26 May 2021 02:10
2415
Mədəniyyət
A- A+

Bakının ən gözəl binalarından biri - Dövlət Filarmoniyası

 

Bu konsert kompleksi mədəniyyətimizin və milli memarlığın gözəl nümunəsidir

 

Bakının hər bir tarixi küçəsi, eləcə də müasir park və xiyabanları daim maraqla ziyarət edilib. Paytaxtın əcnəbi qonaqlarının daha çox göründüyü İçərişəhər isə sanki nağılların, əfsanələrin yadigarıdır: addımbaşı səni qeyri-adi mənzərə qarşılayır.

Bakı əzəmətli, milli memarlıq üslubunda tikilən binaları ilə də paytaxt şəhərləri arasında seçilir. Belə tarixi yadigarlardan biri də filarmoniya binasıdır ki, tikilməsinin maraqlı tarixi var.

 

İtaliya memarlıq üslubu ilə Şərq memarlıq sənətinin sintezi

 

Ölkəmizdə ilk Şərq konserti 1901-ci ilin yayında Şuşada təşkil edilib. Bir il sonra, yanvar ayının 11-də isə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur müğənnilərdən Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Seyid Mirbabayev və başqalarının iştirakı ilə Şərq konserti keçirilib.

Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə 1903-cü il yanvarın 27-də paytaxtda təşkil edilmiş ən böyük Şərq konserti isə Azərbaycanda filarmonik fəaliyyətin ilk tədbiri hesab olunub. O zamanlar Bakıda musiqi tədbirlərinin əksəriyyəti Musa Nağıyevin 1890-cı ildə tikdirdiyi “Qış binası”nda  keçirilirdi. Belə tədbirlər get-gedə intensiv xarakter alırdı. Buna görə də şəhər zadəganları 1907-ci ildə Bakının iqlim şəraitini nəzərə alaraq ictimai toplantılar üçün “Yay binası”nın da tikilməsi barədə hökumətə müraciət edirlər. Beləliklə, 1910-cu ildə həmin binanın inşası başlanıb. İki il ərzində tikilib başa gələn binanın özəlliklərindən biri də o idi ki, İtaliya memarlıq üslubu ilə Şərq memarlıq sənəti ənənələrini özündə birləşdirirdi.

Pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif musiqi qurumları 1936-cı ilin mayında respublikanın ən mötəbər konsert təşkilatı kimi yaradılan Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. 1937-ci ilin avqustunda filarmoniyaya böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verildi. Filarmoniyanın konsert təşkilatı kimi təşəkkül tapmasında və inkişafında Azərbaycanın görkəmli sənətkarları Üzeyir bəy Hacıbəylinin, Soltan Hacıbəyovun, Bülbülün, Cahangir Cahangirovun, Niyazinin, Qəmər Almaszadənin və başqalarının misilsiz xidmətləri olub. Bu gün ölkəmizin ən iri konsert təşkilatının nəzdində fəaliyyət göstərən Dövlət Simfonik Orkestri, Dövlət Kamera Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Rəqs Ansamblı, Dövlət Xor Kapellası, Dövlət Simli Kvarteti və digər musiqi kollektivlərinin təşəkkül tapıb ərsəyə gəlməsində filarmoniyanın əvəzsiz rolu olub.

 

Dünyanın məşhurları filarmoniyada

 

Bu tarixi binada Azərbaycanın Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Şövkət Ələkbərova kimi dahi musiqi xadimləri dəfələrlə çıxış ediblər. Dünya musiqi sənətinin görkəmli nümayəndələrindən sayılan Dmitri Şostakoviç, Tixon Xrennikov, Svyatoslav Rixter, Van Klibern, Mstislav Rostropoviç, David Oystrax, Lev Oborin və başqalarının filarmoniya səhnəsindəki çıxışları simfonik musiqi həvəskarlarının yaddaşlarına həkk  olunub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mədəni quruculuq prosesinin də sürətlə aparılması üçün geniş imkanlar yarandı. Təəssüf ki,  müstəqilliyin ilk illərində bu imkanlardan nəinki lazımınca istifadə edilmədi, hətta mədəniyyət və incəsənət sahələrində qazanılan nailiyyətlər itirildi. Azərbaycanın tanınmış musiqiçiləri xarici ölkələrə üz tutmağa başladılar...

Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı kimi də tarixə adını qızıl hərflərlə yazan Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bu sahədə də özünü göstərdi. Mədəniyyət və incəsənət sahələrində yaranmış mürəkkəb vəziyyət 1994-1995-ci illərdə araşdırılaraq, bəzi təkliflər hazırlandı.  Bundan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar musiqi kollektivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların yeni yaradıcılıq nailiyyətlərinə həvəsləndirilməsi yolunda mühüm rol oynadı.

Azərbaycan mədəniyyətinə, o cümlədən incəsənətə daim diqqət yetirən Ulu Öndər Heydər  Əliyevin bu möhtəşəm mədəniyyət mərkəzinin yenidən bərpası və əsaslı  təmiri ilə bağlı 2002-ci il 29 noyabr tarixli sərəncamında  qeyd edilir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binası xalqımızın milli sərvətidir. Paytaxtımızın nadir memarlıq incilərindən biri olan, unikal akustika imkanları ilə seçilən bu bina XX əsrdə Azərbaycan musiqi sənətinin misli görünməmiş inkişafının şahidi olub və bu prosesin gerçəkləşdirilməsində əvəzsiz rol oynayıb.

 

Həm də görüş yeri...

 

1976-1977-ci illərdə filarmoniyanın binasında əsaslı təmir aparılsa da, yeraltı suların onun zirzəmisinə sızması nəticəsində bina get-gedə yararsız vəziyyətə düşmüşdü. 1995-2000-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yeraltı suların qarşısının alınması və binanın bünövrəsinin möhkəmləndirilməsi üçün müvafiq işlər həyata keçirildi. Binanın konsert fəaliyyətinin müasir tələblərə cavab verməsi üçün orada əlavə tikinti işlərinin də aparılması qərara alındı. Binanın  gözəlliyi ilə yanaşı, onun özəllikləri də var. Palladiya ruhunda İtaliya intibahı onun memarının dünyagörüşündən xəbər verir. Bir sıra zənginliyi ilə seçilən bina intibah dövrünün İtaliya villalarını xatırladır. Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib.

Filarmoniya bağının isə başqa bir özgə füsunkarlığı var. Belə ki, bağ qədim qala divarları ilə əhatələnmiş İçərişəhərə gəlib-gedənlərin istirahət guşəsinə çevrilib. İlin bütün fəsillərində Filarmoniya bağı qonaq-qaralı olması ilə də diqqəti çəkir. Ən əsası isə vaxtilə musiqiçilərin görüş yerinə çevrilmiş Filarmoniya bağı bu gün həm də poesiyasevərlərin ziyarət etdiyi Vahid Poeziya Evini öz qoynuna alıb.

Bakıya yaraşıq olan belə bağlar, parklar və binalar onun özəlliklərini artırır. Bakı bu mənada həsəd aparılan, əsrlərin yadigarı, müasirliyin nümunəsidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video