01 Oktyabr 2013 02:10
286
PARLAMENT
A- A+

Beş və daha çox uşağı olan analara müavinət veriləcək

 

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclasın  gündəliyinə daxil edilən beş məsələdən üçü "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı olub. Digər iki məsələ  isə "Sosial müavinətlər haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələridir.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, sözügedən qanun layihələrinin hər biri əhalinin sosial müdafiəsi baxımından çox mühüm sənədlərdir. Onun sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif olunan dəyişiklikliyə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişikliyə əsasən "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

Həmin qanun layihəsinə əlavə edilən digər dəyişiklikdə isə qeyd olunur ki, qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Əməliyyata dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

İclasda qanuna təklif edilən dəyişikliklər ətraflı müzakirə olunub. Əhalinin sosial müdafiəsi baxımından qanun layihəsinin qəbulunun vacibliyi vurğulanıb. Qanun layihəsi daha sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

"Sosial müavinətlər haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən isə beşdən çox uşağı olan analara müavinət verilməsi nəzərdə tutulur. Müavinət alan qadının ən kiçik uşağının 1 yaşı tamam olmalı, ən böyüyü isə 18 yaşını keçməməlidir. Qanun layihəsi  təsdiqləndikdən sonra 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Gündəliyə çıxarılan "Uşaq hüquqları haqqında" qanuna da dəyişikliklər edilməsi barədə qanun layihəsində isə qeyd edilir ki, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun ilə müəyyən edilmiş qaydada vətəndaşların uşaqlarını dispanserizasiyadan keçirmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları var.

Ümumi müzakirələrdən sonra hər iki qanun layihəsi plenar iclasa tövsiyə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video