04 Oktyabr 2011 01:10
556
Səfərlər
A- A+

Bakıda «Hilton Baku» otel kompleksinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

Oktyabrın 3-də Bakının mərkəzində yerləşən "Hilton Baku" otel kompleksinin açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illər Azərbaycana turist axınının sürətli artımı müşahidə olunmaqdadır. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxana komplekslərinin inşası geniş vüsət almışdır. "Hilton" otellər şəbəkəsi və onun sahibi "Hilton Worldwide" şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Özünün qlobal brendləri vasitəsilə qonaqlara yüksək xidmət ənənəsini davam etdirən "Hilton Worldwide" şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Azərbaycanın paytaxtında inşa olunan "Hilton Baku" oteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir. Heydər Əliyev Beynəlxalq Aeroportundan 24 kilometr məsafədə yerləşən "Hilton Baku" otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ərazi ilə tanış oldular.

Bildirildi ki, hər növ yüksək xidmətin göstəriləcəyi otel kompleksi paytaxtın müasir görkəminə uyğunlaşdırılmışdır. "Hilton Baku" otel kompleksi "İSR Kapital Menecment" MMC və "Hilton Worldwide" şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunmuşdur. Türkiyənin "Koray İnşaat" şirkəti tərəfindən inşa edilən otelin tikintisində 700 işçi çalışmışdır. 25 mərtəbədən ibarət olan oteldə ümumilikdə 309 otaq vardır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılmışdır. Mehmanxananın birinci mərtəbəsində qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı vardır.

Dövlətimizin başçısı burada "Şəkər-Lanç" və 200 nəfərlik "Silantro" restoranları ilə tanış oldu. Qeyd edildi ki, restoranlarda müştərilərə milli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaqdır.

Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılmışdır. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcəkdir. İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür. Xəzər dənizinə açılan mənzərə isə xüsusilə diqqəti cəlb edir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, otelin 24-cü mərtəbəsində "Skay-Qrill" restoranı fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, otel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılmışdır. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilmişdir. Müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə ən yüksək şərait yaradılmışdır. "Hilton Baku" otel kompleksinin SPA və Fitnes Mərkəzi buraya müraciət edəcək hər bir kəsdə zəngin təəssürat doğuracaq, onlara mənalı istirahət bəxş edəcəkdir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, otelin binasının 17 mərtəbəsi otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Bildirildi ki, burada dünya otel biznesində mövcud ən yüksək xidmət göstəriləcəkdir. Bütün otaqlarda istirahət üçün maksimum şərait yaradılmışdır. Otel simsiz internet şəbəkəsi ilə təmin edilmiş, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışlı telefon şəbəkəsi qurulmuşdur.

Məlumat verildi ki, ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Zalda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Birinci mərtəbədən buraya avtomobillərin qaldırılması üçün xüsusi lift sistemi quraşdırılmışdır ki, bu, toy mərasimləri zamanı avtomaşının birbaşa maneəsiz hərəkətini təmin edir. Eyni zamanda, bu, müxtəlif avtomobillərin təqdimatının keçirilməsinə də imkan yaradır. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da vardır. Burada həm işıq, həm də səsləndirmə sistemi yüksək səviyyədə qurulmuşdur.

Prezident İlham ƏLİYEV otelin kollektivi ilə görüşdü, onları salamlayaraq dedi:

- Sizi "Hilton" otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, şəhərin mərkəzində çox gözəl, müasir otel tikilib istifadəyə verilib. "Hilton" otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması da çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir, ölkəmizin xidmət sektoru da inkişaf edir. Belə məşhur otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir.

Mən çox şadam ki, Bakının mərkəzində yerləşən bu oteldə bütün şərait yaradılıbdır. Buna heç şübhəm də yox idi, çünki "Hilton" dünya şöhrətli bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə tətbiq olunur. Otel çox böyük zövqlə tikilibdir. Həm istirahət etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər keçirmək üçün bütün şərait vardır.

Bu otelin yaradılması əlbəttə ki, Azərbaycanın inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda müxtəlif sahələrə böyük investisiyalar qoyulur, sənayenin inkişafı sürətlə gedir. Mən çox şadam ki, xidmət sektoruna da böyük həcmdə investisiyalar qoyulur. Otellərin yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır.

Son dövrlərdə bütövlükdə Azərbaycanda - Bakıda və bölgələrdə yeni gözəl otellərin tikintisi baş verir. Təkcə Bakı şəhərində bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə başlayır və onların içində ikinci otel "Hilton"dur. Bundan sonra hələ 4 otel də açılacaq və əlbəttə bu, Prezident kimi məni çox sevindirir. Ancaq bu, otellər arasında rəqabətin güclənməsinə və nəticə etibarilə burada qalan turistlər, qonaqlar üçün daha da yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır. Çünki hər bir ölkənin inkişafı üçün bütün sahələrdə sağlam rəqabət çox vacib rol oynayır.

Azərbaycana investisiyaların cəlb edilməsi işində dövlətimiz son illər ərzində çox böyük işlər görübdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Son 15 il ərzində isə Azərbaycana 100 milyard dollar investisiya qoyulmuşdur və son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Xüsusi əhəmiyyət kəsb edən odur ki, təkcə neft-qaz sektoruna deyil, qeyri-neft-qaz sektoruna - xidmət sektoruna investisiyalar qoyulur və "Hilton" otelinin fəaliyyətə başlaması dediyim sözlərin təsdiqidir.

Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanda - həm Bakıda, həm bölgələrdə inkişafla bağlı konkret layihələr icra ediləcək, öz həllini tapacaqdır. Həm Bakının, həm bölgələrin abadlaşması, gözəlləşməsi üçün Azərbaycan dövləti bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Bakı doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının inkişafı sürətlə gedir. Bakının özəlliyi ondan ibarətdir ki, şəhərimizin çox gözəl, böyük, təkrarolunmaz tarixi, mədəniyyəti, tarixi abidələri vardır. Biz haqlı olaraq fəxr edirik ki, Bakıda həm qədim tarix qorunub saxlanılır, həm müasirliyə, inkişafa doğru ciddi addımlar atılır.

Otelin yuxarı mərtəbələrindən açılan mənzərə göz oxşayır. Biz Bakının inkişafı ilə çox ciddi şəkildə məşğul oluruq. Bakının tarixi simasının qorunması ilə bərabər, müasir infrastrukturun yaradılması da vacib rol oynayır. Yeniləşən bulvar, onun uzadılması, Bayraq Meydanı ilə birləşməsi, Bayraq Meydanında indi gedən quruculuq-abadlıq işləri deyə bilərəm ki, dünya miqyasında nadir xarakter daşıyır. Əminəm ki, bir neçə aydan - Bayraq Meydanı istifadəyə veriləndən sonra Bakı sakinləri və gələn qonaqlar şəhərimizdən daha  böyük zövq alacaqlar və inkişafımızla tanış olacaqlar.

Mən otelin yaradılmasında əməyi olan bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. İlk növbədə investorlara minnətdaram ki, onlar ölkəmizin gələcəyinə inanıb Bakıya çox böyük həcmdə investisiyalar qoymuşlar. "Hilton" otellər şəbəkəsinin rəhbərliyinə minnətdaram ki, onlar qərar qəbul ediblər ki, Bakıda otel açsınlar. Bu binanın tikintisində iştirak etmiş bütün inşaatçılara minnətdaram. Burada işləyən əməkdaşlara sözüm ondan ibarətdir ki, siz yaxşı bilirsiniz, ən gözəl otel odur ki, orada gözəl xidmət göstərilir. Xarici gözəllik, daxili dizayn, tərtibat - bütün lazımi məsələlər təbii ki, vacibdir. Ancaq xidmətdən çox şey asılıdır. Mən şübhə etmirəm ki, burada çox gözəl xidmət göstəriləcəkdir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.     

*   *   *

"İSR Holdinq" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişafın mühüm nəticələr verdiyini vurğuladı. Son illərdə ölkəmizdə beşulduzlu mehmanxanaların istifadəyə verilməsinin Azərbaycanda qeyri-neft sektorunun inkişafını göstərən mühüm amil olduğunu bildirən İsgəndər XƏLİLOV dedi:

- Bu gün açılışında iştirak etdiyimiz "Hilton Baku" oteli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi siyasətin, islahatların həyata keçirilməsi nəticəsində ərsəyə gəlib. Müşahidələr göstərir ki, nəzərdə tutulan hər bir iqtisadi layihə Azərbaycanda sürətlə və keyfiyyətlə həyata keçirilir. Bunu şirkətimizə davamlı olaraq tez-tez gələn xarici qonaqlar da təsdiqləyirlər. Məsələn, bu otelin tikintisi 2010-cu ilin əvvəlində başlamış, 2011-ci ilin oktyabr ayında isə möhtəşəm bina artıq istifadəyə verilmişdir. Bu otel barədə çox danışmaq istəməzdim. Ona görə ki, yaxın zamanlarda Bakıda "Hilton"dan başqa, dünyanın ən tanınmış dörd brendi altında yeni otellər fəaliyyətə başlayacaqdır.

"Hilton Worldwide" şirkətinin vitse-prezidenti Maykl KOLLİNİ dövlətimizin başçısına təşəkkür edərək "Hilton Baku" otelinin açılışında iştirak etməkdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, dünyanın 80 ölkəsində olan "Hilton" otellərinin sayı artıq 500-ə çatır. "Əslində, olduqca dinamik və sürətlə inkişaf edən Bakıda bu otelin açılmasından çox şadıq",- deyən Maykl Kollini bu "Hilton Baku"nun uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bir daha kollektivə uğurlar arzuladı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video