21 Noyabr 2021 00:44
247
SİYASƏT
A- A+

Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyir

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın üçüncü komitəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə noyabrın 18-də BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilib.

Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu diqqətə çatdırılır. Koronavirusa qarşı mübarizədə çoxtərəfliliyin, həmçinin beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır.

Bu xüsusda bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.

BMT Baş Assambleyasının üçüncü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyinin nümunəsi olub.

Xatırladaq ki, Prezident İlham Əliyev hələ pandemiyaya qarşı mübarizənin ilk günlərindən “Biz birlikdə güclüyük!” çağırışını irəli sürüb. Bu çağırış 2020-ci ilin aprelində Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Türk Şurasının koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü zamanı ilk dəfə qlobal çevrədə öz real ifadəsini tapıb. Türk Şurasının Zirvə Görüşündən sonra Azərbaycanın təşkilatçılığı ilə koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik məqsədilə növbəti tədbir düzənlənib. Belə ki, ötən ilin mayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Həmin beynəlxalq tədbirdə Azərbaycan Prezidenti qlobal bəlaya çevrilmiş pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Təklif Qoşulmama Hərəkatına  üzv 120 ölkə arasında yekdilliklə qəbul olunub.

BMT baş katibi Antoniu Quterreşə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr adından ünvanladığı BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi də razılıqla qarşılandı. Azərbaycan Prezidentnin təşəbbüsü ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası 2020-ci ilin iyulunda çağırıldı.

Həmin ilin 5 noyabrında BMT Baş Assambleyası öz plenar iclasında qətnaməni qəbul etdi. “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası” ilə bağlı qətnaməyə görə, Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına  üzv ölkələr adından irəli sürülən təşəbbüs əsasında ötən ilin dekabrında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunan dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi.

Bu ilin mart ayında isə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə yekdilliklə qəbul edildi.

Koronavirus pandemiyası qlobal təhlükəyə çevrilməyə başlayandan ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edib. Təşkilat Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları  göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq, 150 min doza vaksin təqdim edib.

Varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin gündəliyində olub, bu mövzuda müxtəlif tədbirlərdə çıxış edib, təşəbbüslər irəli sürüb.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Prezident İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb. O, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan edib.

Bu il noyabrın 18-də isə BMT Baş Assambleyasının üçüncü komitəsində sözügedən qətnamənin layihəsi müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub. Qətnamənin əleyhinə heç bir ölkə səs verməyib. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri isə regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistan olub. Azərbaycanın bütün məsələlərdə, hətta humanitar məsələlərdə də uğurlarını Ermənistan hər zaman olduğu kimi, bu dəfə də qısqanclıqla qarşılayıb.

Qeyd edək ki, qətnamə növbəti dəfə bu ilin dekabr ayında BMT Baş Assambleyasının plenar sessiyasında qəbul ediləcək.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video