02 Iyul 2021 00:42
736
İQTİSADİYYAT
A- A+

Bərəkət halallıqdan başlayır

 

Yay həm də bərəkət fəslidir. Məhz bu fəsildə kəndli əkdiyini biçir, toplayır, ruzisini qazanır. Məhz yayda çöllərdən traktor, kombayn səsi kəsilmir, bağlardan, plantasiyalardan insan əskik olmur.

Şimal bölgəsinin kənd təsərrüfatı məhsullarının istehsalı sarıdan fərqlənən rayonu Şabranda taxıl biçini Quba, Qusar və Xaçmaza nisbətən bir qədər tez başlayır. Cari mövsümdə rayon üzrə 5920 hektarda arpa əkilib və artıq arpa biçini yekunlaşıb. Məhsuldarlıq 22-24 sentner olub ki, bu da ötən ildəkindən çoxdur.

Rayonda bu təsərrüfat ili əkilən 14625 hektar taxılın 8705-i buğdadır. Bu günədək 3000 hektardan artıq ərazilər biçilib. Ağalıq, Ağbaş, Dağbilici kəndləri rayonun iri taxılçılıq təsərrüfatlarıdır. Onu da qeyd edək ki, Şabranda 24 kombayn var və onların hamısı işlək vəziyyətdədir.

Rayonun iri taxılçılıq təsərrüfatları biçinə hələ yazdan hazırlaşırdılar. Səbirə Vəliyeva, Qəşəm Həsənov, Vahid Əsədovun və digərlərinin təsərrüfatlarında bol məhsul yetişdirilib. Kombaynçı Vüqar Xeyrullayev, Rahim Məmmədov  bildirdilər ki, havaların əvvəl yağışlı, sonra küləkli keçməsi işimizi bir qədər ləngitdi: “Aran ərazilərdə taxılçılar ona “ağ yel” deyir, əsdikcə arpanın sünbülünü silkələyib korlayır. Bu isə məhsul itkisi deməkdir. Yaxşı ki, belə havalar çox çəkmədi”.

Kombaynların yanacaqla təminatı məsələləri də rayonda lazımi qaydada həll olunub. Biçin başlayandan bugünədək heç bir kombaynçı yanacaq və sürtkü yağları ilə bağlı problemlə üzləşməyib.

Hazırda ətraf rayonların kombaynçıları da Şabranın bərəkətli çöllərində biçinlə məşğuldur. “Nova”, “Sampo”, “Nyu Hollandiya” tipli müasir kombaynlar məhsulun itkisiz yığılmasında xüsusi rola malikdir. Onu da əlavə edək ki, bu gün fiziki şəxslərdə olan kombaynların sayı ötənilkinə nisbətdə xeyli artıb. Biçinə start verilən gündən heç bir texnika xarab olmayıb. Biçin başa çatdıqdan sonra kombaynlar kömək üçün qonşu rayonlara yollanacaqlar.

Şabranda yerli şəraitə və iqlimə uyğunlaşdırılmış müxtəlif buğda sortları əkilir. Bunlar “Qobustan”, “Elit”, “Azəri-95” və digər sortlardır. Mütəxəssislər həmin sortların Şabranda məhsuldarlığının yüksək olduğunu bildirirlər. Bu hesaba cari ildə hər hektardan 26 sentnerə yaxın məhsul götürüləcəyi hesablanıb.

Biçin zamanı təhlükəsizlik məsələlərinə də xüsusi diqqət verilir. Şimal bölgəsinin quraqlıq ərazisi sayılan Şabranda rayonun əlaqədar təşkilatları xüsusi iş rejiminə keçib. Taxıl sahələri arasına atılan şırımlar hər axşam yenilənir. Bu məqsədlə rayonun əlaqədar təşkilatları məlumatlandırılıb. Rayon rəhbərliyi tərəfindən yaradılan xüsusi briqadalar isə növbəli şəkildə sutkaboyu taxıl sahələrini nəzarətdə saxlayırlar. Bəzi sahələr elə biçilən günü şumlanır.

Bu gün rayonda taxıl biçinində fərqlənənlər də vardır. “Turaz”, “Zaman”, “Dostluq” MMC-lər, “Elit” toxumçuluq təsərrüfatı ötən illərdə olduğu kimi, yenə də öndədirlər. Dəvəçi, Dağbilici, Əmirxanlı, Rəhimli və digər kəndlərdə isə yüksək keyfiyyətli taxıl yetişdirilib.

 

Akif ƏLİYEV,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video