21 May 2021 00:26
900
Mədəniyyət
A- A+

Birliyimizin zəfəri

 

Hər il qeyd olunan Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.

Qeyd edək ki, UNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsi 2001-ci ildə qəbul olunub. Bu bəyannamənin həyata keçirilməsi üçün iyirmi əsas istiqamətdən ibarət fəaliyyət planı müəyyənləşdirilib.  Bəyannamədə müxtəliflik, dialoq və inkişaf arasında əlaqənin yeni anlayışı irəli sürülüb. 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Dünya Mədəniyyətinin İnkişafı Gününü əvəzləyən Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü elan olunub. 2003-cü ildə isə BMT Baş Məclisi qeyri-maddi mədəni irsin: bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında Konvensiya qəbul edib.

Bəyannaməni təsdiqləməklə UNESKO-ya üzv olan dövlətlər mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli, beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürüblər.

Bu əlamətdar günün keçirilməsində əsas məqsəd insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan yaratmaq, dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənməkdir.

Mədəniyyətlərarası dialoqun vacibliyi barədə məlumatlılığın qlobal səviyyəsini yüksəltmək üçün hər il Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Gününə həsr edilən tədbirlər düzənlənir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in mədəni müxtəlifliyə dair proqramlarında fəal iştirak edir.

Ölkəmizdə tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni münasibət göstərilib. Ötən əsrin sonuncu onilliyində müstəqillik əldə edildikdən sonra Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Sovet İttifaqının süqutundan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzlərinin yaranması buna nümunədir. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq üçün mədəniyyət mərkəzlərini yaradıblar. Hazırda respublikamızda milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Azərbaycanda yaşayan onlarca milli azlığın nümayəndəsi öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar.

Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər “tarix və mədəniyyət abidələri” kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndindəki kilsələri, Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi buna misal göstərilə bilər.

Qax rayonunun Əlibəyli kənd mədəniyyət evində 1981-ci ildə yaradılan, 1985-ci ildə “xalq teatrı” adını almış gürcü dram dərnəyinə dövlət statusu verilib. Paytaxt Bakıda`Səməd Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla teatrlarında rus bölmələri fəaliyyət göstərir.

Milli azlıqların yığcam yaşadıqları Lənkəran şəhəri, Astara, Balakən, Dəvəçi, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Qusar, Lerik, Zaqatala, Masallı rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində minlərlə yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır.

Azsaylı xalqların folklorunu, mədəniyyətini geniş təbliğ edən bədii özfəaliyyət kollektivləri yaradılıb. Saatlının “Adıgün” axıska türkləri, Cəlilabadın “Ruçeyok” rus, Qaxın “Şividkatsa” gürcü, Zaqatalanın “Ceyranım” saxur, Qubanın tat, yəhudi, Qusarın “Trillo”, “Şahnabat”, “Mel”, “Qayıbulaq”, “Şahdağ”, “Dustaval” və “Melodiya” ləzgi, Laçının kürd, Balakənin “Xoylo” avar, Lənkəranın “Şənlik”, “Bacılar” folklor mahnı və rəqs, Masallı rayonu “Halay”, Lerik rayonunun “Laqutto”, Astaranın “Sevinc” talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbildəndir. Onlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Mədəniyyət müəssisələrində fəaliyyət göstərən azsaylı xalqlar Azərbaycanın ayrı-ayrı bölgələri ilə yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar.

Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. UNESKO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabrda imzaladığı qanunla ölkəmiz bu Konvensiyaya qoşulub.

Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəslə ötürülsün. Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlaması və inkişaf etdirilməsi, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, dövlətin qayğısı, azsaylı xalqların mədəniyyətinin inkişafına dəstək onlara stimul verir.

Azərbaycanı özlərinə vətən bilən, qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayan xalqların, milli və dini azlıqların nümayəndələri ölkəmizin  daha da qüdrətlənməsində, dünyada tanınmasında mühüm işlər görürlər. Bu sarsılmaz birlik sayəsində Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini tar-mar etdi.

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edən Prezident İlham Əliyev yenidən diqqəti Azərbaycanda yaşayan xalqların birliyinin sarsılmazlığına yönəltdi. Qədim mədəniyyət beşiyi olan Şuşada 29 ildən sonra düzənlənən möhtəşəm tədbirdə dövlət başçısı bildirdi ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Prezident İlham Əliyev vurğuladı: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Bu ildən başlayaraq “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Uzun fasilədən sonra düzənlənən festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər. Dövlət başçısı vurğuladı ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”.

Otuz ilə yaxın davam edən işğal müddətində mənfur düşmən tərəfindən tarixi, mədəni, dini abidələrimiz dağıdıldı. Yaşayış evləri və ictimai binalar yerlə-yeksan edildi. Azərbaycan xalqı o illər ərzində hər zaman ərazilərimizin düşmən işğalında qalmayacağına inandı. Artıq arzularımız həyata keçib. Erməni qəsbkarlarının xarabalığa çevirdikləri yaşayış məskənlərimiz Azərbaycanda yaşayan bütün xalqların birliyi və əməyi ilə abad olacaq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video