27 Noyabr 2021 19:11
525
CƏMİYYƏT
A- A+

Bakıda III Azərbaycan İnvaziv Konqresi keçirilir   

Dünyanın 9 ölkəsindən Azərbaycan paytaxtına toplaşan kardioloqlar və mütəxəssislər faydalı fikir mübadiləsi aparır, təcrübələrini bölüşürlər

 

Noyabrın 27-də Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi nəzdində fəaliyyət göstərən İnvaziv İşçi Qrupunun III Azərbaycan İnvaziv Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, periferik və beyin çalışma qrupunun sədri Üzeyir Rəhimov son iki ildə dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası səbəbindən çətin günlər yaşandığını, səhiyyə işçilərinin öz vəzifələrini fədakarcasına icra etdiklərini bildirib: “Bu dövr ərzində elmi toplantılar keçirmək bizim üçün çox çətin olub. Nəhayət, ilk tədbirimizi təşkil edə bilmişik və bu çox önəmlidir. Əfsuslar olsun ki, pandemiya dönəmində bir çox məsləkdaşımızı itirdik. O cümlədən Vətən müharibəsində də səhiyyə işçiləri arasında şəhid olanlar oldu. Onlar hər cür hörmət və ehtirama layiqdirlər”.

Azərbaycanda ilk invaziv müdaxilənin 1979-cu ildə həyata keçirildiyini xatırladan Ü.Rəhimov qeyd edib ki, müasir invaziv kardiologiyanın inkişafı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Mərkəzi Klinikanı açması ilə başlayan inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir səviyyəli laboratoriyalarla təchiz edilmiş xəstəxanaların fəaliyyətə başlaması ilə davam etməkdədir. İlk anju laboratoriyaları Bakıda təşkil olunmuşdu. Daha sonra belə laboratoriyalar Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində də fəaliyyətə başladı. Hazırda isə paytaxtda 25-dən çox mərkəzdə bu iş icra olunur. Bu gün dörd böyük şəhərdə anju laboratoriyaları var və ürək əməliyyatları aparılır. Ölkəmizdə 30-dan çox kateter laboratoriyası qurulub. Demək olar ki, Azərbaycanda bu sahədə icrası mümkün olmayan prosedur yoxdur.

“Bizim İnvaziv Qrup kimi hədəfimiz müzakirə etmək, bölüşmək, böyüməkdir. Hədəflərimiz arasında dünyanın qəbul etdiyi cəmiyyətlərlə əməkdaşlıq etmək, onların fəaliyyətində, rəhbərliyində yer almaqdır”, - deyə Ü.Rəhimov diqqətə çatdırıb.

O, bildirib ki, bugünkü konqresdə 9 ölkədən 73 məruzəçi iştirak edir. Türkiyə, Qırğızıstan, İsrail, Gürcüstan, Almaniya, Özbəkistan, Avstraliya və İrandan mütəxəssislər gəliblər. Konqresdə dörd ölkədən - Azərbaycan, Türkiyə, İsrail və Özbəkistandan 5 mərkəzdən 8 canlı yayım ediləcək. Bu, Azərbaycanda canlı yayım olan ilk konqresdir. Konqresdə ilk dəfə pulmonar hipertenziyanın idarə edilməsinə dair ESC rəhbər tövsiyəsi iştirakçılara paylanacaq. Konqresin işi yutub kanalı üzərindən rus dilində Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Gürcüstana canlı yayımlanacaq. Tədbir çərçivəsində xüsusilə gənc mütəxəssislər üçün koronar simulyasyon kursu da təşkil olunub.

Konqresdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri İsax Mustafayev Azərbaycanın invaziv kardioloqlarının çox yüksək səviyyədə fəaliyyət göstərdiyini, istər cərrahi, istər invaziv, istərsə də konservativ kardiologiya sahəsində digər ölkələrə müraciət etməyə heç bir ehtiyacın olmadığını vurğulayıb. O bildirib ki, Azərbaycan vətəndaşları peşəkar həkim və qurumların kardioloji xidmətindən tam yararlana bilərlər.

Ölkəmizdə dörd şəhərdə kateter laboratoriyası olduğunu qeyd edən İ.Mustafayev onların sayının artırılmasına ehtiyac olduğunu bildirərək deyib: “Çalışmaq lazımdır ki, ölkənin istənilən ərazisindən vətəndaşları kəskin koronar sindrom olan hallarda 60-90 dəqiqə ərzində kateter laboratoriyasına çatdırmaq və onların həyatını xilas etmək mümkün olsun. İnvaziv kardiologiya bu kontekstdə daha çox vacibdir. Bu istiqamətdə görüləcək işlər çoxdur”.

Kardiologiya sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın tarixindən danışan Türk Kardiologiya Dərnəyinin Prezidenti Vedat Aytəkin bildirib ki, 1963-cü ildə Türk Kardiologiya Dərnəyi qurulduqdan sonra bu məsələ ön plana çıxmışdı. “2008-ci ildə Türk Dünyası Kardioloji Birliyini təsis etməklə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədimizi bəyan edəndə Azərbaycan öz həmrəyliyini göstərdi. Digər türk dünyası ölkələrinə də minnətdaram. Bu il Azərbaycan Kardiologiya Cəmiyyəti 12 illiyini qeyd etdi. Onun ildən-ilə xeyli gücləndiyinə şahidik, əməkdaşlığımız da inkişaf edib. Son iki ildə Azərbaycan çox çətin günlərdən keçdi. Ərazi bütövlüyü uğrunda müharibənin Zəfərlə yekunlaşmasını görmək hamımızı qürurlandırdı. COVID-19 pandemiyası digər ölkələr kimi Azərbaycanda müəyyən çətinliklər yaratdı. Konqres nəticəsində gördük ki, Türkiyədə də birlikdə çalışdığımız məsləkdaşlarımız burada invaziv kardiologiya mərkəzlərinin sayını artırıblar. Azərbaycan Kardiologiya Cəmiyyəti inkişafını davam etdirir və Türk Kardiologiya Dərnəyi ilə sıx əlaqədədir. Avropa Kardiologiya Cəmiyyəti ilə əməkdaşlığı da möhkəmləndirir. Cəmiyyətin beynəlxalq arenada özünü daha çox göstərdiyinə qürurla şahidlik edirik”, - deyə Vedat Aytəkin vurğulayıb.

Konqresdə iştirakdan məmnunluğunu ifadə edən Türkiyə Kardiologiya Cəmiyyətinin Prezidenti tədbirin təcrübə mübadiləsində faydalı olacağına əminliyini bildirib.

Daha sonra “Kardiologiyanın gələcəyi” mövzusunda təqdimatla çıxış edən İnvaziv Kardiologiya İşçi Qrupunun sədri Ülvi Mirzəyev diqqətə çatdırıb ki, dünyada, eləcə də Azərbaycanda kardioloji səbəblərdən baş verən ölüm halları artıb. Həmçinin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar çoxdur: “Bütün bunları nəzərə alsaq, kardiologiyanın inkişafının səhiyyə sistemi üçün vacib məsələlərdən olduğunu görərik. Hazırda ölkəmizdə dörd istiqamət üzrə kardioloji xidmətlər göstərilir. Onlara profilaktik, xroniki təqib, hospital əsaslı və reabilitasiya xidmətləri daxildir. Bu xidmətlərin əsasında gələcəyimizi, invaziv kardiologiyanın inkişaf yolunu təsəvvür etmək mümkündür”.

Mütəxəssis kardiologiya sahəsində əldə edilən bir sıra uğurların dijital texnologiyanın inkişafı ilə əlaqədar olduğunu söyləyib. Qeyd edilib ki, bəzi daşına bilən cihazlar vasitəsilə xəstələrdən alınan müvafiq məlumatlar özünə və ona xidmət göstərən səhiyyə işçilərinə ötürülür: “Hazırda bu cür dijital cihazlar mövcuddur. Həmin cihazlar pasiyentlərin ürək döyüntüləri, saturasiyası, bədən temperaturu kimi mühüm ilkin məlumatları ölçə və ötürə bilir. Bu texnologiya nəticəsində bir sıra xəstəliklərin diaqnostikası asanlaşıb. Ona görə də dijital texnologiyanın inkişafı paralel olaraq kardiologiyanın inkişafına zəmin yaradır”.

Konqres panel sessiyalarla davam edib. Paneldə çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, ürək-damar cərrahı, professor Kamran Musayev koronar arteriya xəstəliyinin cərrahi müalicəsi barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə invaziv kardiologiyanın inkişafı dünyanın bir sıra elm xadimləri tərəfindən də təsdiqlənir. Bu gün toplantıda müzakirəyə çıxarılan mövzuların aktuallığı Azərbaycanda kardiologiya və kardiocərrahiyyə sahəsinin yüksək səviyyədə inkişafına əyani sübutdur. Toplantıya qatılan məsləkdaşlarla effektiv müzakirə kardiologiyanın inkişafına növbəti töhfə olacaq.

Panel sessiyalar zamanı təqdimat və müzakirələrlə yanaşı, Türkiyə və Azərbaycan səhiyyə müəssisələrində icra edilən cərrahi əməliyyatlar canlı yayımlanıb.

Qeyd edək ki, konqresin işinə noyabrın 28-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video