12 Oktyabr 2011 01:10
704
Mədəniyyət
A- A+

Bir kəndin tarixçəsi

 

Birinci dünya müharibəsindən əvvəl malakan kəndində necə olursa gözlənilmədən yatalaq xəstəliyi yayılır, ölənlərin sayı artır. Malakanlar da Allaha qədərsiz dərəcədə bağlı insanlar olduqları üçün belə qənaətə gəlirlər ki, deyəsən, xucluların qarğışına düçar olublar və Tanrı onları cəzalandırıb. Eyni zamanda, Birinci dünya müharibəsinə səfərbərlik başlanır, malakanlardan silaha sarıla bilənlər müharibəyə cəlb edilir. Kənddə kişilərin sayı azaldığından camaat Xaçmaz rayonunun Alekseyevka kəndinə köçməyə qərar verir. Evlərini də bizim kəndin camaatına satırlar. Birinci dünya müharibəsi başlayanda artıq bu kənddən ruslar tamamilə köçüb getmişdilər. Onlardan yadigar  düz küçələr, 20-30 ev və bir də kəndin mərkəzində ucalan kilsə qaldı.

Məhz bu fərqlərə görə Xucbala bütün Azərbaycan kəndlərindən seçilir. Küçələri xristian memarlığında olduğu kimi  düz və genişdir. Əyri, dolanbac, dar məhəllələr kəndimizdə sonralar salındı. Bütün köhnə küçələr paralel və perpendikulyardır.

Bir dəfə həyətimizdə axşamüstü dostumun malakan sürücüsü Kolyadan nə hiss etdiyini soruşdum. Artıq qaranlıq düşürdü, o, gecəyə qulaq kəsildi, dinmədən ətrafı dinləyib dərk etməyə çalışdı. Bir qədər susduqdan sonra kövrək səslə dilləndi:

- Bu yerlər çox doğmadır, özümü malakan kəndindəki kimi hiss edirəm. Sanki keçmişin qoxusu gəldi, əcdadlarımın əzablarını eşitdim. 

Kolya sonra onların da baba və nənələrinin Azərbaycana köçürülən zaman hansı məşəqqətlərdən keçdiklərini danışdı. Sən dəmə, hər kəsin dərdi özünə bir dəvə yükü qədər ağır imiş. İmperator malakanlara, duxoborlara və kazaklara  bu torpaqları sevdiyindən yox, gözündən aralı saxlamaq, bir də buraları ruslaşdırmaq üçün verib. Əzizlənən təbəələr yox, məqsədə çatmaq üçün vasitə olublar.

Kəndimizin mərkəzindəki dikin üstündə yeni tikilən məscidin qarşısında xristian kilsəsi ucalır. Kədərli oxşarlıqlar var kəndimizdən və kəndimizə sürgün edilən azərbaycanlılarla rusların məhrumiyyətləri arasında. Bəlkə də məhz malakanların başına gələn müsibətlərə rəğbətlə yanaşdığından xuclular yaşı yüzü ötən xristian məbədini əziz bir yadigar kimi qoruya biliblər. Qızxanım xalanın nadinc uşaqları kilsənin  həndəvərindən qovması da qoca bir qadının və bütün kəndimizin ruhundakı tolerantlığın səmimiliyinə işarə deyilmi? Ruslar köçüb getsələr də, onların tikdiyi kilsə Tanrının müqəddəs evi kimi dağıdılmadı, qorundu. Baxmayaraq ki, bolşeviklərin dövründə Rusiyanın özündə minlərlə ən müqəddəs kilsələr, məbədlər yerlə yeksan edildi, uçuruldu.

Hər dəfə kəndimizin mərkəzindəki kilsənin yanından keçəndə Rusiyanı və dövlətimizin iş adamlarını fikirləşirəm. Bu kilsənin bir xristian abidəsi kimi qorunub bərpa edilməsi Rusiya-Azərbaycan dostluğunu daha da gücləndirərdi. Zənnimcə, kəndimizin Rusiyada yaşayan iş adamları da bu nəcib təşəbbüsdən kənarda qalmayacaqlar. 1985-ci ildə tələbə dostum Vitaliy Abramovla (sonralar o "İzvestiya" qəzetinin baş redaktoru təyin edildi) kəndimizi qarış-qarış gəzdik, meşələri dolandıq, kilsənin yanından keçəndə isə onun dediyi söz indi də yadımdan çıxmır: "Bahadur, sizi indi daha yaxından tanıdım. Bu dağlarda heç vaxt pis adam doğula bilməz". Vitaliy Həştərxanda doğulmuşdu, yarıtatar idi. Görünür, təbiətindəki müsəlman və xristian cizgiləri kəndimizi ona sevdirə bilmişdi.

Kəndimizin öz tatarı da var idi - Dima dayı. Kazandan köçmüşdü. Bəbir kişinin qızını almışdı. Arvadını zarafatyana haraylardı ki, sən Bəbirin qızı, mən də Vaşaqın oğluyam! Dima dayının əlləri qızıl idi: kimə dəmirdən dam vururdusa, Kremlin bəzəklərini işləyirdi. Mənə də şikayətlənərdi:

- A kişi, bu millət lap naşıdı. Mən onlara dəmirdən əsl türk, müsəlman naxışları kəsirəm, deyirlər ki, bu Kremli tulla, ruslarındı!

Ölənə kimi Dima dayının köksündə vuran müsəlman ürəyini kimsə başa düşmədi, elə hey dedilər ki, rusdur.

Bir dəfə Dima dayı keflənəndə necə olubsa tərslikdən evinə od düşübmüş. O gələndə artıq iş-işdən keçibmiş. Camaat yığışıb yanğını söndürəndə Dima da yavaş-yavaş ayılıb canına düşən soyuqdan arxasını yanan evə tutub qızdırırmış. Kimsə görüb ki, Dima dayının kürəkləri tüstülənir. Qışqırıb ki, Dima dayı, pencəyin yandı! Geri çəkil! Dima dayı tövrünü  pozmadan astadan burnunu çəkib: 

- Zarar yoxdu, evda tazasi var, - deyəndə camaat da qəşş eləyibmiş ki, rəhmətliyin oğlu, evin yanıb qurtardı, orada təzə pencəkmi qalar?!

Müharibə başlayanda kəndin ən ağır vaxtları olub. Hamı cəbhə üçün çalışıb,  qarınlarına da bir tikə çörəyi güclə tapa biliblər. Kəndimizdən gəlib keçən rus qaçqınlarının  sayı-hesabı olmayıbmış. Ac-yalavac idilər, çox pis vəziyyətdə gəlirdilər,  yeməyə də heç nələri olmazdı. Kimin qulpundan nə çıxardısa, verərdi.  Yolun qırağında tapılan meyitləri camaat yığışıb dəfn edərdi. Kisəsinin ağzını büzüb xəsislik edənlər də tapılardı. 

Ac, yurdsuz-yuvasız qaçqınlar əllərinə nə keçirdisə, tutub yeyirdilər. Buna görə də bir çoxları elə tövlələrində,  mal-qarasının yanında yatardı ki, qaçqınlar oğurlamağa ürək eləməsinlər. 

Müharibədən xeyli ötəndən sonra da adamlar kasıb yaşayırdılar. Balaca evlər tikərdilər, bir otaqda 7-8 adam yığışıb yatardı.  Bir maşın odun bütün qışı görərdi. Bir bəylik kostyumu olardı kəndin, onun da içindən kəndin bütün bəyləri "gəlib keçərdi". Xucbalada yaradılan kolxoz müharibədən bir neçə il sonra gücləndi, yeni meyvə bağları salındı, arxlar qazıldı, Qusardan, Qarabulaqdan içməli su çəkildi, dəyirman, məktəb binası, meyvə emal edən zavod tikildi. Bunların hamısını  tikən kolxozun direktoru, babam idi.

Ancaq o illərin uğurları ilə öyünmək asan deyil, çünki 50-ci illərin sonunda adamların arasına düşmənçilik düşdü. Əl-ələ verib çalışmaqdansa qohum-əqrəba ikiyə bölünərək çəkişməyə başladı.  Ana babam müharibədən yaralanıb qayıdan əmimi fermaya müdir təyin etsə də, elə əmimin evində adamlar yığışıb babamdan şikayət məktubları yazmağa başladılar.  Uşaqları Nəsrətulla kişiyə "ağa", anasına da "bacı" deyərdilər. Biz də babamızı "ağa", nənəmizi "bacı" deyə çağırardıq. Münasibətlər o dərəcədə qəlizləşmişdi. 

Aradan ötən 40-45 il imkan verir ki, olub-keçənləri bir də götür-qoy edək. Əslində, bu, sürgündən keçib parçalanmayan, sonadək bir-birinə arxa duran kəndin ən yaxın qohumları arasında doğulan düşmənçilik deyildi. Sovet hökuməti ağlarla qırmızıların, menşeviklərlə bolşeviklərin qarşılıqlı nifrəti üzərində qurulan rejim kimi münaqişələrdən doğulmuşdu və münaqişələrlə də xarici kapitalın hesabına idarə olunurdu. Avropada və okeanların arxasındakı siyasi dairələrdə  yetişdirilən ədavət toxumları ən ucqar dağ kəndinə qədər yayılır, ən yaxın qohumları da satqınlığa, xəyanətə və düşmənçiliyə kökləyirdi.

Çünki kolxozun mülkü, mal-qarası kəndin qolçomaqlarının, bəylərinin və ortababların sərvəti idi əslində. Onların uşaqları barışa bilmirdilər ki,  bu sərvətlər yığılıb kiminsə əlində cəmlənəcək, onlar da - bəy uşaqları dədələrinin mülkündə nökər duracaqlar. Onlar üçün, çox güman ki, "kolxoz" sözü də müqəddəs bir məna kəsb etmirdi. Çünki heç kim inqilabdan əvvəlki ata-baba torpaqlarından, mülkiyyətindən gözünü çəkməmişdi. Kəndimizin yazılmayan qanunları formalaşırdı. Bunlardan  biri də o idi ki, kolxozun bağından kim istəsə, oğurluq edə bilərdi, əslində, bu, oğurluq da sayılmırdı. Məsələn, hamı bilirdi ki, evimizin qabağında kolxoz bağında iki anton alması ağacı bizim idi. Heç kim də onun meyvəsinə toxunmazdı. 

Bağlar qocalıb taqətdən düşdükdən sonra ləğv edildi və evimizin qabağındakı sovxoz sahəsində çuğundur əkdilər. Balaca qardaşım Sənan fürsət düşən kimi qoyunları  vurardı çuğundurluğa. Kəndin briqadiri Qonaq dayı da qeyzlənərdi ki, ayə, Sənan, keçin xeyratınızı hökumətin bağından çıxardın. O da kəndin briqadirini sakitləşdirərdi ki, vallah, Qonaq dayı, bizim qoyunların  çuğundurla işi yoxdu ki, onlar aradakı alaq-malağı dənləyirlər.

Qonaq dayı da möhkəm hirslənərdi:

- Adə, köpəkoğlu! Sən mənə demək istəyirsən ki, mənim başım işləmir?

- Allah eləməsin, Qonaq dayı, elə söz demədim ki...

- Ay uşaq, mən bu çuğundurluğun  alağına görə 30 adama maaş verirəm! Əgər sənin qoyunların alaq edirsə, bu qədər adamı niyə yedizdirirəm ki... elə gəlib dədənin qoyunlarını çıxardaram da sahəyə. Alağımı da edərlər, hələ bir az arpalarını artıq eləsəm, kətmən də vurarlar.

Maraqlı illər idi. Hamı öz bağını əkib-becərirdi. O vaxtlar  hərənin 20-25 sot həyətyanı sahəsi olardı. Əsasən alma, armud əkərdilər. Çatışmayanı da kolxozun bağından çırpışdıranda bir Rusiyetin  yükünü tutmaq olurdu. 70-80 yeşik alma ilə o tərəfə gedənlər geriyə 5-6 min manatdan az pulla qayıtmazdılar. İndi həmin qazancı heç 700-800 yeşik meyvədən də çıxarmaq olmur. Bəzən Rusiyada qiymətlər elə oynayır ki, ziyana düşənlər illərlə çalışıb vəziyyəti düzəldə bilmirlər.

Sovet vaxtı  nə vardısa, hamısı dövlətinki sayılardı. Hamı birlikdə əkib-becərir, suvarır, qulluq edir, günəmuzd əməkhaqqı  alırdı. Ancaq elə ki axşam düşürdü,  hərə bir tərəfdən cumurdu kolxoz mülkiyyətinə və dədəsinin malı kimi evinə daşıyırdı. Bağban almanı, əkinçi taxılı, fermadakılar yemi, südü talayırdılar. Ona görə də kolxoz camaatı dolandırmaqda, camaat da kolxoza sədaqətli olmaqda maraqlı deyildi. Hərə öz başını birtəhər girləyirdi.

Geriyə qanrılıb ötən əsrin ikinci yarısının əvvəlində yaxın qohumların arasındakı düşmənçiliyin, ədavətin köklərini axtaranda  görürsən ki, bu, qohumların yox, azad bir ölkə ilə işğal edilmiş Azərbaycanın ədavəti idi. Şura hökuməti hamını bərabər etməklə yanaşı, hamıya  bir-birini qırmağa, düşmən elan edərək divara qoyub güllələməyə, öldürməyə, zəiflərə isə satqınlıq etməyə şans vermişdi.  Ona görə də qohumların, tayfaların  arasındakı bu ədavət mexanizmi  saat kimi qurulmuşdu və bir saniyə də olsun fasilə vermədən aramsız olaraq çalışırdı. İnsanları düşmənçiliyə sövq edirdi. Mülkləri, torpaqları və sərvətləri şuranın əmlakına çevrildiyindən bu sərvətləri itirənlərlə idarə edənlərin döyüşməsi labüd idi. İndi həmin o ədavətli illər arxada qalıb. Bizim ağlımız ona çatdı ki, 37-ci illərdən miras qalan düşmənçiliyi cücərtmədik, babalarımızın ədavətinə məhəl qoymadan atalarımızın qoyduğu qaydalarla yaşadıq. Bütün pisləri və pislikləri unudaraq yenidən yaxınlaşdıq, qohum olduq, dostlaşdıq və illər boyu arada baş qaldıran ədavəti, kin-küdurəti dağılan imperiyanın arxivinə verdik.

Ancaq işıqlı məqamlar da az olmayıb. Bu kəndin ən kasıb uşaqları keçmiş Sovet İttifaqının ən güclü məktəblərində oxudular.  Ulu öndər Heydər Əliyevin kadr siyasəti elə qurulmuşdu ki, ucqar dağ kəndindən belə Sovet İttifaqının ən məşhur ali məktəblərinə gedib oxuya bilirdilər. Lomonosov adına MDU-da, Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında,  Sankt-Peterburqun aparıcı təhsil müəssisələrində Xucbaladan neçə-neçə gənc təhsil ala bildi. Onlar geri qayıdanda ulu öndərin nəzarəti altında ölkənin ən nüfuzlu təşkilatlarında işlə təmin edildilər. Kəndimizdən neçə alim, elmlər doktoru, professor yetişdi. Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilən kimya elmləri doktoru Münəvvər İbrahimova belə hesab edir ki, kəndin intibah dövrünün başlaması Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin oxuduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunu, mənim ədəbiyyat müəllimim Mülkümün nəvəsi Zaur kəndimizin qeyri-adi avtobioqrafiyaya malik olduğunu təsdiq edir:

- Proseslərin unikallığı xronoloji hadisələrin ardıcıllığından daha çox  ulu öndərimiz Heydər Əliyevin torpaq islahatları ilə bağlıdır. Torpaqlarından didərgin düşən, yurdlarını itirən və Muğandan qayıdandan sonra yenidən əlində-ovcunda qanı bahasına yığılanları sovxozun mülkiyyətinə qatıb bir anda kolxozçuya, fəhləyə çevrilən insanlara ulu öndər həm torpaqlarını, həm də bu yerlərdə öləziyən sahibkarlıq hissini qaytardı. Torpaqların özəlləşməsi ilə bağlı verilən qərarın dəyərini, zənnimcə, bu kəndin insanları kimi ölkəmizdə çətin ki, başqaları anlasın.

Ulu öndər bu kəndin yüzlərlə sakininə Türkmənçay sazişinə qədər nələri vardısa, hamısını qaytardı, hədiyyə etdi! 

Kəndimiz haqqında yazını qurtaranda qeyri-ixtiyari olaraq ürəyim məni sonuncu bazar günü Xucbalaya sarı çəkib apardı. Dərə məhəllədən keçəndə gördüm ki, yollarda qızğın iş gedir, borular tökülüb, qaz çəkilir. Qədərsiz dərəcədə sevindim. Bu  da dövlətimizin qayğısıdır. Varlanırıq və ölkənin sərvətlərindən mənim kəndimə də pay düşür. Meşələrimiz qorunacaq, evlərimiz mavi alovun hesabına isinəcək. İki əsrdə iki minillik iztirablardan keçən kəndimlə vidalaşıb Bakıya qayıdıram.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video