11 Noyabr 2021 00:39
503
SİYASƏT
A- A+

“Bakıda Zəfər qüruru”

 

Vətən müharibəsindəki şanlı qələbəmizin ildönümü Türkiyə mediasının gündəm mövzusu oldu

 

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkənin həmrəyliyi növbəti dəfə təsdiqini İkinci Qarabağ müharibəsi fonunda tapdı. Hərbi əməliyyatları xüsusi diqqət mərkəzində saxlaması, Azərbaycana yüksək siyasi-mənəvi dəstək göstərməsi Türkiyənin Azərbaycanı heç zaman yalnız qoymayacağını bütün dünyaya nümayiş etdirdi. Həmin günlərdə qardaş ölkənin aparıcı qəzetləri və xəbər agentlikləri Azərbaycanın 44 günlük müharibədəki qələbələri ilə bağlı məlumatları dərin sevinc hissi ilə təqdim etdilər.

Bu günlərdə isə Türkiyə qəzetlərinin baş xəbərləri Azərbaycanda keçirilən tarixi zəfərin ildönümü barədədir. “Yeni Şafak” qəzeti bu xəbəri “Zəfərin 1-ci ili” başlığı ilə manşetdə verib. Prezident İlham Əliyevin ötən il xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayıran məqalədə yazılır ki, Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi, səbirlə gözlədiyi qələbəni qazandı. Bildirilir ki, Zəfərin ilk ildönümü Can Azərbaycanda böyük qürurla qeyd olunur.

“Akşam” qəzetinin “Bakıda zəfər qüruru” başlıqlı xəbərində yazılır ki, 2020-ci ilin noyabrında 44 gün davam edən müharibənin yekununda Azərbaycan ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoydu. Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Nəşr məqalədə xatırladır ki, ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixinə bir töhfədir.Yazılır ki, Bakıda küçələr Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. Zəfər bayramı böyük coşquyla qeyd olunur.

“Hürriyet” qəzetinin “Azərbaycanda zəfəri əl-ələ qeyd etdik” başlıqlı məqaləsində müəllif yazır ki, Zəfər günü Azərbaycanın hər yerində böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilir: “Qarabağ savaşında şanlı qələbənin ildönümünü qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, Azərbaycana bu möhtəşəm zəfəri yaşadan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.

“Milliyet” qəzeti də Azərbaycanda möhtəşəm qələbənin ilk ildönümünü geniş işıqlandıran nəşrlər sırasındadır. “Şanlı zəfərin ilk ildönümü” başlıqlı məqalədə yazılır ki, ötən ilin noyabrında tarixi Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı, ədalət bərqərar oldu, dünya bir daha türkün, şanlı Azərbaycan Ordusunun gücünə şahidlik etdi: “28 illik həsrət sona çatdı. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Qarabağ yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün müqəddəsdir, əzizdir, doğmadır”.

“Sabah” qəzeti “Qarabağ zəfəri bir yaşında” başlıqlı xəbəri manşetdə təqdim edib. Vurğulanır ki, Azərbaycan Prezidentinin yüksək əzmi sayəsində qardaş ölkə tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etdi. Nəşr yazır ki, torpaqların işğaldan azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhunun nümayişi deyil, həm də tapdanmış heysiyyətinin və milli qürurunun bərpası, dirçəldilməsi deməkdir: “2020-ci ildə Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Kapitulyasiya - müharibədə məğlub tərəfin qalib gələn tərəfin diktə etdiyi bütün şərtləri qeyd-şərtsiz qəbul etməsi və onu icra etməyi üzərinə götürdüyü bir müqavilədir. Bu gün qardaş ölkəmiz Zəfərin ilk ilini böyük qürurla qeyd edir”.

“Birliyin zəfərini qürurla qeyd etdik” başlıqlı xəbər “Türkiye” qəzetinin manşetində yer alıb. Bildirilir ki, bir il öncə Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda uğurla mübarizə apardı. Döyüş meydanında əsgər və zabitlər qəhrəmanlıq göstərdi, Ermənistana sarsıdıcı zərbələr endirildi..

“Karar” qəzeti “Azadlıq qüruru” başlıqlı xəbərində Prezident İlham Əliyevin son çıxışlarına istinad edərək  Azərbaycanda Zəfərin böyük iftixarla qeyd olunduğunu yazır. Nəşr 2020-ci ilin noyabr ayında baş verən tarixi hadisəni xatırladaraq yazır ki, Prezident İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Qəzetlərdən “Yeni akit” “Azərbaycanda Zəfər sevinci” başlıqlı xəbəri oxuculara manşetdə təqdim edib.

Qəzetlərdən “Milat”ın “Azan səsi susmayacaq”, “Türkgün”ün “Dəmir yumruqla gələn Zəfər”, “Türkiye”nin “Birliyin Zəfərini qürurla qeyd etdik”, “Yeni Birlik”in “Zəfərin 1-ci ildönümü”, “Yeni Çağ”ın “Tək millət, iki dövlət” və “Yeni söz”ün “Qarabağ zəfəri coşqu ilə qeyd olundu” başlıqlı xəbərlərində Azərbaycanın müharibədəki qələbəsindən bir il ötməsindən bəhs olunur, üçrəngli bayrağımızın doğma Qarabağda, Şuşa şəhərində qürurla dalğalandığı vurğulanır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video