15 Oktyabr 2021 00:26
901
Mədəniyyət
A- A+

Bolqarıstan Milli Kitabxanasında  Azərbaycana dair daimi guşə açılıb

 

Oktyabrın 14-də Sofiya şəhərində yerləşən Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovna, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycana dair daimi guşədə nümayiş olunmaq məqsədilə 100-dən artıq kitab Azərbaycan Milli Kitabxanasının Ehtiyat mübadilə fondundan Bolqarıstan Milli Kitabxanasına göndərilib. Direktor vurğulayıb ki, yaradılan daimi guşədə Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, eləcə də Qarabağ haqqında kitablar nümayiş olunur. Bildirib ki, Azərbaycan Milli Kitabxanası xarici ölkələrlə beynəlxalq kitab mübadiləsi işinə xüsusi əhəmiyyət verir. Gələcəkdə də Bolqarıstan Milli Kitabxanasına təqdim olunan kitabların sayının artırılmasının vacibliyini vurğulayıb.

Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirərək gələcəkdə də burada nümayiş olunan kitabların sayının artırılmasının vacibliyini qeyd edib və hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Bolqarıstan Milli Kitabxanasında yaradılan Azərbaycan daimi guşəsi maraqla qarşılanıb.

Açılış mərasimi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu Azərbaycan Milli Kitabxanası tərəfindən direktor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasından isə direktor Krasmira Aleksandrovna imzalayıblar.

Səfir Hüseyn Hüseynov bildirib ki, Azərbaycan ilə Bolqarıstan Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması çox qürurverici haldır. Belə ki, hər iki ölkə kitabxanaları arasında olan qardaşlıq, dostluq münasibətləri imzalanan memorandumdan sonra daha da möhkəmlənəcək.

Müqavilənin şərtlərinə əsasən tərəflər kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloq və elektron kitabxanalardan qarşılıqlı istifadə, məlumat bazalarının idarə edilməsi, kitabxana və kitab nəşri sahəsində elmi tədqiqatlar, nadir kitabların mühafizəsi, bərpası və konservasiyası texnologiyaları, kitabxana arxivlərinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq kitab mübadiləsinin inkişafı, kitab sərgilərinin təşkili və s. sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.           

Direktor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovnaya hədiyyə edib.

Mərasimdən sonra Kərim Tahirov Bolqarıstan Milli Kitabxanası ilə yaxından tanış olub. Ona kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib.

Həmçinin Kərim Tahirov “Bolqarıstan Gənclər Qırmızı Xaç” təşkilatının yaranmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video