20 Noyabr 2021 00:21
955
DÜNYA
A- A+

BMT həyəcan təbili çalır

 

Əfqanıstan humanitar böhranın astanasındadır, ölkədəki durum terrorizm təhdidini artırır

 

Əfqanıstanda terrorizmin yayılması, həmçinin silah və narkotik alverinin artması ilə  mövcud ağır iqtisadi durum getdikcə vəziyyəti daha da təhlükəli edir. Bu məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında müzakirə mövzusuna çevrilib.

Diplomatlar belə qənaətdədirlər ki, Əfqanıstanda vəziyyət daha da dramatikləşir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya hesab edir ki, böhranın aradan qaldırılması üçün Qərb banklarında dondurulmuş əfqan hesablarını mümkün qədər tez açmaq lazımdır. Bu gün miqrasiya axınları pərdəsi altında gizlənən terror və narkoaktivliyin qonşu ölkələrin ərazisinə köçürülməsi cəhdləri ilə bağlı real təhlükə mövcuddur.

Beynəlxalq maliyyə institutlarının xətti ilə bank hesabları açılmayacağı təqdirdə Əfqanıstanın sosial-iqtisadi problemlərini həll etməyin mümkün olmayacağını vurğulayan Nebenzya ümid edir ki, taliblər bu çağırışların - terrorizmin və narkotrafikin kökünün kəsilməsi ilə bağlı öz vədlərini yerinə yetirəcəklər.

İclasda Rusiya tərəfi BMT-nin himayəsi altında Əfqanıstanla bağlı beynəlxalq donor konfransının çağırılmasına tərəfdar çıxıb. Rəsmi Moskva hesab edir ki, Əfqanıstanın postmünaqişə iqtisadi və maliyyə bərpasının və inkişafının əsas yükünü son 20 il ərzində hərbi kontingentlərinin bu ölkədə yerləşdirildiyi qüvvələr daşımalıdır.

Ötən ay Moskvada taliblərin iştirakı ilə danışıqlar aparıldı. Onlar hakimiyyətə gələndən sonra Əfqanıstanda müvəqqəti hökumət yaratdılar və hazırda onun beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışırlar.

 

Terrorizm, narkoticarət, aclıq...

 

İclasda çıxış etmiş digər ölkələrin nümayəndələri də bidiriblər ki, Əfqanıstanda yaranmış ağır iqtisadi vəziyyət terrorizmin yayılması, həmçinin silah və narkotik alverinin artması ilə bağlı getdikcə daha çox təhlükəyə çevrilir.

Ekspertlərin qiymətləndirməsinə görə, hazırda Əfqanıstan humanitar böhranın astanasındadır. Belə ki, ölkədə quraqlıq davam edir və ərzağın qiyməti artır, buna görə də 18 milyondan artıq insan ac qalır.

Noyabrın 17-də MDB ölkələri Təhlükəsizlik Şuralarının katiblərinin görüşü keçirilib. İclasda bir neçə məsələ müzakirə olunsa da, əsas mövzu Əfqanıstandakı vəziyyət olub. Konfrans iştirakçıları “yaraqlıların çoxminlik ordusu”nun bu ölkədən digər ölkələrə basqını təhlükəsi barədə danışıblar.

Bəs fəlakətli ssenaridən qurtulmaq mümkün olacaqmı?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Taliban”ın (Rusiyada qadağan olunmuş terror təşkilatı) hakimiyyətə gəlişini “ABŞ və müttəfiqlərinin iyirmi illik məsuliyyətsiz siyasətinin qanunauyğun finalı” adlandıraraq deyib: “Əfqanıstanda misli görünməmiş ağır vəziyyət yaranır - istər hərbi-siyasi, istərsə də sosial-iqtisadi baxımdan”, sonradan isə hadisələr fəlakətli ssenari üzrə inkişaf edə bilər”.

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, MDB məkanında bütün təhdidlər arasında ən təhlükəlisi (ən azı, Mərkəzi Asiya ölkələri üçün) məhz Əfqanıstandakı qeyri-sabitlikdir: “Orada ictimai-siyasi vəziyyətin inkişafı ilə bağlı risklər və təhdidlər çoxdur. Ölkədə maliyyə böhranıdır, biz humanitar fəlakət gözləyirik, 18-20 milyon əfqan ərzaq çatışmazlığı hiss edə bilər. Əgər döyüşlər və aclıq olarsa, çoxminlik qaçqın axını qaçılmaz olacaq. Əgər onlar şimala gedərlərsə, orada Özbəkistan və Tacikistan, sonra Qırğızıstan və Qazaxıstan, daha sonra isə Rusiya var”.

M.İmankulov sərhədlərin birgə möhkəmləndirilməsi zəruriliyini vurğulayıb: “Çünki qaçqınlarla birlikdə Əfqanıstanda yerləşən “çoxminlik yaraqlılar ordusu” nun üzvləri vəziyyətdən istifadə edə bilərlər.

O xatırladıb ki, 1999-2000-ci illərdə onun ölkəsi məhz taliblərin idarə etdiyi Əfqanıstan İslam Əmirliyinin ərazisində yerləşən yaraqlıların hücumlarına məruz qalıb.

Nüfuzlu “Kommersant” nəşri xəbər verir ki, media üçün qapalı olan çıxışlar zamanı Marat İmankulov MDB ölkələrinin xüsusi xidmət orqanları arasında Əfqanıstanla bağlı məlumat mübadiləsini gücləndirməyə çağırıb.

 Əfqanıstan probleminə Qazaxıstan və Tacikistan Təhlükəsizlik şuralarının katibləri Aset İsekeşev və Nəsrullo Mahmudzoda da diqqət yetiriblər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video