02 Aprel 2021 00:34
1711
SİYASƏT
A- A+

Böyük Zəfərin təməli

 

Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki hərbi uğuru Vətən savaşındakı yekun qələbəni təmin etdi

 

Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan Azərbaycan Ordusunun Aprel qələbəsindən 5 il ötür. O qələbə ki, onu 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizin başlanğıc nöqtəsi adlandıra bilərik.

 

Düşməni əzən güc

 

Bu döyüşlər ilk növbədə Azərbaycanla Ermənistan arasındakı təmas xəttinin dəyişdirilməsi ilə nəticələndi. Tərtər və Füzuli istiqamətlərində düşmənin işğal etdiyi torpaqlarımızda möhkəmləndirdiyi ön xətti qoşunlarımız tərəfindən çətinlik çəkilmədən yarıldı, erməni hərbi birləşmələri geri otuzduruldu. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatına keçərək strateji mövqelərə sahib oldu. Həmin strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər isə imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

Azərbaycan ictimaiyyəti buna qədər ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Bu baxımdan dördgünlük müharibənin yekunu olaraq düşmənin məğlubiyyəti, iki min hektar işğal olunmuş ərizinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən düşmən üzərində əzici gücə və üstünlüyə malikdir. Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələri nəyə qadir olduğunu döyüş meydanında təsdiq etdi.

Ordumuzun qüdrəti Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Ağır tələfatlar verərək geri çəkilən düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü hiss etdi. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə və hərbi texnika itirdiyini etiraf etdilər.

Aprel zəfəri həm də xalqımızın və ordumuzun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu sübut etdi. Bu hadisəyə Azərbaycan cəmiyyətinin reaksiyası xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək əzminin nə qədər yüksək olmasının təcəssümü idi. Odur ki, bu qələbə insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Həmin günlərdə cəmiyyətin bütün təbəqələri Ali Baş Komandanın ətrafında daha sıx birləşərək görünməmiş milli həmrəylik nümayiş etdirdilər. Hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi. Məlum oldu ki, yenidən hərbi əməliyyatlar baş verərsə, vətənpərvər oğullarımız “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə töhfə verəcək.

Bir sözlə, bu döyüşlər Azərbaycan Ordusu və cəmiyyətimiz üçün imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə təsdiq etdi. Bu, Azərbaycan gəncinin əqidəsinin, Vətənə olan sevgisinin, xalqımızın qəhrəmanlığının göstəricisi idi. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Digər maraqlı məqam ondan ibarətdir ki, silahlı birləşmələri döyüş meydanında məğlub edilən Ermənistan rəhbərliyi siyasi meydanda da heç bir dəstək almadı. Halbuki işğalçı ölkə daim himayədarlarına arxalanıb danışıqlar masasına oturmur, hər dəfə bir bəhanə uydururdu. Məhz həmin dəstək gəlmədiyi üçün müxtəlif ölkələri ittiham etməyə başladılar və sonda Aprel döyüşlərində məğlub olduqlarını etiraf etdilər.

 

Ermənistanın ideoloji əsasları dağıdıldı

 

Bu şanlı qələbə eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri alt-üst etdi. Ali Baş Komandanın söylədiyi kimi, Aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı. Hər kəsə bəlli oldu ki, əgər Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.

Hərbi qüdrəti gündən-günə artan Azərbaycan isə ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir  və hər ötən il ordunun arsenalını gücləndirməkdə davam edirdi. Bütün bunlar göstərirdi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyi gün uzaqda deyil. Aprel döyüşlərində Lələtəpəyə sancılan bayrağın kölgəsi işğal altında olan bütün torpaqlarımıza düşür, Qarabağın azadlığı üçün səsləyirdi.

İlham Əliyev Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu döyüşlər şanlı və dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Çox keçmədi, 4 ildən sonra o fikirlər reallığa çevrildi. Azərbaycan Ordusu Aprel döyüşlərində yarımçıq saxladığı əməliyyatını tam gerçəkləşdirmək üçün Ali Baş Komandandan hücum əmri aldı. İşğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni əsgəri Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşdü. Silahını, texnikasını atıb  qaçmağa məcbur oldu. İşğal altında olan torpaqlarımız düşmən tapdağından təmizləndi.

Vətən müharibəsindəki qələbə ilə Aprel döyüşlərində şəhid olan igid oğullarımızın ruhları şad oldu. Çünki onların da istəyi Qarabağın azadlığı idi və bu gün azaddır o torpaqlar. Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda Azərbaycan bayrağının dalğalanması hər bir soydaşımızı fərəhləndirir, riqqətə gətirir.

Bir sözlə, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki hərbi uğuru Vətən savaşındakı yekun qələbəni təmin etdi. Aprel zəfəri Vətən müharibəsidəki  qələbəmizin möhtəşəm təməli oldu.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video