11 Iyun 2021 02:37
2053
İQTİSADİYYAT
A- A+

Bəsləsən atlas olar tut yarpağından

 

Qədim tarixə malik baramaçılığa Azərbaycanda gəlirli sahə kimi həmişə böyük maraq olub. Qədim İpək yolu üstündə yerləşən Azərbaycan ipək istehsalçısı və ixracatçısı kimi nəinki Asiyada, eləcə də Avropada böyük şöhrət qazanıb.

Təəssüflər olsun ki, sovetlər birliyi dağıldıqdan sonra digər sahələr kimi, baramaçılıqda da iqtisadi əlaqələr kəsilmiş, ipək istehsalı demək olar ki, dayanmışdı. Ancaq Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə baramaçılıq yenidən dirçəldilmişdir. Ölkə iqtisadiyyatında ənənəvi sahələrdən olan baramaçılığın inkişafı Prezident İlham Əliyev tərəfindən də diqqət və qayğıkeşliklə əhatə edilmişdir. İndi baramaçılıq Azərbaycanda yeni inkişaf dövrünü yaşayır. Xüsusilə dövlət səviyyəsində verilən dəstək sayəsində əhalinin bu sahəyə marağı sürətlə artır.

Goranboylular da hər il bu sahədə uğurlu nəticələrə nail olurlar. Cəmi 40 gün ərzində çəkdikləri əziyyətin bəhrəsini görən rayon kümçüləri baramaçılığın iqtisadi cəhətdən gəlirli olmasını deyirlər.

Keçən ildən fərqli olaraq bu il rayon kümçüləri daha çox - ümumilikdə 150 qutu baramaqurdunun toxumlarını götürmüşlər. Özü də həmin toxumların dəyəri dövlət vəsaiti hesabına ödənilmişdir. 46 kənd üzrə 91 kümçü ilə müqavilə bağlanmışdır. Artıq bir aydır ki, təsərrüfat sahibləri barama istehsalına başlamışlar. Barama qurdlarının yemləndirilməsində də heç bir problem yoxdur. Belə ki, rayon ərazisində 27 min tut tingi əkilmişdir və artıq həmin ağaclar bara düşmüşdür. Qızılhacılı, Səmədabad, Faxralı və digər kəndlərin ərazilərində əkilən tut ağaclarının bir hissəsi Çin, bir hissəsi isə yerli sortlardır. Təkcə Faxralı kəndi ərazisində 4 min tut ağacı yetişdirilmişdir.

Xan Qərvən rayonun ən böyük kəndlərindəndir. Kəndin əhalisi 4200 nəfərdən çoxdur. 1204 təsərrüfatı olan kənddə əhalinin bir hissəsi heyvandarlıq və əkinçiliklə, bir hissəsi baramaçılıqla məşğuldur. İcra nümayəndəsi Adil Şirinov deyir ki, xan qərvənlilər baramaçılığa böyük maraq göstərirlər: “Onlar Yeni Yol kəndinin sakinləri ilə birlikdə hər il baramaçılıqda yüksək məhsuldarlıq əldə edirlər. 2016-cı ildən bu gəlirli sahəyə maraq göstərən kənd sakinləri keçən il bir qədər həvəsdən düşdülər. Təəssüflər olsun ki, onların götürdükləri 10 qutu baramaqurdunu xəstəlik vurduğundan məhsuldarlıq çox aşağı oldu. Buna baxmayaraq, bu il iki kəndin 8 sakini birləşərək 10 qutu barama-qurdu götürmüşdür. İndi şükürlər olsun ki, vəziyyət yaxşıdır. Yem sarıdan da elə bir problem yoxdur. Kəndin ərazisində istənilən qədər tut ağacı var. Onlar bu il 400 əvəzinə 600 kiloqramdan artıq barama təhvil verəcəklərinə əmindirlər”.

Kənd sakinlərindən Rafiq Babayev, Elbrus Tanrıverdiyev, Elməddin Babayev, Fuad Cəlilov və Kamal Qarayev artıq baramaçılıq sahəsində zəngin təcrübə toplayıblar. Onların təxmini hesablamalarına görə, bu il məhsuldarlıq daha yüksək olmalıdır.

Əlirzalı kəndində də baramaçılığa böyük maraq var. Kənd icra nümayəndəsi Nizadil Hüseynovla söhbətdən məlum oldu ki, kənddə yaşayan 1244 nəfər əhalinin bir hissəsi baramaçılıqla məşğuldur. Sakinlər birləşərək bu il 6 qutu barama toxumu götürmüşlər. Vəziyyətin ürəkaçan olduğunu bildirən icra nümayəndəsi əlavə etdi ki, kümçülər 240 kiloqram barama təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Lakin ümumi vəziyyət onu deməyə əsas verir ki, bu rəqəm bir qədər də yüksək olacaq. Kənd sakinlərindən Sənan Salahov, Həmid Əliyev, İlqar Abbasov, Faiq Quliyev, Mərdan Əliyev və başqaları hər il baramadan yaxşı qazanc götürürlər.

Sonda onu qeyd edək ki, bu il Goranboy kümçüləri ümumilikdə, 6000 kiloqram barama təhvil verməyi qarşılarına məqsəd qoymuşlar.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video