30 Oktyabr 2011 12:10
505
Mədəniyyət
A- A+

Biganəliyin qurbanı

 

Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Afaq Məsudun "Qatarın altına atılan qadın" adlı iki hissəli tragikomediyası rejissor Mehriban Ələkbərzadənin quruluşunda tamaşaya qoyulub. Yeni tamaşaya musiqini bəstəkar Vaqif Camalzadə yazıb.

Tamaşanın məzmunu olduqca düşündürücü bir məsələdən bəhs edir. Biganəliyə tuş gəlmiş insan taleyinin ağrı-acılarından söz açan və faciə notları üzərində qurulmuş komediyada vaxtilə məşhur olan, sonradan unudulan bir aktrisanın əzabları ilə üz-üzə dayanırıq. Gültəkin Sarabskaya adlanan baş qəhrəmanı əməkdar artist Kəmalə Hüseynova təsirli və inandırıcı şəkildə tamaşaçılara təqdim etməyi bacardı. Vaxtilə hamının sevimlisi olan, ətrafına çoxlu pərəstişkarı yığışan məşhur aktrisa ömrünün payızında unudulmağa başlayır. Bütün həyatını sənətə həsr edən, teatrdan ayrı yaşamağı bacarmayan aktrisa stresdən ağlını itirmək dərəcəsinə gəlir. Bu vəziyyət elə bir həddə çatır ki, o, vağzalda təsadüfən rastlaşdığı bir bomjla dərdləşməyə başlayır. Müsahibi vaxtilə yazıçılıqla məşğul olan Xasay Dilgir (bu obrazı da əməkdar artist Cəfər Namiq Kamal təqdim edirdi) uzun söhbətdən sonra qarşısındakı qadının məşhur aktrisa olduğunu bildikdə dəhşətə gəlir. Çünki Gültəkin Sarabskayanı tanımayan yox idi. O, gənclik illərində dəbdə olan, hər gün gündəmə gələn, haqqında qəzetlərdə tərif dolu yazılar çıxan, adı afişalardan düşməyən ünlü bir sənətkar idi. Dəyişən dünyanın təsiri onun çalışdığı teatrda da özünü büruzə verir. Qeyri-peşəkarlar peşəkarları sinəsindən itələyir. Bu zərbədən atılanlar isə Gültəkin Sarabskaya kimi vağzallarda avara həyatı keçirən bomjlarla dərdləşməyə məcbur olur.

İki saat davam edən tamaşada biganəliyin - ən ağır xəstəliyin insan həyatına gətirdiyi faciə olduqca inandırıcı şəkildə təqdim edilir. Sonluq isə daha ibrətamizdir. Bu yekun baş verənə kimi isə aktrisa Kəmalə Hüseynova təqdim etdiyi obrazın libasında bir əzablı ömrün çəkdiyi zilləti tamaşaçıya çatdırmağa çalışır. İnsafla desək, aktrisa çox istedadlıdır. Paltarına büründüyü obrazın ağır taleyini olduğu kimi oynamağı bacarır. Amma hadisələr burada çox uzanır. Tamaşa başlanandan sonadək biz baş qəhrəmanı öz dərdlərinin içində çarpışan görürük. Çox halda da eyni hərəkət, eyni pauza, eyni jestin təkrarı tamaşaçını yorur. Bəzən də onu əsəbiləşdirir. Hətta özün-özünə sual verirsən ki, bomjların söhbətinə, uzun sürən dialoquna qulaq asmaqla niyə vaxt itirəsən? Axı, teatra həm də zövq almağa, dincəlməyə gəlirsən. Düşündürmək üçün bu qədər uzun çəkən ağlar vəziyyəti davam etdirmək o qədər də uğurlu alınmayıb. Bir qədər də hövsələsi dar olanlar əsərin axırını gözləmədən belə getmək məcburiyyətində qalırdılar. Halbuki final o qədər təsirli, düşündürücü idi ki, ayağa qalxıb səhnədəkiləri alqışlayan tamaşaçılar pərdə enəndə belə salonu tərk etmək istəmirdilər. Uzun sürən alqışlar və gül dəstələri səhnəyə ünvanlanırdı.

Bütün ağrı-acılara, əzablara baxmayaraq, Gültəkin Sarabskaya teatra üz tutur. Onu foyedə görən Rejissor (bu rolu yaradan isə əməkdar artist Kazım Abdullayevdir) köməkçisinə üz tutaraq "bunu niyə bura buraxmısınız? "Onun burada nə işi var?" söyləyir. Bu da azmış kimi, özü məşhur və yaşlı aktrisaya yaxınlaşaraq kobudluqla deyir: "Daha sizin vaxtınız bitib. Evinizə gedin. İndi səhnəyə gənclər gəlməlidirlər".

Biganəlik doğrudan da ağır xəstəlikdir. Buna tuş gələnlər heç vaxt sağalmır. İllər boyu bu səhnədə tamaşaçı alqışları ilə qarşılaşan Gültəkin Sarabskaya indi üzləşdiyi ögey münasibətə dözüm gətirə bilmir. Həyatın bu ağır təzadları onu intihara məcbur edir və o, özünü qatarın altına atır. Nəticədə həmin Rejissor üzünü tamaşaçılara tutaraq kədərli tərzdə monoloqa başlayır: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Səhnəmizdə çoxsaylı tamaşalarda baş rollar yaratmış görkəmli aktrisamız Gültəkin Sarabskaya vəfat etdi". Halbuki onu bu ölümə göndərən elə Rejissorun özü deyildimi?

Tamaşanın toxunduğu mövzu birbaşa mənəviyytla bağlıdır. Həmişə gərəkli olan, sevilən, axtarılan, yaşlaşanda isə atılan sənət adamı ilə münasibətlərin bu dərəcədə kəskin pozulması, keçmişinin unudulması, ona laqeyd, bir qədər də sərtliklə yanaşılması belə bir bədbəxt hadisənin baş verməsini şərtləndirdi. Müəlliflərin demək istədiyi fikir olduqca önəmlidir. İnsana həmişə diqqət göstərmək gərəkdir. Sənətkarlar da həssas və kövrək qəlbə malik olduqlarından onlara xüsusi qayğı, hörmət bəsləmək, unutmamaq, yada salmaq çox vacibdir. İnsanı yaşadan onun əməlləri, yaradıcılıq fəaliyyətidir. Gültəkin Sarabskaya da belə dolğun bir həyata malik idi. Amma onu ağır vəziyyətə laqeydlik saldı.

Pyesin mövzusu uydurma deyildir, həyatdan gəlmədir. Bəlkə də onlarla aktrisa, aktyor tanıyırıq ki, ömrünün ahıl çağındadır. Yaş öz işini görsə də, onlar əvvəlki şuxluqlarını itirsələr də, ürəkləri həmişə sənətlə bağlıdır. Ona görə də belə insanları axtarmaq, onlarla ünsiyyət qurmaq, hətta məsləhət almaq da onların ömürlərinə ömür calayır. Bəzən hər şeyi maddilik yox, çox halda mənəvi dəstək, sadəcə, xoş üz, mehriban söz həll edir. Tamaşanın ideya və məqsədi də budur: insana laqeyd yanaşılmasın! Unudulmaq çox ağırdır. Bəzən insan bunu həll edə bilmədiyindən dərdə, qəmə tuş gəlir. Bir-birimizə dərd verməmək üçün biganəliyin üzərindən qara xətt çəkilməlidir.

Yeni tamaşanın bədii tərtibatı, xalq rəssamı Nazim Bəykişiyev tərəfindən verilib. Epizodik rollarda əməkdar artist Hicran Nəsirova və digər aktyorlar da iştirak edirlər. Bir fikrimizi də bildirək ki, yeni tamaşadakı yoruculuğu aradan qaldırmaq o qədər çətin deyildi. İstedadlı rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bu sahədə çox bacarıqlıdır. Onun quruluş verdiyi tamaşalar həmişə mənəviyyatla, mənəvi dəyərlərlə, tənhalığa məcbur olmuş, bəzən də cəmiyyət və doğmaları tərəfindən unudulmuş insanların daxili dünyasından söz açır. Bu rejissor, həqiqətən, tamaşaçını düşündürməyi bacarır. İnanırıq ki, "Qatarın altına atılan qadın" tamaşasındakı müəyyən yoruculuq da aradan qaldırılacaq.

 

F.XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video