27 Noyabr 2011 12:11
342
SİYASƏT
A- A+

Beynəlxalq vasitəçilər status-kvonun dəyişdirilməsi tələbini irəli sürürlər

 

Bu, işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması deməkdir

 

Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı cənab İlham Əliyev çıxışında illərdən bəri qurtula bilmədiyimiz, xalqımızın daha çox ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, Azərbaycanın prinsipial mövqeyindən də danışmışdır: "Bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib torpaqlarımızı işğaldan azad edək. Son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə, status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir. Münaqişə dondurulmuş münaqişə deyil, status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal etdikləri torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə, münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli-öz xeyrimizə - yəni, beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır".

Müsbət haldır ki, son aylar beynəlxalq vasitəçilər də artıq status-kvonun bu vəziyyətdə qalmasına narahatlıqlarını bildirir, onun təcili dəyişdirlməsini istəyirlər. Status-kvo mövcud vəziyyətdən çıxmalı, sülhə nail olmaq üçün tərəflər siyasi iradə göstərməlidirlər. Bu da təsadüfi deyil.  İndi Azərbaycanın iqtisadi göstəriciləri, hərbi sənayesi, beynəlxalq aləmdəki nüfuzu Ermənistanla arasındakı böyük fərqi ortaya qoyur və bu fərqin miqyası Azərbaycanın xeyrinə getdikcə genişlənir.

Təkcə hərbi sahəni götürsək, Azərbaycanda və Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani sübut etdi. Onların keçirdiyi "hərbi parad"dan sonra dünya bildi ki, Ermənistan ordusu hansı gündədir. Nüfuz fərqi BMT-də keçirilən səsvermə zamanı da özünü göstərdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etdi. Ermənistan da namizədliyini irəli sürdü. Ancaq tezliklə anladı ki, Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Odur ki, sakitcə namizədliyini geri götürdü. Prezident İlham Əliyev bununla bağlı ümid etdiyini bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də onlar eyni yanaşmanı göstərəcək, götür-qoy edəcək, nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə rəqabət apara bilmirlər və bilməyəcəklər: "Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən, dost olmaq istəyirlər".

Xatırladaq ki, Azərbaycan və Ruanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı BMT-yə birgə qətnamə layihəsi təqdim edib. Azərbaycan haqlı olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv olmaq niyyətindədir. Azərbaycan hər zaman qaçqınların vəziyyətinin həm beynəlxalq və regional əməkdaşlıq yolu ilə, həm də milli səviyyədə yaxşılaşdırılmasına çalışır.  

Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanın Azərbaycanın qələbəsinə reaksiyası belə olmuşdur: "Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq. Yaxın iki ildə biz Ermənistana ciddi meydanoxuma hallarının şahidi olacağıq". Deməli, artıq Ermənistan bu reallığı dərk etməyə başlayıb. Əslində, Ermənistan bu haqsız münaqişədən əl çəkərsə, daha çox qazanar. Bunu beynəlxalq aləm də etiraf edir. Təəssüf ki, bu dövlət üçün hər zaman birinci növbədə vətəndaşlarının rifahı deyil, siyasi ambisiyaları dayanıb. İyirmi ildən çoxdur ki, bu ölkə Azərbaycanla haqsız ədavət aparır, dünyanın üç böyük dövləti bu münaqişənin nizamlanması üçün vasitəçilik edir. Lakin təəssüf ki, hələ də Ermənistan rəhbərləri ağıllarını başlarına yığıb ipə-sapa yatmırlar.

Azərbaycan və Ermənistan rəsmilərinin razılığı ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının nümayəndələri arasında noyabrın 28-də Almaniyanın paytaxtı Berlində görüş nəzərdə tutulub. Güman edilir ki, icmalar arasında görüşün keçirilməsi münaqişənin həllinə müəyyən müsbət təsir göstərə bilər. Münaqişənin başladığı ilk günlərdən Azərbaycan Ermənistanı dəfələrlə bu cür görüşlər keçirməyə, birgə müzakirələr aparmağa çağırsa da, ermənilər həmişə belə çağırışlardan qaçmışlar. Bu dəfə necə olacaq, indidən fikir söyləmək çətindir. Lakin Ermənistanın özündə də artıq başa düşürlər ki, onlar Azərbaycanın gündən-günə artan iqtisadi və hərbi qüdrəti qarşısında tab gətirə bilməyəcəklər.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video