12 Avqust 2021 00:32
997
İDMAN
A- A+

Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək

 

Bu, hər bir gənc idmançımızın müqəddəs arzusudur

 

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 18 ilin idman yekunlarına nəzər saldıqda bunu aydın görmək mümkündür.

Sözsüz ki, gənclərimizin yüksək nailiyyətlər qazandığı yarışlar sırasında ən nüfuzlusu 4 ildən bir keçirilən kütləvi idman mübarizəsi - Yay Olimpiya oyunlarıdır. Təkcə bir faktı xatırlatmaq kifayətdir: son 7 olimpiadada iştirak edən idmançılarımız ümumilikdə 51 medal qazanıblar.

Tokioda təşkil edilən sonuncu Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil olunmuşdu. Atletlərimiz turniri 3 gümüş və 4 bürünc medalla başa vurdular. Medal qazanan gənc idmançılarımızdan biri də sərbəst güləşçimiz Hacı Əliyev oldu.

Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində yarışan Hacı Əliyev mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. İlk rəqibi seneqallı Adama Dyatta idi. Güləşçimiz rəqibini xalçaya çıxmağa peşman etdi - 4:0. Hacı 1/4 finalda Daulet Niyazbekovla (Qazaxıstan) qarşılaşdı və 9:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. O, bu mərhələdə hindistanlı Bayranq Punişa ilə görüşdü və uğurlu seriyanı davam etdirdi. Pəhləvanımız 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazandı.

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün yaponiyalı Takuto Otoquro ilə güləşdi. Təəssüf ki, görüş rəqibin minimal üstünlüyü - 5:4 hesablı qələbəsi ilə yekunlaşdı. Nəticədə Hacı çıxışını gümüş medalla başa vurdu.

Qeyd edək ki, Hacı Əliyev 1991-ci il aprelin 21-də Naxçıvan şəhərində anadan olub. İlk dəfə beynəlxalq miqyaslı yarışlarda 2010-cu ildən iştirak etməyə başlayıb. 2014-cü, 2015-ci və 2017-ci illərdə dünya çempionatlarının qızıl medallarını qazanıb və bununla güləş tariximizin yeganə üçqat dünya çempionu olub. Amma bu da Hacının uğurlarının hamısı deyil. O, 2014-cü il Avropa çempionatının qızıl, ondan bir il sonra isə bürünc mükafatını qazanıb. 2013-cü ildə Kazanda (Rusiya) təşkil olunan Universiadanı isə 3-cü yerdə başa vurub.

Hacı Əliyev həm də “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medala sahib olan idmançımız dörd il sonra “Minsk-2019”da aktivinə qızıl medal yazdırıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu adını qazanıb.

Göründüyü kimi, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğıkeşlik və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Bunu Hacı Əliyevin idman bioqrafiyası da sübut edir. Amma Hacı tək deyil, beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc idmançımız var.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video