25 Dekabr 2011 03:12
476
Qanunlar
A- A+

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082; 2008, № 5, maddə 354; 2009,  № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr 275, 276; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

"Maddə 10-1. Bələdiyyələrin beynəlxalq əməkdaşlığı

Bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər.";

2. 15-ci maddədə:

2.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əməkhaqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

 Əməkhaqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.".;

2.2. maddəyə aşağıdakı məzmunda 2-1 - 2-4-cü hissələr əlavə edilsin:

"2-1. Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əməkhaqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir.

2-2. Bələdiyyə sədri bu maddənin 2-1-ci hissəsinə əsasən müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir.

2-3. Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu maddənin 2-2-ci hissəsində nəzərdə tutulan bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir.

2-4. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

2-4.1. 5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;

2-4.2. 9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;

2-4.3. 13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;

2-4.4. 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.".

3. 16-cı maddədə:

3.1. 1-ci hissəyə aşağıdakı məzmunda ikinci-beşinci bəndlər əlavə edilsin:

"Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.

Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.

Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.

Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər.";

3.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.";

3.3. 3-cü hissədə "nizamnaməsi" sözündən sonra "və reqlamenti" sözləri əlavə edilsin;

3.4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir ";

3.5. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

"6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer,  tarix,  iclasda  iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur."

4. 17-ci maddədə:

4.1. 1-ci hissəsində "nəzərdən keçirilməsi və" sözlərindən sonra "qərar layihələrinin" sözləri əlavə edilsin;

4.2. 4-cü hissənin birinci bəndində "iclasına və ya" sözlərindən sonra "bələdiyyənin qərarına əsasən" sözləri əlavə edilsin;

5. 19-cu maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

 "6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.";

6. 22-ci maddənin ikinci hissəsinin 5-ci bəndində "dörd" sözü "altı" sözü ilə əvəz edilsin və 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

"ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.";

7. 33-cü maddənin 5-ci hissəsinin birinci cümləsində "Bələdiyyə" sözü "Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 oktyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video