04:02 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Qayıdış reallığa çevrilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 10.09.2021

 

Qarabağ səmasına ilk ucuş tarixə çevrildi. 2021-ci il sentyabrın 4-də Bakıdan, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səmaya qalxan sərnişin təyyarəsinin Füzulu hava limanına uçuşu ölkə ictimaiyyətində xoş ovqat yaratmışdır.

Qələbəyə qədər bu haqda düşünməyimiz mümkün deyildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində yuxularımız, arzularımız çin olur. Füzuli hava limanından sonra Laçın, Kəlbəcər hava limanları gəlir. Xankəndiyə də uçuş olacaq. Səman geniş və açıq olsun, Qarabağ!

Avqustun 29-da Prezident İlham Əliyevin işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşaya səfəri də əvvəlki səfərləri kimi möhtəşəm oldu. Ölkə başçısının hər səfərindən sonra Şuşanın simasında müsbətə doğru köklü dəyişikliklər baş verir. Prezident bu dəfə Şuşada olarkən bir sıra abidələrin, o sıradan Molla Pənah Vaqifin büstünün və məqbərəsinin, Bülbülün ev-muzeyinin açılışını etdi. “Qarabağ” hoteli istifadəyə verildi. Yeni hotel-konfrans kompleksinin təməli qoyuldu. 30 illik işğalın bitməsindən sonra Şuşada ilk dəfə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri unudulmaz xatirələrə çevrildi. Prezident İlham Əliyev həmin tədbirin açılış mərasimindəki nitqində önəmli fikirlər söylədi. Həm ermənilərə, həm də dünya ictimaiyyətinə ünvanlanmış mesajları ilə diqqət çəkdi.

Prezidentin Qarabağa və Şərqi Zəngəzura hər səfəri təcavüzkar Ermənistanda gündəm olur, geniş müzakirələrə yol açır. Çünki Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Şuşanı işğaldan azad etməsi erməni şovinistlərinə ağır psixoloji zərbə yaşadır. Şuşada baş verən müsbət dəyişiklikləri gördükcə onların posttravmatik ağrıları və isterikaları daha da güclənir. Digər tərəfdən qəbul etmək məcburiyyətində qalırlar. Ermənistanın millətçi-faşist zehniyyətli toplumu Qarabağda, xüsusən də Şuşada aparılan tikinti, quruculuq, bərpa işlərini gördükcə bu torpaqların, həqiqətən də, onlara aid olmadığını bir daha anlamağa başlayırlar.

Prezident İlham Əliyevin səfərləri və onun Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması bütün dünyaya açıq mesaj rolunu oynayır. Azərbaycan xalqının və onun liderinin qurucu olduğunu bütün dünya görür. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən qədim Şuşa şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri kimin kim olduğunu əyani şəkildə dünyaya göstərir. Bu mənada Prezident İlham Əliyevin “Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib, hər şeyi yıxıb, dağıdıb, məhv ediblər” məşhur ifadəsi tam yerinə düşür. Şuşanı 29 il ərzində bərbad hala salmış erməni xalqı ilə bu şəhəri işğaldan sonra yenidən quran Azərbaycan xalqını müqayisə etmək istəyənlər bunu Şuşanın timsalında əyani şəkildə görə bilərlər.

Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılışında dediyi kimi, ermənilər “bu şəhəri “erməniləşdirməyə”, “qədim erməni şəhəri” kimi təqdim etməyə çalışırdılar. Lakin hər nə qədər çalışsalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və Şuşa öz tarixi sahibinə qayıtdı. Azərbaycan dövləti Şuşanın bərpasına 14 yanvardan start verdi və qısa müddət ərzində olduqca böyük işlər görülməkdədir. Zəfər günündən ötən 11 aya yaxın vaxt ərzində bu ərazilərdə icrası nəzərdə tutulan layihələr yüksək səviyyədə reallaşıb.

Prezidentimizin işğaldan azad olunmuş ərazilərə, o cümlədən mədəniyyət paytaxtımıza gerçəkləşən hər səfəri zamanı ictimaiyyətlə görüşlərində, mətbuata açıqlamalarında görülmüş və görüləcək işlərin “yol xəritəsi”ni nümayiş etdirir, mühüm mesajlar verir.

Dövlət başçısının tapşırığına əsasən müvafiq qurumlar tərəfindən hazırlanmış Şuşa şəhərinin baş planı avqustun 29-da Şuşada Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Baş planda, ilk növbədə, Şuşanın tarixi əzəmətinin qorunması əsas götürülüb. Bu da o deməkdir ki, bundan sonra mədəniyyət paytaxtımızda həyata keçirilən tikinti-quruculuq layihələri, bərpa işləri tarixlə müasirliyin vəhdəti prinsipi üzərində aparılacaq. Ekspertlərin fikrincə, mədəniyyət paytaxtımızda orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, eləcə də qorunub saxlanılacaq tarixi bina və abidələrin yerləri də ayrılıqda öz əksini tapıb. 3-5 mərtəbəli yaşayış binalarının salınması planı Şuşanın qədim memarlıq ruhuna tam uyğundur. Bu isə Şuşanın həm ənənəvi məhəllə formasının, həm də spesifik yerli memarlıq üslubunun qorunub saxlanılmasıdır. Planın reallaşması ilə Şuşa tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Dünya standartları səviyyəsində inşa edilən Füzuli hava limanında ilk sınaq uçuşlarının həyata keçirilməsi qürur hissi doğurur. Çünki bu aeroportun tikintisi, ilk növbədə, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın varlığının, suverenliyinin möhkəmlənməsinin göstəricisidir. Bu aeroportun qısa bir zamanda tikilib başa çatması həm də o deməkdir ki, Qarabağın, Şərqi Zəngəzurun siması yaxın gələcəkdə bütün sahələrdə sürətlə dəyişəcək.

Prezident İlham Əliyev Füzuli hava limanındakı son tikinti-tamamlama işləri ilə tanış olarkən qeyd etmişdir ki, bu liman Qarabağın dünyaya açılan hava qapısıdır. Əlbəttə ki, bu fikir ciddi iqtisadi hesablamalara əsaslanır. Belə ki, Füzuli hava limanı yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin simasının köklü şəkildə dəyişməsində mühüm rol oynayacaq və regionun həyatına canlanma gətirəcək, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinə böyük təkan verəcək. Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsini də nəzərə alsaq, Füzuli hava limanı həm də bölgəyə turizm axınının güclənməsində körpü rolunu oynayacaq. Təyyarə ilə Füzuliyə gələn xarici turistlər buradan ən rahat yolla Şuşaya gedə biləcəklər. Bu yeni hava limanı Qarabağın qapılarının xarici turistlərin üzünə açılmasında əvəzsiz rol oynayacaq. İnsanlar Qarabağın Azərbaycan olduğunu sözdə deyil, reallıqda görə biləcəklər.

Görünən odur ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.

Azərbaycanın güclü iqtisadi potensialı işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsinə və Böyük Qayıdışın uğurlu icrasına etibarlı zəmin yaradır. Bu ərazilərin malik olduğu təbii resurslardan və iqtisadi imkanlardan səmərəli istifadə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində insanlar üçün əlverişli qazanc imkanları yaranacaq, onların həyat səviyyəsi yüksələcək. “Ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı ev” strategiyalarının tətbiqi bu yerlərə yeni ovqat bəxş edəcək. Dəmir yolu və avtomobil magistrallarının tikintisi sözügedən ərazilərin simasını büsbütün dəyişəcək. Hazırda ərazilərin minalardan təmizlənməsi prosesi sürətlənir. Bu da Böyük Qayıdışı stimullaşdıran əsas məqamlardan biridir.

44 günlük Vətən müharibəsində Zəfərimiz Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri dövrünün başlanması ilə nəticələnib. Bərpa və quruculuq işləri Böyük Qayıdışa zəmin yaradır, əminik ki, bu ərazilərdə tezliklə həyat yenidən canlanacaq və soydaşlarımız əzəli dədə-baba torpaqlarında əbədi yaşayacaqlar.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM