23 Sentyabr 2021 00:50
1114
SİYASƏT
A- A+

“Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz yoxdur”

 

Bu, Serj Sarkisyanın müavini Armen Aşotyanın həmvətənlərinə “bayram” təbrikidir

 

Böyük problemlər içərisində boğulmaqda davam edən, üzləşdiyi sosial-iqtisadi çətinliklərin əlində aciz qalan Ermənistanda siyasi vəziyyət özünün gərgin mərhələsinə qədəm qoymaqdadır.

Hazırda əhalinin hakimiyyətdən narazılığının artmasından yararlanmağa çalışan müəyyən qüvvələr iqtidar əleyhinə təbliğatı gücləndirməyə cəhd göstərirlər. Maraqlıdır ki, bu durumda hakimiyyət daxilində müxtəlif məmur-oliqarxlar arasında da savaş güclənir və indiki halda bu, keçmiş iqtidar təmsilçilərinin lehinə işləyən məqamlardan hesab olunur.

Bu günlər Ermənistanda de-fakto mövcud olmayan müstəqilliyin 30 illiyi qeyd edildi. Hakimiyyət həmin günü əvvəlcə təntənə ilə qeyd etməyə hazırlaşırdı, amma etirazları və iradları nəzərə alaraq pafoslu tədbirlərdən çəkindi.

İradlar və tənqidlər isə ona görə idi ki, Ermənistanın xüsusən indiki - Qarabağda sarsıdıcı məğlubiyyətə uğrayıb olan-qalan suverenliyini, dövlət kimi müstəqilliyini də əldən verdiyi bir vaxtda bu günü bayram etməyə haqqı yoxdur.

Odur ki, Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksəkvəzifəli şəxslər müstəqillik günü münasibətilə “Yerablur” hərbi panteonuna yollandılar. 44 günlük müharibədə ölənlərin valideynləri isə məzarlıqda toplaşaraq buna da etiraz etdilər. Onlar Paşinyanın panteonu ziyarət etmək hüququnun olmadığını bildirərək onu övladlarının məzarının yaxınlığına buraxmaq istəmirdilər. Bu səbəbdən hökumət nümayəndələrinin korteji gəldikdən sonra valideynlər güc yolu ilə panteondan uzaqlaşdırılmışdı.

Həmin gün Yerablurdakı jurnalistlərin işi də məhdudiyyətlərlə başlamışdır. Bir neçə kvadratmetrlik xüsusi bir sahə qırmızı lentlə hasarlanaraq jurnalistlərin bu ərazidən çıxmasına, vəzifəli şəxslərə yaxınlaşmasına və onlara sual verməsinə icazə verilməmişdi. Bununla hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin ölən hərbçilərin valideynləri və jurnalistlər arasında canlı sədd yaradılmışdı və bu səbəbdən KİV nümayəndələri onlara da sual verə bilməmişdilər.

Sabiq prezident Serj Sarkisyanın rəhbər olduğu Respublika partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb ki, heç cür təbrik etmək alınmır: “Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz yoxdur. Artsax (Qarabağ - red.) yoxdur. 5000 nəfər yoxdur. Əsir düşənlər yoxdur. Ölənlərin meyitləri yoxdur. Bizdə ancaq fantom ağrılar var-itirilmiş ləyaqətə görə. Müstəqillik Yeni il deyil ki, səndən asılı olmadan gəlsin, qeyd edəsən, yaxud etməyəsən. Müstəqillik təqvimlə ölçülmür və əgər təqvimdə qırmızı rənglə işarələnibsə, deməli var. Bu gün müstəqillik günü deyil, bu gün müstəqilliyin yas günüdür”.

Cərəyan edən siyasi proseslərin fonunda ağır sosial-iqtisadi durumda olan xalq isə hakimiyyət əleyhdarlarına daha çox etimad göstərməyə başlayır. Bununla bağlı Ermənistan mətbuatı yazır ki, yaranmış vəziyyət ölkə əhalisinin qul kimi yaşadığını göstərir. Bildirilir ki, Ermənistanda qəbul edilən bütün qanunlar və dövlət proqramları yalnız bir qrup hakimiyyət nümayəndəsinin maraqlarına xidmət edir. Ölkədə keçirilmiş parlament və prezident seçkiləri xalqın deyil, hakim dairələrin iradəsinin nəticəsi olur. Ermənistanın iri müəssisələri xarici iş adamlarına satılıb. Kriminallaşmış hakimiyyətdən ehtiyat edən xarici şirkətlər Ermənistana investisiya qoymaq istəmirlər. Qonşuları ilə normal əlaqələr qura bilməyən hakimiyyət dövləti və xalqı məhvə sürükləyir.

“4rd.am” saytının yazdığına görə, Ermənistanda fəaliyyət göstərən hakimiyyət strukturlarının heç biri legitim deyil. Qeyd olunur ki, diaspor təşkilatlarının hesabına büdcəni dolduran hakimiyyət indiyədək bir dənə də olsun iqtisadi layihə həyata keçirməyib. Müharibədəki məğlubiyyət fonunda baş verən maliyyə böhranı diaspor təşkilatlarının maliyyə mənbələrinə çox pis təsir göstərib. Qərb dövlətləri də maliyyə böhranı ilə əlaqədar humanitar məqsədlər üçün ayırdıqları vəsaitləri xeyli azaldıblar. Ona görə də diaspor təşkilatları bu il də Ermənistana böyük yardım göstərə bilməyib.

Beləliklə, hadisələrin inkişaf axarı Ermənistanın daha böyük problemlər bataqlığına sürükləndiyini və ölkənin məhvinin qaçılmaz olduğunu göstərir. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan elə bir vəziyyətə düşüb ki, ölkənin gələcək taleyi kənarda həll olunur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə prosesə təsir göstərmək imkanları, demək olar ki, yoxdur. Bu, Cənubi Qafqaz regionunda yaranmış yeni geopolitik şərtlərdən qaynaqlanır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video