11 Mart 2021 00:49
1454
SİYASƏT
A- A+

Böyük çağırışlara doğru səfərbərlik

 

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkəmizin həyatında baş verən mühüm əhəmiyyətə malik olan ictimai-siyasi hadisədir.

Bu qurultay müstəqil dövlətimizin və xalqımızın tarixində və taleyində  xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının böyük bir inkişaf dövrünə yekun vuran, bundan sonrakı fəaliyyətinə istiqamət verən və xüsusən yeniləşmə proseslərini ön mövqeyə çəkən qurultay  kimi şərəfli bir missiyanı həyata keçirmişdir. Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və beynəlxalq aləmdə baş vermiş dəyişikliklər, meydana çıxmış çağırışlar Yeni Azərbaycan Partiyasının müasir dövrün hadisələrinə və proseslərinə qurultay miqyasında münasibət bildirməyi və qarşıda duran vəzifələri müəyyənləşdirməyi tələb etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VII qurultaydakı tarixi nitqi dünyada, regionda və ölkəmizdə baş vermiş proseslərin dərindən təhlil edilib qiymətləndirilməsi və gələcək vəzifələrin diqqət mərkəzinə çəkilməsi baxımından proqram xarakterli hadisə olmuşdur.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraiti obyektiv şəkildə qiymətləndirmiş, keçilmiş məsuliyyətli və şərəfli yolun real proqramını yaratmış, çıxarılması zəruri olan nəticələri gündəmə gətirmiş və qarşıda duran mühüm vəzifələri nəzərə çatdırmışdır. Bu, dövlətimizin və xalqımızın liderinin tarixə, müasir dövrə və gələcəyə aydın və obyektiv baxışlarının ifadəsi olan parlaq və dərin məzmunlu nitq kimi yaddaşlara yazılmışdır.

Prezident İlham Əliyevin baxışlarında Azərbaycan Respublikasının dünəni, bu günü və sabahı güzgüdə olduğu kimi, bütün reallıqları ilə aydın surətdə görünür. Giriş nitqində  Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ - Vətən müharibəsində qazanılmış böyük tarixi Zəfər və ondan sonrakı dövrdə yaranmış yeni reallıqların mahiyyəti və vəzifələri tam aydınlığı ilə işıqlandırılmışdır. Yeni Azərbaycan Partiyasının qurultayında dövlətin və partiyanın rəhbəri səviyyəsində səsləndirilmiş “Biz reallıqları yaradan ölkəyik” müddəası həm keçilmiş tarixi yolun, həm də böyük gələcəyin reallıqlarını dolğun şəkildə ifadə edir.

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və fəaliyyəti ilə ölkəmizin həyatının bütün sahələrində baş vermiş ciddi dəyişikliklər müstəqil dövlətimizin xilas edilməsi və inkişafın möhkəm təməllərinin atılması ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində isə müstəqil Azərbaycan Respublikası bütün sahələr üzrə böyük inkişafa nail olmuşdur. Qarabağ müharibəsində qazanılmış böyük zəfər Azərbaycanın çoxəsrlik tarixinin misilsiz hadisəsinə çevrilmişdir. Siyasi-iqtisadi, diplomatik, elmi-mədəni sahələrdə, hərbi quruculuq istiqamətində Azərbaycan Respublikasının əldə etdiyi mühüm nailiyyətlər artıq beynəlxalq miqyasda da de-fakto etiraf olunur. Yeni Azərbaycan Partiyasının qurultayında bütün bu nailiyyətlər və reallıqlar obyektiv mövqedən təhlil edilərək yüksək qiymətləndirilmişdir. Qurultayda cənab Prezidentin nitqində deyildiyi kimi, “Son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin müstəqillik tarixi haqqındakı fikirləri obyektiv reallığın ifadəsidir. Çünki Sovet İttifaqının dağılması prosesi ilə əlaqədar elan edilmiş müstəqillik aktı mühüm əhəmiyyətə malik hadisə olsa da, onu itirmək təhlükəsi ilə üz-üzə qaldığımız üçün dekterativ bir bəyanat kimi havadan asılı vəziyyətdə qalmışdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyi, hərbi və iqtisadi sahələrdə dərin bir uçurum, sonu görünməyən bir böhran yaranmışdır. Yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbiylə Azərbaycan Respublikasına rəhbərliyə gəlməsi ilə dövlət müstəqilliyi dağılmaqdan, mövcudluğunu itirməkdən xilas edilmişdir.

Ona görə Prezident İlham Əliyev həmin tarixi proseslərin obyektiv surətdə araşdırılıb öyrənilməsini və yeni nəsillərə çatdırılmasını mühüm bir vəzifə kimi irəli sürmüşdür: “Biz bu tarixi yaxşı bilməliyik. O vaxt yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərimizdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”

Əlbəttə, dövlətimizin lideri tərəfindən irəli sürülən bu vəzifələr, ilk növbədə, gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malik olan orta və ali məktəb dərsliklərində öz əksini tapmalıdır. Artıq Azərbaycan Respublikasının Təhsil Nazirliyi həmin istiqamətdə fəaliyyətə başlamışdır. Yeni dərsliklərin hazırlanmasında orta və ali məktəb müəllimləri ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da iştirak edirlər. AMEA Tarix İnstitutunda Humanitar və İctimai Elmlər Bölməsinin digər elmi-tədqiqat institutlarının alimlərinin iştirakı ilə hazırlanmaqda olan 3 cilddən ibarət “Azərbaycan Respublikasının tarixi” monoqrafik tədqiqatda da müstəqillik dövrü  tariximizin bütün inkişaf mərhələləri, xüsusən də müstəqil dövlətçiliyin taleyi ilə bağlı olan bu məsələlər ciddi surətdə araşdırılaraq, real şəkildə tarixə daxil ediləcəkdir.

Müstəqil Azərbaycan dövlətimizin inkişaf yolunun indiki şəraitdə,  həmin tarixin canlı şahidlərinin və iştirakçılarının elm və təhsil sahəsində çalışdığı bir vaxtda yazılması xüsusi əhəmiyyətə malikdir. Çünki  keçilmiş yolun obyektiv elmi salnaməsinin yaradılması üçün arxiv sənədləri, dövri mətbuat materialları ilə yanaşı, canlı şahidlərin yaddaş materiallarının da xüsusi əhəmiyyəti vardır. Eyni sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Vətən müharibəsində qazanılmış tarixi Zəfərə də aid etmək olar.

Milli Elmlər Akademiyasının alimləri həm “Azərbaycan Respublikasının tarixi” çoxcildliyində, həm də müstəqil monoqrafik kitabda Vətən müharibəsinin qələbədən sonrakı böyük qayıdış proseslərinin gedişatını yazmaq işinə start vermişlər. Bu, ölkə elminin, alimlərin müstəqil Azərbaycan dövləti qarşısında borcudur.

Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına dair diqqətə çatdırdığı əsaslandırılmış fikirlər hər gün müşahidə olunan inkişaf templəri ilə səslənir. Cənab Prezidentin Davos İqtisadi Forumunun hesabatlarına istinad edərək səsləndirdiyi “Biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” fikri respublikamızda davamlı olaraq həyata keçirilən iqtisadi islahatların real məntiqi yekunu olmaqla bərabər, həm də qürurverici amil kimi də xüsusi əhəmiyyətə malikdir.

Cəmi otuz il ərzində müstəqil fəaliyyətə başlayan bir dövlətin inkişaf etməkdə olan ölkələrin cərgəsindən inkişaf etmiş ölkələrin sırasına çatdırılması Prezident İlham Əliyevin apardığı məqsədyönlü dövlət siyasətinin uğurlu təntənəsidir. Dövlət səviyyəsində müəyyən edilmiş bir-birini tamamlayan neft-qaz istehsalı siyasəti ilə neft gəlirlərindən asılı olmayan ölkə yaratmaq strategiyası hazırkı real inkişafın əsas təməllərini təşkil edir.

Beynəlxalq təşkilatlarla, qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq sahəsində həyata keçirilmiş uğurlu siyasətin nəticələri və vəzifələri haqqında VII qurultayda səsləndirilmiş fikirlər Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunu, təsir gücünü real şəkildə təsəvvür etməyə imkan yaradır. Azərbaycan Respublikasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının çağırılması kimi tarixi bir fakt bu sahədə müstəqil dövlətimizin hansı səviyyəyə qədər inkişaf etdiyini görməyə və göstərməyə geniş meydan açır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında çoxcəhətli beynəlxalq əlaqələrə dair nəzərə çatdırılmış faktlar, irəli sürülmüş mühazirələr bu mühüm sahədə qazanılmış böyük nailiyyətlərə gur işıq salır. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarda aparılan məqsədyönlü işin “İkinci Qarabağ müharibəsi üçün hüququ bazanın möhkəmləndirilməsi” baxımından xüsusi əhəmiyyət kəsb etməsi haqqındakı fikirləri xarici siyasətin tarixi Zəfərlə üzvi əlaqəsini də diqqət mərkəzinə çəkir. Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yekun nitqində irəli sürülən fikirlər, qarşıya qoyulan vəzifələr, verilən konkret tapşırıqlar ölkəmizin bundan sonrakı daha böyük inkişafına ünvanlanmış proqramın üzvi tərkib hissəsidir.

Böyük qayıdış proqramının həyata keçirilməsinin strateji məsələlərinə müstəqil Azərbaycan dövlətinin baxışının reallaşmasında Yeni Azərbaycan Partiyası fəallarının üzərinə düşən vəzifələrin də nəzərə çatdırılması VII qurultayın həm də mühüm praktik əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Həmçinin gənc nəslin tərbiyə edilməsinin dövlət siyasəti səviyyəsində diqqət mərkəzinə çəkilməsi də konkret vəzifələrin həll edilməsi ilə bağlı olan aktual məsələdir.

Cənab Prezidentin yekun nitqində “Gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimizin əsasına çevrilməlidir” tələbi elm və təhsil işçilərinin qarşısında yeni vəzifələr qoyur. VII qurultayın çağırışları tərbiyə işinin təşkilinə, tədqiq edilib öyrənilməsinə, təbliğinə, tədrisinə kompleks şəkildə yanaşmağı tələb edir. Pedaqoji-psixoloji, sosioloji-fəlsəfi mahiyyətinə və müasir reallıqlarla əlaqələndirilməsinə yenidən qayıtmağa ehtiyac vardır. Prezidentin bu sahədə qarşıya qoyduğu yeni vəzifələr müstəqil dövlətimizin gələcəyi ola biləcək yeni nəslin yetişdirilib formalaşdırılmasına xidmət edir.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yaradılması və həmin şuraya təcrübəli partiya üzvlərinin, elm və təhsil sahəsinin nümayəndələrinin seçilməsi həm də tərbiyə işinin yenidən qurulması baxımından da mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə tanınmış, sınanmış, bacarıqlı, hazırlıqlı gənclərin seçilməsi də geniş mənada müstəqil Azərbaycan dövlətinin gələcəyinin təmin edilməsi üçün zəruri və əhəmiyyətli addımdır.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin giriş və yekun nitqləri ölkəmizin daha böyük inkişafı üçün yeni strategiyanın müəyyən edilməsi, növbəti vəzifələrin qarşıya qoyulması və həlli yollarının göstərilməsi baxımından proqram xarakterli təlimdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayının çağırışları xalqımızı yeni uğurlara doğru səfərbər edən, gələcək inkişafımızın yollarına işıq salan, mühüm nəzəri-təcrübi əhəmiyyətə malik olan ideyalardan ibarətdir. VII qurultayın irəli sürdüyü vəzifələrin həyata keçirilməsi təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinin deyil, bütövlükdə hər bir Azərbaycan vətəndaşının borcudur.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video