici haldır ki, son dövrlər keyfiyyətli dərmanların tətbiqi, yeni müasir texnikalarla təminat, subsidiyalarda yeni qaydaların tətbiqi, bütövlükdə dövlətin pambıqçılığa göstərdiyi dəstək, əmək adamlarına olan diqqət və qayğı pambıqçılığa marağı daha da artırıb. Bu səbəbdən qabaqcıl fermerlərin də sayı ilbəil artır.

Cari ildə pambıqçılıqdan rayona 22,9 milyon manatdan çox vəsait daxil olub, həmçinin subsidiya hesabına əlavə 3,4 milyon manat vəsait də daxil olacaq ki, bu da ümumilikdə 26,3 milyon manat təşkil edir. Bu vəsaitin 21 milyon manatı əmək adamlarına çatan xalis qazancdır.

Cari ildə rayonda digər təsərrüfat sahələrində də yüksək göstəricilər əldə edilib. Bu il taxıl tədarükündə də respublikada ən yüksək məhsuldarlıq məhz Bərdə rayonunda olub.

Cənab Prezident, yeri gəlmişkən bir faktı da qeyd edim. Biz həmişə elə hesab edirik ki, təkcə pambıqçılıqda, baramaçılıqda, konkret bu sahələrdə inkişaf var və yaxud da çox məhsul götürülür. Mən haşiyə çıxıb demək istəyirəm ki, təkcə bu il Bərdədə soğan əkinindən bərdəlilər 13 milyon manat xalis qazanc götürdülər. Bu, nəyin hesabınadır? Məhsuldar torpaqları istifadəyə verməyin hesabına və eyni zamanda, mən açığını deyirəm ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin, "Azərsu” və digər təşkilatların bütün strukturlarının əlçatan olmasının nəticəsində. Soğana tətbiq olunan gömrük ixrac rüsumunun Sizin göstərişinizlə bir günün içərisində ləğv olunması soğanın bir kisəsinin qiymətini 4 manatdan 44 manata qaldırmışdı. Bərdəlilər bu il dörd xarici ölkəyə soğan ixrac ediblər. Artıq digər sahələrdə də yüksək göstəricilər əldə olunmaqdadır.

Prezident İlham Əliyev:Taxılçılıqda məhsuldarlıq nə qədərdir?

Vidadi İsayev:Taxılçılıqda 44,3 sentner. Respublikada ən yüksək göstəricidir. Bərdənin tarixində heç vaxt bu qədər göstərici olmayıb. Cənab Prezident, müqayisə üçün deyim ki, 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı rayon iqtisadiyyatının 40 faizini təşkil edirdisə, hazırda bu göstərici 55 faizə yüksəlib.

Pambıqçılığa hərtərəfli dövlət qayğısını, əməyinin nəticəsini görən rayon fermerləri son bir ayda artıq yeni mövsümdə 9000 hektardan çox sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamışlar və yaxın vaxtlarda bu tamamlanacaq.

Sizin tapşırığınızla gələn il də əkin üçün yüksək məhsul verəcək ən münbit torpaqlar seçilib. Hədəfimiz rayon üzrə 10 min hektardan çox pambıq əkərək məhsuldarlığı hər hektardan 35 sentnerə çatdırmaqdır. Sizin "Harada ki, işlərə ciddi yanaşırlar məhsuldarlıq yüksəkdir” fikriniz bundan sonra da məni və həmkarlarımı bu sahəyə daha ciddi yanaşmağa səfərbər edəcək.

Cənab Prezident, zəhmətkeşlərin əməyini yüksək qiymətləndirməyiniz onlara böyük stimul verir. Sizin ötən il hər hektardan 42,5 sentner pambıq tədarük etmiş fermer Elman Nərimanovu 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif etməyiniz bütün bərdəlilərin əməyinə verilən yüksək qiymətdir.

Yeri gəlmişkən, icazə verin, bərdəlilərin səmimi bir etirafını da Sizin ali diqqətinizə çatdırım. Yerlərdə əhali ilə keçirilən qəbul-görüşlər zamanı müxtəlif təbəqələrdən olan insanlar minnətdarlıq edərək bildirirlər ki, möhtərəm Prezidentimizin sayəsində pambıqçılıq və baramaçılıqdan əldə olunan gəlir təkcə həmin sahənin adamlarının deyil, bizim hər birimizin həyat səviyyəsinin yüksəldilməsinə, alıcılıq qabiliyyətinin artmasına təkan verib.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınızla bütün ölkəmizdə olduğu kimi, Bərdə rayonunda da kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənir. Cari ildə rayonda regional yun qəbulu müəssisəsi, tutumu 15 min ton olan yeni pambıq qəbulu məntəqəsi tikilib istifadəyə verilib, ilkin barama emalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Qarğıdalı emalı zavodunun, daha bir pambıq qəbulu məntəqəsinin tikintisi üçün hazırlıq işləri aparılır.

Həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində ixtisaslı peşə kadrlarının çatışmazlığının aradan qaldırılması ilə əlaqədar verdiyiniz tapşırığa əsasən, minnətdarlıq hissi ilə bildirirəm ki, rayonda smeta dəyəri təxminən 26 milyon manat olan 12 peşə ixtisası üzrə 1000 yerlik Regional Peşə Təlim Mərkəzinin tikintisinə başlanıb və tikinti sürətlə gedir.

Cənab Prezident, Ulu Öndərin siyasi kursuna, müdrik ölkə başçısı kimi Sizə sonsuz məhəbbət və sədaqətini daim nümayiş etdirən bərdəlilər adından Zati-alinizi əmin edirəm ki, respublikamızda aqrar sahənin, eyni zamanda, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün var gücümüzlə çalışacaq, bu şərəfli işə öz layiqli töhfələrimizi verəcəyik.

Diqqətinizə görə sağ olun.

Prezident İlham Əliyev:Bərdədə həmişə pambıqçılıq çox geniş vüsət alırdı, xüsusilə Ulu Öndərin dövründə. Siz yaxşı bilirsiniz və bərdəlilər də yaxşı bilirlər ki, Ulu Öndər ötən əsrin 70-ci illərində, 80-ci illərin əvvəllərində hər il Bərdəyə gəlirdi, həm Bərdədə, həm Sabirabadda zona müşavirəsi keçirirdi. Ən çox pambıq tədarük edən iki rayonumuz - Sabirabad və Bərdə o illərdə pambıqçılıq sahəsində çox inkişaf etmişdi və vətəndaşlar da, sakinlər də öz maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırmışdılar. Şadam ki, Bərdədə pambıqçılıq ənənələri bərpa edilir və bu il məhsuldarlığa görə Bərdə ikinci yerdədir və bu, məni çox sevindirir. Eyni zamanda, yadımdadır, Bərdədə sovet vaxtında baramaçılıq da çox inkişaf edirdi və pambıq tarlalarının ortalarında elə bil sərhəd kimi tut ağacları əkilirdi. Ondan sonra, yəni, xaos dövründə o ağaclar da qurudu, kəsildi. İndi biz bunu bərpa edirik və baramaçılığın da çox böyük perspektivləri var. O ki qaldı, taxılçılığa, indi hektardan 40 sentner götürürsünüzsə, demək olar ki, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yaxınlaşırsınız. Bu, rekord göstəricidir. Bilmirəm əvvəlki illərdə bu qədər olubmu?

Vidadi İsayev:Heç vaxt bu qədər olmayıb.

Prezident İlham Əliyev: Olmayıb, yəni, bütün bunlar da səmərəli işin təşkili nəticəsində mümkündür, aqrotexniki tədbirlər, texnika, gübrələr, suvarma, səfərbərlik, yerli icra orqanlarının fəal işi, mərkəzi icra orqanlarının islahatlarla bağlı addımları nəticəsində. Bütün bu işləri biz ancaq birlikdə edə bilərik. Ona görə mən bir daha deyirəm, sadəcə olaraq, kənd təsərrüfatını özəl sektorun öhdəsinə buraxmaq qətiyyən mümkün deyil və heç bir nəticə verməyəcək. Çünki infrastruktur dövlət hesabına, suvarma dövlət hesabına, texnika dövlət hesabına, subsidiyalar dövlət hesabına, gübrə-yanacaq dövlət hesabınadır. Harada, hansı ölkədə fermerlər üçün belə şərtlər var? Bax, siz hamınız yaxşı bilirsiniz ki, fermerlər bütün vergilərdən azaddır, ancaq torpaq vergisi ödəyirlər, bu da cüzidir, rəmzi xarakter daşıyır. Gübrəyə 70 faiz subsidiya, yanacağa 50 faiz subsidiya, texnika böyük güzəştlərlə verilir, kanallar dövlət hesabına çəkilir. Pivot sistemləri istehsalı zavodu artıq fəaliyyət göstərir və pivotaltı sahələrin genişləndirilməsi də gündəlikdədir. Digər önəmli tədbirlər - hələ yol çəkilişi. İndi yol çəkilişi nə qədər böyük xeyir gətirir - həm vətəndaşlara rahatlıq, həm fermerlərə torpaqda, təsərrüfatda. Əlbəttə ki, bazarlara məhsulu tez çatdıra bilərlər. Siz indi deyirsiniz ki, soğandan 13 milyon gəlir əldə olunub.

Vidadi İsayev:Xalis gəlir.

Prezident İlham Əliyev: Bəli, çox yaxşı, ona görə yerlərdə, bilirsiniz, ixtisaslaşma getməlidir və hansı sahə daha çox gəlir gətirirsə, o sahəyə əlbəttə ki, fermerlər özləri üstünlük verirlər. İndi ixracla bağlı problem bizdə yoxdur. Heç bir bazar bizim üçün bağlı deyil. Bunu biz uğurlu xarici siyasət nəticəsində əldə etmişik. Bütün bazarlara çıxışımız var. İndi gömrük sektorunda aparılan islahatlar artıq əvvəlki dövrlərdə ixracla bağlı olan problemləri də aradan götürür. Çünki vaxtilə fermer, yaxud da, hansısa şirkət malı ixrac etmək üçün gərək min əziyyətdən keçəydi. Müxtəlif əsassız tələblər irəli sürülürdü. İndi bütün bunlar yığışdırılıb. Ona görə sağlam iqtisadi mühit, investisiya mühiti, dövlət dəstəyi, şirkətlərin dövlət qurumları ilə sıx təmasda olması, yerli icra orqanlarının, mərkəzi icra orqanlarının vahid yanaşması, bax, bu uğurumuzu şərtləndirir. "Əmək” ordeni ilə bağlı siz məlumat verdiniz. Bu orden də mənim təşəbbüsümlə təsis edildi və bu, məhz əməkdə yüksək məhsuldarlıq göstərən, yüksək nailiyyət qazanan vətəndaşlara verilən yüksək dövlət mükafatıdır. Bunun üç dərəcəsi var və əlbəttə ki, görülən işlərə görə bu dərəcələr də verilir və pambıqçılar "Əmək” ordeni ilə təltif olunublar. Səhv etmirəmsə, bu ordenin birincisini biz kənd təsərrüfatı üzrə pambıqçılara vermişik.

Vidadi İsayev:Çox sağ olun, təşəkkür edirəm.

xxx

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, çox vaxt almaq niyyətində deyiləm, amma pambıqçılıqla bağlı bir problemi çatdırmaq istəyirəm. Çünki bu gün buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Bilirsiniz ki, Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçən ilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.

Bunları deyib, bir daha qeyd edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas problemə keçmək istəyirəm. Çünki Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacibdir. Eyni zamanda, köhnə daşıyıcı su kanalları var. Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir, axmaz göllərdə qalır, ona görə çətinliyimiz var. Mən fürsətdən, yaratdığınız şəraitdən, imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq verəcəkdik. Saatlı 1981-ci ildə Ulu Öndərin rəhbərliyi dövründə ən yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50 min tonu tədarük edə bilərdik. Ona görə çox xahiş edərdim ki, saatlılıların bu müraciətini öz nəzarətinizdə, diqqətinizdə saxlayasınız, bizə kömək olunsun.

Mən vaxtınızı aldığıma görə dönə-dönə üzr istəyirəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Yaxşı ki, bu məsələni qaldırdınız. Saatlı hazırda ən böyük pambıqçılıq rayonudur və 42 min ton pambıq tədarük edib. Sovet vaxtında Bərdə, Sabirabad birinci-ikinci yerləri bölüşürdü. Amma hazırda pambıqçılıq Saatlının əsas iqtisadi sahəsidir. Məşğulluğu təmin edən də məhz pambıqçılıqdır. Siz Saatlıda bu yaxınlarda işləməyə başlamısınız, əvvəl qonşu rayonda - Sabirabadda işləmisiniz. Yaxşı bilirsiniz ki, Saatlıda və o cümlədən Sabirabadda biz pambıqçılığa dövlət dəstəyi verənə qədər işsizliklə bağlı çox böyük problemlər var idi. Pambıqçılıq bu problemləri demək olar ki, aradan qaldırdı. Baxmayaraq ki, su ilə bağlı problemlər olub, amma yenə də hektardan 30 sentnerdən çox məhsul əldə edilib. Çox gözəl göstəricidir. O ki qaldı, Kür çayından yeni kanalın çəkilməsinə, indi Əhmədzadə məlumat versin bu məsələ nə yerdədir?

Əhməd Əhmədzadə:Cənab Prezident, mən Nazim müəllimin dediklərini təsdiq edirəm ki, Saatlıda doğrudan da müvafiq problemlər var. Ümumiyyətlə, Muğan zonasında su problemləri var. Orada suyun təminatı iki sahədən gedir – Arazla, bir də Kür çayı ilə. Kür çayı ilə bağlı problem yoxdur. Amma Araz çayında su ilə bağlı bir az məhdudiyyət olur. Ona görə hamı istəyir ki, Kür çayından da böyük mənbə əldə etsin. Biz o məsələni öyrənmişik, Sizin yanınızda olanda mən bir balaca izah etmişdim. Siz dediniz ki, layihə hazırlayın, baxaq. Biz bu dəqiqə layihə hazırlayırıq. Suqovuşanda - Kür çayı ilə Araz çayının qovuşduğu yerdə nasos stansiya tikməklə 16 kilometr məsafəyə suyu nəql edərək, Saatlıya 20 kubmetr suyun verilməsi mümkündür. Hazırda layihə işlənir və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə o var.

İkinci problem Orta Muğan kanalı ilə bağlıdır, 50-60 ilin torpaq kanalıdır. O kanal özü də qumsal sahədən keçdiyi üçün süzülmə çox böyükdür. Mən Sizə keçən dəfə görüşdə dedim ki, biz o kanalları beton üzlüyə almasaq, itkilər çox olacaq. Həmin kanalla biz 27 kubmetr su verə bilirik. Amma əgər hər yerin suyunu bağlasaq, aşağıdakı təsərrüfatlara 5 kubmetrə yaxın su gedib çıxacaq. Deməli, 44 kilometr uzunluğunda kanalda itkilər çox böyükdür. Həmin o kanalda da bərpa işləri görmək lazımdır ki, beton üzlüyə alınsın. O da bizim verdiyimiz təkliflərin içərisində var.

Prezident İlham Əliyev:Bu 17 kilometr uzunluğunda kanalı çəkmək üçün nə qədər vaxt lazımdır? Layihə hazırdır, yoxsa, hələ hazır deyil?

Əhməd Əhmədzadə:Biz layihəni bu kvartal hazırlayıb verəcəyik. Vəsait ayrılsa, biz onu bir ildə də edə bilərik. Yəni, təxminən 50-55 milyon manat pul tutur.

Prezident İlham ƏLİYEV:Onda layihə hazır olan kimi, bir də məruzə edin. İndi İqtisadiyyat Nazirliyinə də tapşırıq veriləcək ki, onlar bu layihəni təhlil etsinlər və investisiya proqramına salsınlar. O ki qaldı, digər kanallara, əfsuslar olsun ki, bizim kanalların böyük hissəsi torpaq kanallardır.

Əhməd Əhmədzadə:75 faizi.

Prezident İlham Əliyev: Əlbəttə, biz son vaxtlar onları beton üzlüyə almağa başladıq və görürük ki, bunun nə qədər böyük səmərəsi var. Birincisi, su ünvan başına çatır. İkincisi, bu torpaq kanallar o torpaqları da şoranlaşdırır və torpaq da sıradan çıxır. Ona görə mən "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göstəriş vermişdim ki, bizim bütün su kanallarımız geniş təhlil edilsin və ardıcıllıqla biz beton kanallara keçməliyik. Baxmaq lazımdır, dünyada artıq bu sahədə də böyük inkişaf var, yeni texnologiyalar, yeni suvarma qaydaları mövcuddur. İndi hətta pivot da yeni texnologiya sayılmır. Kanalların çəkilişində ondan da qabaqcıl, mütərəqqi texnologiyalar, müasir yanaşmalar var. Ona görə buna mütləq fikir vermək lazımdır. Bizdə həddindən çox su itkiləri var. Onsuz da biz su sarıdan korluq çəkirik. Ancaq hələ bu, bir yana qalsın, itkilər də çoxdur. Əgər biz bu itkiləri əhəmiyyətli dərəcədə azalda bilsək, - bunun da yolları var, - onda daha böyük sahələri dayanıqlı su ilə təmin edəcəyik. İndi göllərdə də suyun səviyyəsi aşağı düşüb. Biz əgər vaxtilə Taxtakörpü su anbarını tikməsəydik, - bunu açıq deməliyik, - bu gün Bakı susuz qalacaqdı. Elədirmi?

Əhməd Əhmədzadə:Bəli.

Prezident İlham Əliyev:Çünki Taxtakörpü su anbarı və su kanalı həyati əhəmiyyət daşıyan layihədir. Şəmkirçay su anbarı da həmçinin. İndi biz nə qədər böyük sahələri su ilə təmin etmişik.

Ona görə meliorativ tədbirlər son illərdə prioritet infrastruktur məsələlərinin sırasındadır və bir çox işlər görülüb. Deməli, biz gərək suyun səmərəli istifadəsi ilə bağlı tədbirlər planı tutaq. Torpaq kanalları beton üzlüyə almaq üçün təkliflər planı olmalıdır. Kiçik su anbarlarının yaradılması barədə təkliflər vermisiniz. Kənd Təsərrüfatı naziri ilə birlikdə o yerləri seçin və bütövlükdə ortamüddətli, uzunmüddətli meliorativ tədbirlər planı yenidən tərtib edilməlidir. Biz bu işlərə mütləq vəsait ayırarıq.

Eyni zamanda, bu müşavirədə icra başçıları da iştirak edirlər. Yəqin ki, hər bir rayonda buna oxşar problemlər var. Müşavirədən sonra siz də təkliflərinizi verin, həm Zeynal Nağdəliyev, həm Kənd Təsərrüfatı naziri, həm də "Meliorasiya və Su Təsərrüfatı” cəmiyyəti baxacaq. Biz bu təklifləri gələn ilin investisiya proqramına sala bilərik. Çünki gələn ilin investisiya proqramı tərtib olunur, ilin sonunda təsdiq ediləcək. Biz yanvardan artıq onun icrasına başlamalıyıq. Ona görə vaxt azdır, təklifləri verin, amma o təklifləri ki, onlar real nəticə verə biləcək layihələrdir.

Nazim İsmayılov:Çox sağ olun, cənab Prezident.

x x x

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun
çıxışı

-Beləliklə, bir daha demək istəyirəm ki, bu ilin nəticələri məni çox sevindirir. Əsas məsələ ondadır ki, biz pambıqçılıqda da düzgün müəyyən edilmiş hədəflərin həyatda reallığa çevrildiyini görürük. Pambıqçılıq yenə də gəlirli, əməktutumlu sahəyə çevrilib və ölkə iqtisadiyyatına, o cümlədən makroiqtisadi vəziyyətin sabit qalmasına, manatın məzənnəsinin möhkəmlənməsinə və sabit qalmasına müsbət təsir göstərir.

Çünki sirr deyil ki, bizim əsas valyuta gətirən sahəmiz neft-qaz sektorudur. Əlbəttə ki, bu sektorun inkişafı daim diqqət mərkəzindədir və böyük uğurlar əldə edilib. Ancaq əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir. Bu il həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı əhəmiyyətli dərəcədə artıb. Qeyri-neft sənayesi 14, kənd təsərrüfatı isə 7 faizdən çox artıbdır. Əminəm ki, bu meyillər bundan sonra da davam etdiriləcək və beləliklə, biz kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik.

Bir daha demək istəyirəm ki, biz gərək pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verək. Çünki pilot layihələr icra edildi və məhsuldarlıq da çox yüksəkdir – təqribən 60 sentner. Ona görə hesab edirəm ki, gələn il biz bu pilot layihələrin sahəsini artırmalıyıq və Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı öz təkliflərini verməlidir.

Eyni zamanda, bu gün bir məsələ o qədər də diqqətdə olmadı, amma bu da çox vacib məsələdir, bu, toxum istehsalı məsələsidir. Biz lifsiz pambıq toxumu istehsalı zavodu işə salmalıyıq. İndi belə layihə var və hesab edirəm ki, işlərə gələn il start verilməlidir. Hər halda zavodun tikintisi bir il, bəlkə də il yarım çəkər ki, biz özümüzü bu keyfiyyətli toxumlarla təmin edək.

Tədarükçü şirkətlər bu il fermerlərə ödənilən vəsaiti çox operativ qaydada çatdırıblar. Əminəm ki, gələn il də belə olacaq. Yəni, indi hər gün, bəziləri bir neçə gündən bir öz əməkhaqqını alır. Hesablaşmalar dəqiq və ləngitmədən aparılmalıdır.

Pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalıdır. İqtisadiyyat Nazirliyinə göstəriş verilir ki, bu məsələlər təhlil edilsin. Gələn il təqribən 200 milyon manata yaxın güzəştli kreditlər nəzərdə tutulur və pambıqçılıq sahəsinə kifayət qədər vəsait ayrılmalıdır.

Bizim pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir. Çünki bu zavodların böyük hissəsi sovet vaxtında tikilib. Orada həm səmərəlilik aşağıdır, həm də keyfiyyət o qədər də lazımi səviyyədə deyil. Ona görə zavodların istehsal gücü dəqiqliklə hesablanmalıdır. Çünki indi bəyan edilən istehsal gücləri reallığı əks etdirmir. Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır. Çünki əminəm ki, biz məhsuldarlığı, artıracağıq və indi rəqəm demək istəmirəm, amma hər halda gələn il 30 sentnerdən çox pambıq tədarükü gözlənilir. Belə olan halda 300 min tondan çox pambıq yığılacaq və bizim pambıqtəmizləmə zavodları bu həcmi götürə biləcək, yoxsa yox? Bu, birincisi. İkincisi, zavodlarda modernləşdirmə aparılmalıdır. Əgər lazım olarsa, dövlət maliyyə dəstəyi də göstərə bilər. Bu il Ucarda yeni pambıqtəmizləmə zavodu istifadəyə verilib. Mənə verilən məlumata görə, yüksək standartlara cavab verir. Özü də bu, özəl sektor tərəfindən inşa edilibdir. Bu, çox müsbət haldır. Hesab edirəm ki, özəl qurumlar bu sahəyə diqqət yetirməlidirlər. Bütövlükdə araşdırılmalıdır ki, prinsipcə, bizə yeni pambıqtəmizləmə zavodlarının tikintisi lazımdır, yoxsa yox? Əgər lazımdırsa, hansı həcmdə ki, dövlət tərəfindən veriləcək dəstək də bəri başdan hesablansın. Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun. Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. Ona görə yenə də özəl sektora müraciət edirəm ki, bu məsələyə diqqət yetirsin. Kifayət qədər pambığımız var. Ona görə iplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Ancaq iplik fabriklərinin tikintisi də bizim son hədəfimiz deyil. Son hədəf hazır məhsul istehsal etməkdir. Bu məqsədlə yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır. Bütün bunlar bizim iqtisadiyyatımızı gücləndirəcək və əlavə minlərlə iş yeri yaradacaqdır.

Biz daxili tələbatı daxili resurslar hesabına təmin etməliyik. Biz indi pambığı tədarük edirik, onun böyük hissəsi - 60 faizi mahlıc, 40 faizi iplik kimi ixrac olunur. Sonra bu iplikdən istehsal edilən hazır məhsullar bizə idxal olunur və buna milyonlarla, on milyonlarla pul gedir. Ona görə bu sahədə daxili istehsal inkişaf etməlidir və zəncir tipli bir tədarük-istehsal kompleksi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı burada əsas rol oynayacaqdır.

Bütövlükdə bu işlərin mütəşəkkil şəkildə həyata keçirilməsi üçün Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və tədarükçü şirkətlər və digər şirkətlər, - hansılar ki, bu gün burada iştirak etmir, - birlikdə fəaliyyət planı tərtib etməlidirlər. 2020-ci il üçün çox geniş və müfəssəl yol xəritəsi tərtib edilib icra olunmalıdır. Belə olan halda pambıqçılıq Azərbaycanda daha sürətlə inkişaf edəcək, həm bu sahədə məşğul olan insanlara, həm də ki, dövlətə xeyir gətirəcəkdir. Sağ olun.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video