09 Oktyabr 2021 00:41
462
SİYASƏT
A- A+

Bizə kənar “model” lazım deyil

 

Azərbaycandakı sağlam və mütərəqqi dini mühit bütün dünyaya nümunədir

 

Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri çox möhkəmdir və sağlam təməllər üzərində qurulub. Bunun nəticəsidir ki, Azərbaycanda müqəddəs dinimiz xalqımızı sıx birləşdirir, həmrəy edir, ölkəmizin inkişafına və möhkəmlənməsinə xidmət edir.

 

Mənəvi dəyərlərə ehtiramın  təcəssümü

 

Ölkə rəhbərliyi dövlət-din münasibətlərinə  xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin Ramazan və Qurban bayramları münasibətilə xalqımıza təbriklər ünvanlaması, iftar mərasimində iştirak etməsi, o cümlədən bayramlar vaxtı müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, dindarlarla mütəmadi görüşləri bunu təsdiq edir.

Son illərdə ölkəmizdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinin müqəddəs dini ocaqları əhatə etməsi də sağlam dövlət-din münasibətlərindən irəli gəlir. Bir çox tarixi-dini abidələr, ziyarətgahlar dövlət tərəfindən qısa müddətdə yüksək səviyyədə təmir və bərpa edilib. Bu, dövlətimizin mütərəqqi baxışlarını tam qabarıqlığı ilə əks etdirən sağlam mənəvi durumun təzahürüdür.

Onu da qeyd edək ki, müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artmışdır. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Bakıda Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi inşa olunub. Dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi 2013-cü ildə yüksək səviyyədə bərpa edilib. O cümlədən Gəncədə İmamzadə kompleksinin təmir edilməsini göstərmək olar.

Azərbaycan dövləti dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, dünyada islam həmrəyliyinin gücləndirilməsi, o cümlədən islam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır.

Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir.   Bu siyasətin nəticəsidir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.  Hələ 2009-cu ildə Bakı şəhəri  ICESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülmüşdü. Bu, ICESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Bütün bunlar həm də onu təsdiq edir ki, respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət və malik olduğumuz dini tolerantlıq beynəlxalq səviyyədə diqqətlə izlənilir və təqdir olunur.

Ümumiyyətlə, Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu saydı dini təşkilatlar fəaliyyət göstərir. Hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunmuşdur. Bu mənada Azərbaycanda sağlam təməllər üzərində qurulan dövlət-din münasibətləri bütün dünyaya nümunədir.

Azərbaycan həm də dünyada dini tolerantlıq məkanı kimi tanınır. Ölkəmizdə müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Hər bir dinin daşıyıcısı öz dini ayinlərini azad və sərbəst şəkildə yerinə yetirə bilir.

 

Dövlətimizin və  xalqımızın öz yolu var

 

Məhz sağlam dövlət-din münasibətlərinin nəticəsi olaraq Azərbaycanda dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi, İslamın alətə çevrilərək gözdən salınmasına imkan verilməyib və xalqımız dinimizin saflığını hər zaman qoruyub saxlayıb. Əminliklə deyə bilərik ki, Azərbaycanda İslami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunələri mövcuddur. Cəmiyyətimiz dünyanın bir sıra ölkələrinə bədbəxtliklər gətirmiş dini fundamentalizmi və radikalizmi  heç vaxt qəbul etməyib, o cümlədən dinin siyasiləşdirilməsinə heç vaxt imkan verməyib. Bütün bunlar nəticə etibarilə bütövlükdə xalqımızın dini dəyərlərə yanaşması baxımından nümunəvi bir model formalaşdırıb. Ona görə də biz hansısa dövləti, hansısa digər modeli təkrar edə bilmərik. Xalqımızın özünəməxsus adət-ənənələri olduğu kimi, dinə də öz yanaşması var. Bu yanaşmanın əsas göstəricisi ondan ibarətdir ki, Azərbaycan İslamın pak dəyərlərini layiqincə yaşadan nadir dövlətlərdən biridir.

Azərbaycanda bir sıra dövlətlərdə mövcud olan məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür. Məscidlərdə müxtəlif məzhəblərin nümayəndələri birlikdə namaz qılırlar.  Müsəlman dünyasında sünni və şiələrin birlikdə namaz qılmalarına demək olar ki, rast gəlinmir. Bir sıra ölkələrdə sünnilərlə şiələr sülh şəraitində yaşasa belə, dini ayinlərini ayrı-ayrılıqda keçirirlər. Onların birgə namaza toplaşmasına dəfələrlə göstərilmiş cəhdlər heç bir nəticə verməyib. Azərbaycanda sağlam və mütərəqqi dini mühitin mövcudluğunun nəticəsidir ki, sünni və şiələr birlikdə namaz qılırlar və bu, nadir rast gəlinən yüksək dini-mənəvi hadisədir.

Lakin o da məlumdur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən müəyyən xarici siyasi dairələr ölkəmizdəki sabitliyi pozmaq üçün illər boyu din amilindən yararlanmağa çalışıblar, xalqımızın mənəvi dünyagörüşü ilə uzlaşmayan cəfəng iddialarla ölkəmizin dini modelinə qara yaxmağa cəhd göstəriblər. Məsələn, hələ bir neçə il öncə baş örtüyü məsələsini qabartmaqla hər birimizin vicdan azadlığının qarantı olan, dövlət-din münasibətlərini yüksək səviyyədə təmin edən, İslam dəyərlərinə böyük ehtiram göstərən Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə qara yaxmağa cəhd göstərən xarici dini-siyasi dairələrin əməlləri xalqımızın gerçək iradəsini əks etdirmədiyindən fiaskoya uğradı.

Hətta respublikamızı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə din pərdəsi altında terrorçuluğa da cəhd göstəriblər.  Bir neçə il əvvəl Nardaranda baş verənlər bunu təsdiq edir. Əslində, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yox idi, yalnız din pərdəsi altında törədilən cinayət əməlləri vardı. Onlar din adı altında ölkəmizi ziddiyyətlər meydanına çevirmək istəyirdilər.

 

Azərbaycanın nümunəsi məkrli məqsədlərin qarşısında güclü sipərdir

 

Görünən həm də odur ki, bəzi xarici dairələr islamın siyasiləşdirilməsinə cəhd göstərirlər. Siyasi islam isə siyasi ambisiyaları din pərdəsi arxasına keçirməkdir ki, bu da islamın əsl ehkamlarının təhrif olunmasından başqa bir şey deyil.  Xalqımız İslam dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edir. Onların təhrif olunması yolverilməzdir. Azərbaycan dövlətçiliyinin mövcudluğunu, ölkəmizin yüksəlişini və Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyən dini-siyasi dairələrin İslam dinini alətə çevirmələri heç bir mənəvi çərçivəyə sığmır və bu, İslam dininə edilən ən böyük hörmətsizlikdir.

Ölkəmizdə həyata keçirilən siyasət, dövlət-din münasibətlərinin Azərbaycan modeli xalqın maraqları üzərində qurularaq özünün mənəvi saflığı ilə bütün ziyanlı ideologiyaların, arzuolunmaz dini-siyasi məqsədlərin qarşısını hər zaman alıb. Azərbaycan xalqı hər zaman dövlətçiliyimizin və cəmiyyətimizin əleyinə yönəlmiş əməllərə, din pərdəsi altında təxribatçı fəaliyyətə qarşı barışmaz olacaq. Güclü dövlətçilik, xalq etimadına əsaslanan güclü hakimiyyət, eləcə də insanların dövlətimizin dünyəvi prinsiplərlə inkişafında nümayiş etdirdikləri həmrəylik bütün məkrli niyyətlərin qarşısında həmişə sarsılmaz  sipər olaraq qalacaq.

Azərbaycan hüquqi və demokratik yolla, sağlam mənəvi dəyərləri rəhbər tutmaqla inkişaf edən dövlətdir. Bizə nə İran modeli, nə digər ölkələrin modeli lazım deyil.  Azərbaycanın öz yolu var. Bu yol dini tolerantlığın ən gözəl nümunəsidir. Bu yol müxtəlif məzhəblərin nümayəndələrini birləşdirərək xalqımızın həmrəyliyini gücləndirir, dünyəvi dövlətçiliyimizin möhkəm dayaqlarını sasılmaz edir. Heç kəs, heç bir qüvvə bu modeli, bu tolerantlığı poza bilməz. Xaricdən özlərinin xoş niyyətli olmayan dini baxışlarını ölkəmizə yönləndirmək istəyənlərin cəhdləri heç bir nəticə verməyib və bundan sonra da verməyəcəkdir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video