10 Aprel 2021 18:41
1054
SİYASƏT
A- A+

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib   YENİLƏNİB

 

Aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 44 günlük Zəfər savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərdi. İnformasiya və kommunikasiya sahəsində də Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var. Media sahəsində əməkdaşlığın inkişafı üçün əsaslar müəyyən olunub. Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qruplar yaradılıb. Buna görə də hər bir sahənin informasiya təminatı olmalıdır. Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu.

Hikmət Hacıyev qeyd edib ki, türk dünyasının ortaq tarixi, dəyərləri var. Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyəti var.

Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, müasir dövrün ən problemli məsələlərindən biri də sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasıdır. Düşünürəm ki, Türk Şurası çərçivəsində bu sahədə də birgə fəaliyyət vacib məsələdir.

Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrini dağıdıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması vacibdir. Bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyəti xüsusi önəm daşıyır.

“Media haqqında” yeni qanun layihəsinin hazırlandığını deyən Hikmət Hacıyev vurğulayıb ki, bu qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib. Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək.

“Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işləri görür. Eyni zamanda, ölkəmiz türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırlayır.

Türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıda duran prioritet istiqamətlərdən biridir”, - deyə H.Hacıyev əlavə edib.

Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrlərinin müəyyənləşdirildiyini, zəruri sənədlərin qəbul edildiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, bütün bunlar əməkdaşlığın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərtlərdən biridir. Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bu gün media sahəsində əməkdaşlığın Türk Şurasında ən önəmli mövzulardan biri olduğunu bildirib. Qeyd edib ki, Şuraya üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Torpaqlarının azad edilməsi münasibətilə Azərbaycanı təbrik edən Baş katib bildirib ki, türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

“Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyən B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötdüyünü və ötən müddət ərzində Türk Şurasının artıq dünyada önəmli bir platformaya çevrildiyini deyən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun qeyd edib ki, bugünkü dünya 12 il əvvəlki dünya deyil. Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birlikdə olmağımız zərurətdir. Bu, qardaşlığımızın tələbidir.

Türkiyə Prezidenti Administrasiyasının idarə sədri bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda, media sahəsində əlindən gələni əsirgəmədi. Türkiyə ilə Azərbaycan arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu platformanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq.

Türk dünyasının əsas problemlərindən birinin dezinformasiyalarla mübarizə olduğunu deyən F.Altun vurğulayıb: “Rəqəmsal faşizmlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətində lazımi addımları atmağa başladıq. Türkdilli ölkələr olaraq media platformasında səylərimizi birləşdirməli və bu bəlaya qarşı da birgə mübarizə aparmalıyıq”.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev qeyd edib ki, türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək, o cümlədən media sahəsində əməkdaşlığı genişləndirmək zəruridir.

Kayrat İmanaliyev 2021-2022-ci illərdə media sahəsində praktik əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev isə ölkəsinin 44 günlük Zəfər müharibəsindən sonra Qarabağın bərpa prosesinə töhfə vermək istədiyini bildirib. O qeyd edib ki, Özbəkistanın inşaat şirkətləri buna tam hazırdır.

Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Türk Şurasının himayəsi altında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsinə yönəlmiş səylər Qazaxıstanın informasiya siyasətinin inkişafının prioritet istiqamətidir. Qazaxıstan media və informasiya sahəsində Türk Şurasına üzv ölkələrlə uğurla əməkdaşlıq edir.

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray ölkəsinin özünü türkdilli dövlətlər arasında gördüyünü vurğulayıb. “Hazırda ən böyük çətinliklərdən biri saxta xəbərlərə qarşı mübarizədir. Milli və beynəlxalq səviyyələrdə ictimaiyyətə düzgün məlumatların çatdırılması vacibdir. Saxta məlumatların dünya miqyasında nəticəsi və kənar təsirlərinin şahidi oluruq. Macarıstan barədə də saxta məlumatların yayıldığını görürük. Bu sahədə əməkdaşlıq vacibdir. Macarıstan informasiya sahəsində təcrübəsini bölüşməyə hazırdır”,- deyə Peter Sztaray qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video