25 Iyun 2021 01:41
759
DÜNYA
A- A+

Berlində Liviya münaqişəsi yenidən müzakirə edildi

 

Beynəlxalq konfrans problemin həlli naminə konkret addımlar atmadı

 

On ildən bəridir Liviyada davam edən silahlı münaqişənin - faktiki olaraq vətəndaş müharibəsinin nizamlanması yolunu tapmaq mümkün olmur. Məlum olduğu kimi, 2011-ci ildə Liviyada ölkə rəhbəri Müəmmər Qəzzafi devrilib öldürüldükdən sonra müxtəlif qruplaşmalar və siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Paytaxt Trablisdə ölkə ərazisinin kiçik bir hissəsini idarə edən, beynəlxalq səviyyədə tanınan milli razılaşma höküməti (MRH) qurulmuşdu. Şərqdə, Tobruq şəhərində isə müxalif hakimiyyət - Nümayəndələr Palatası (parlament) fəaliyyət göstərirdi.

2019-cu il aprelin əvvəllərində Qəzzafinin keçmiş silahdaşı, istefada olan general Xəlifə Həftərin rəhbərlik etdiyi “Liviya milli ordusu” silahlı qruplaşması MRH-nı devirmək məqsədilə Trablis üzərinə hücuma başlamışdı. Qiyamçı generalı bu və ya digər şəkildə Rusiya, Fransa, Misir və Birləşmiş Ərəb Əmirlikləri, Trablis hökumətini isə Türkiyə dəstəkləyirdi. Legitim hökumətin müraciəti ilə Türkiyənin vəziyyətə müdaxiləsi nəticəsində qiyamçılar paytaxta hücumu dayandırıb ölkənin şərqinə doğru çəkilmək məcburiyyətində qalmışdılar.

O vaxtdan bəri keçən müddət ərzində Liviyada vəziyyət xeyli yaxşılaşmışdır. Belə ki, hərbi əməliyyatlar dayandırılmış, ölkənin qərbi ilə şərqi arasında paritet yaranmışdır. Ötən ilin noyabrında Tunisdə keçirilmiş Liviya Siyasi Dialoq Forumunun qərarı ilə bu il dekabrın 24-də ölkədə prezident və parlament seçkiləri keçirilməlidir. Eyni zamanda müvəqqəti icra orqanı - Prezident Şurası təsis edilmiş və keçid hökuməti - Liviya Nümayəndələr Palatasının təsdiqlədiyi milli birlik hökuməti fəaliyyətə başlamışdır. Digər tərəfdən, ölkədə neft hasilatı bərpa olunmuşdur ki, bu da milli iqtisadiyyatın canlanmasına gətirib çıxarmış, əhalinin rifah halının pisləşməsinin qarşısını almağa imkan vermişdir. Həmçinin BMT-nin himayəsi altında Liviyanın bütün siyasi təşkilatları arasında hərtərəfli siyasi dialoq bərpa olunmuşdur.

Bununla yanaşı, Liviyada vəziyyətin nizamlanması prosesini dəstəkləmək üçün dünyanın ayrı-ayrı dövətləri tərəfindən təşəbbüslər göstərilir. Belə təşəbbüslərin biri ilə Almaniya çıxış etmişdir. Berlin ilk dəfə ötən il yanvarın 19-da Liviya üzrə beynəlxalq konfrans təşkil etmişdir. Srağagün isə Almaniyanın paytaxtı Liviya üzrə daha bir konfransa evsahibliyi etmişdir. İkinci konfransa 16 dövlətin və 4 beynəlxalq təşkilatın - Əlcəzair, Böyük Britaniya, Almaniya, Misir, İtaliya, Çin, Mərakeş, Niderland, Konqo Respublikası (Afrika İttifaqında Liviya münaqişəsinin nizamlanması komissiyasına başçılıq edir), Rusiya, ABŞ, Tunis, Türkiyə, Fransa və İsveçrənin, eləcə də BMT, Afrika İttifaqı, Avropa İttifaqı və Ərəb Dövlətləri Liqasının nümayəndələri qatılmışdılar. Liviya problemi ilə əlaqədar bütün əvvəlki konfranslardan fərqli olaraq, bu dəfə Liviya forumda Prezident Şurasının başçısı Məhəmməd Mənfi və Baş nazir Əbdülhəmid Dbeybənin timsalında tamhüquqlu iştirakçı kimi təmsil olunmuşdur.

Təəssüf ki, ikinci Berlin konfransı Liviya münaqişəsinin həlli naminə hansısa konkret addım atmadı. Forumun iştirakçıları qəbul etdikləri yekun bəyanatda əvvəlki konfransda problemin tənzimlənməsinə münasibətdə ifadə olunmuş mövqeyi bir daha təsdiqləməklə kifayətlənmişlər.

Sənədin müəllifləri ölkədə prezident və parlament seçkilərinin müəyyən olunmuş vaxtda - dekabrın 24-də keçirilməsini təmin etmək üçün lazımi konstitusiya və hüquq normalarını tətbiq etməyə, münaqişə tərəflərini seçkilərin nəticələrini tanımağa çağırmışlar.  Bəyanatda həmçinin Liviyada beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmət etməyin vacibliyi vurğulanmışdır: “Keçid Prezident Şurasını və keçid milli birlik hökumətini, Liviyadakı bütün tərəfləri beynəlxalq humanitar hüquqa tam riayət etməyə, mülki əhalini və infrastruktur obyektlərini müdafiə etməyə, tibbi personala, insan hüquqlarına riayət olunmasını müşahidə edənlərə və BMT kanalları daxil olmaqla humanitar işçilərə şərait yaratmağa çağırırıq”. Sənəddə bu hüququ və BMT-nin müvafiq qətnamələrini pozanların məsuliyyətə cəlb olunmasının vacibliyi qeyd edilir.

İkinci Berlin konfransının iştirakçıları Liviyanın daxili işlərinə qarışmamağın vacibliyini də xüsusi olaraq vurğulamışlar: “ Liviya münaqişəsinə və ya ölkənin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyimizi təsdiqləyir, bütün beynəlxalq subyektləri eyni cür hərəkət etməyə çağırırıq”. Eyni zamanda beynəlxalq konfrans Liviyaya münasibətdə silah embarqosuna hörmət və riayət edilməli olduğunu bildirmişdir.

Qeyd etmək lazımdır ki, Liviyada münaqişənin davam etməsinin əsas səbəbkarları qanunsuz silahlı birləşmələri dəstəkləyən beynəlxalq aktorlardır. Ölkənin daxili işlərinə qanuni olaraq müdaxilə edən yalnız Türkiyədir. Liviya legitim hökumətinin xahişi ilə Ankara Trablisə hərbi müşavirlər və təlimatçılar göndərməklə qanuni iqtidarın qoşunlarını dəstəkləyib ölkənin qan gölünə çevrilməsinin qarşısını almışdır. Beləliklə, Türkiyə Liviya dövlətinin qarantı kimi çıxış edir. Digər əcnəbi aktorlar isə qanunsuz silahlı qruplaşmaların arxasında durub vəziyyətin gərgin qalmasına xidmət edirlər. Onların əsas məqsədi Liviya xalqına kömək etmək yox, Türkiyənin ölkədə siyasi-hərbi mövcudluğuna son qoymaqdır. Həmin aktorların planlarına Liviyanı parçalamaq da daxildir. Belə bir vəziyyətdə münaqişənin tezliklə tənzimlənəcəyini təsəvvür etmək çətindir.   

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video