11 Noyabr 2011 01:11
233
İQTİSADİYYAT
A- A+

Belqradda Azərbaycan-Balkan ölkələri biznes forumu keçirilmişdir

 

Belqradda Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının 1-ci iclası və Azərbaycan-Balkan ölkələri biznes forumu keçirilmişdir. Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

Əvvəlcə iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belqraddakı "Taşmaydan parkı"nda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Nümayəndə heyətimiz, həmçinin parkda görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət etmişlər.

Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının birinci iclasında iqtisadi inkişaf naziri, komissiyanın həmsədri Şahin Mustafayev iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan Ş.Mustafayev bu sahədə Serbiyanın ölkəmizə dəstək göstərdiyini qeyd etmişdir. Azərbaycanın regionda lider dövlət olduğunu vurğulayan nazir demişdir ki, öz təcavüzkar mövqeyi ilə regional layihələrdən kənarda qalan Ermənistan özü-özünü Cənub Qafqaz regionunun iqtisadi xəritəsindən silmişdir.

Xarici işlər naziri, komissiyanın həmsədri Vuk Yeremiç Serbiya rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir. Komissiyanın iclasında əməkdaşlığın genişləndirilməsində infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, kimya və əczaçılıq sənayeləri, informasiya texnologiyaları, yol infrastrukturunun tikintisi sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşlarının təşviqi qarşılıqlı maraq doğuran sahələr kimi qeyd edilmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Serbiyada İxracın və Sərmayələrin Təşviqi Agentliyi arasında əməkdaşlığın məqsədəuyğunluğu vurğulanmışdır. İclasda Serbiya tərəfi toxum və bitki materiallarının ixracında, gübrə istehsalı və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə etmiş, ölkədə həyata keçirilən özəlləşdirmə prosesində Azərbaycan tərəfi iştiraka dəvət edilmişdir.

Eləcə də Azərbaycan İnvestisiya Şirkəti və Serbiyanın "Farmacom" şirkəti arasında Azərbaycanda akkumulyatorların təkrar emalı istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması barədə razılıq əldə olunmuşdur. İclasda həmçinin təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç hökumətlərarası komissiyanın I iclasının yekunlarına dair protokolu imzalamışlar.

Belqradda həmçinin İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Balkan ölkələri - Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri ilə yanaşı, 40-dan çox sahibkar, Balkan ölkələrindən isə müxtəlif sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak etmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası yaradılmışdır, ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olan ticarət dövriyyəsi bu ilin 9 ayında 18,3 faiz, Azərbaycandan Serbiyaya ixrac 3 dəfə, ölkəmizə idxal isə 18 faiz  artmışdır. Ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial mövcuddur. Nazir iş adamlarını əməkdaşlığı daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət etmişdir. Serbiyanın iqtisadiyyat və regional inkişaf naziri Neboyşa Çiriç iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermişdir. AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Serbiya Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin ölkənin iqtisadi imkanları, biznes mühiti barədə təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur. Azərbaycan nümayəndə heyəti Serbiyanın İnciya şəhərindəki sənaye parkında yaradılan infrastrukturla da tanış olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video