13 Sentyabr 2011 01:09
566
Səfərlər
A- A+

Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir

 

Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir.    

Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanın, DST-nin Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakabın iştirak etdikləri üçgünlük sessiyada 50-dən çox ölkənin səhiyyə nazirləri, yüksək  səviyyəli mütəxəssisləri müxtəlif xəstəliklərlə mübarizə və ictimai sağlamlıq məsələlərinə dair müzakirələr aparacaqlar.

Tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Bir çox beynəlxalq qurumlar, o cümlədən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin rəsmiləri bildirmişlər ki, Azərbaycan səhiyyə sektorunda uğurlu nailiyyətlər əldə etmişdir və Avropanın bir çox ölkələri məhz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər.

Azərbaycanın dövlət büdcəsində səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur. Dövlət dəstəyi və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da səhiyyə sahəsinin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Ailə, ana və uşaq sağlamlığının qorunması Fondun diqqətdə saxladığı əsas sahələrdəndir. Bununla bağlı Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqram və layihələr Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələr vermişdir.

Sessiyanın iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar! Hörmətli baş direktor!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox mühüm və əlamətdar bir hadisədir. Mən çox şadam ki, bu gün Avropa qitəsini təmsil edən nümayəndələr bizim qonaqlarımızdır. Əminəm ki, sessiyanın işi uğurlu olacaq və eyni zamanda, qonaqlar ölkəmizlə, şəhərimizlə tanış olacaqlar.

Biz çox şadıq ki, Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla və sürətlə inkişaf edir. Təşkilatın verdiyi tövsiyələr, məsləhətlər bizim üçün çox dəyərlidir və Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar üçün çox qiymətlidir. Mən bu gün xüsusilə Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı səmimiyyətlə salamlamaq istəyirəm. Xanım Çan bizim dostumuzdur, ölkəmizin dostudur və birinci dəfə deyil ki, Azərbaycanda səfərdədir. Hər dəfə Azərbaycanda olarkən və müzakirələr aparılarkən biz bir daha əmin oluruq ki, Dünya Səhiyyə Təşkilatına çox dəyərli insan rəhbərlik edir və təşkilatın son illərdəki nüfuzunun artırılması üçün xanım baş direktorun çox böyük zəhməti vardır.

Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət göstərilir. Bu gün yəqin ki, müzakirələr zamanı bu məsələ ilə bağlı məlumatlar veriləcəkdir. Deyə bilərəm ki, dövlətimiz və hökumətimiz sosial məsələlərin həllinə çox böyük diqqət verir. Təkcə bəzi rəqəmləri qeyd etməklə görmək mümkün olacaq ki, doğrudan da bizim bu sahədəki siyasətimiz çox dəqiqdir və müsbətdir. Son beş il ərzində səhiyyə məsələlərinə ayrılan dövlət büdcə xərclərimiz 8 dəfədən çox artmışdır. Yəni bu, özlüyündə onu göstərir ki, bu məsələ bizim üçün prioritet məsələdir. Dövlətimiz insanların sağlamlığının təmin edilməsi üçün əlindən gələni etməyə çalışır. Son illərdə səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün konkret addımlar atılmışdır. Çünki bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi, ölkədə böhran hökm sürürdü, maliyyə imkanlarımız çox məhdud idi və vaxtilə - keçmiş dövrlərdə yaradılmış səhiyyə müəssisələri də yararsız vəziyyətə düşmüşdü. Biz çox istəyirdik ki, tezliklə bu məsələ ilə bağlı dönüş yarada bilək. Son bir neçə il ərzində Azərbaycanda tikilmiş və əsaslı təmir edilmiş səhiyyə müəssisələri bu gün müasir Azərbaycanın reallıqlarını əks etdirir. Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Onların arasında xüsusi əhəmiyyət kəsb edən, son bir neçə il ərzində Bakıda yaradılmış Onkoloji Mərkəzi qeyd etmək istərdim. Eyni zamanda, çox müasir Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi tikilmişdir,  Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. Demək olar ki, bütün şəhərlərdə xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika mərkəzləri tikilmişdir və orada hemodializ qurğuları quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, dövlət səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur. 

Eyni zamanda, son illər ərzində müasir avadanlığın alınması üçün böyük vəsait xərclənmişdir. Hesab edirəm ki, səhiyyə sistemində müşahidə olunan müsbət dinamika, o cümlədən səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi hesabına mümkün olmuşdur.

Bununla bərabər, səhiyyə sahəsində aparılan islahatlar, ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi, beynəlxalq əlaqələr, həkimlərimizin təkmilləşdirilməsi məsələlərinə verilən diqqət, xarici klinikalarda Azərbaycan həkimlərinin öyrədilməsi və təhsili, bütün bu məsələlər hesab edirəm ki, səhiyyə sahəsində ciddi dönüşə gətirib çıxarmışdır və əlbəttə ki, görülən işlərin nəticəsi insanların sağlamlığıdır. Azərbaycanda bu sahədə müsbət dinamika onu göstərir ki, son illər ərzində insanların ömrünün uzunluğu artır, uşaq ölümü, ana ölümü azalır. Biz elə etməliyik ki, bu müsbət dinamikanı saxlayaq və gələcəkdə səhiyyə ilə bağlı nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapsın. Bizim planlarımız çoxdur. Hazırda bir neçə şəhərdə, o cümlədən Bakı şəhərində yeni, müasir səhiyyə ocaqları tikilir və onların istifadəyə verilməsi nəticəsində deyə bilərəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası tam şəkildə yeniləşəcəkdir.

Bununla bərabər, insanın sağlamlığını şərtləndirən digər sahələrə də Azərbaycanda çox böyük diqqət göstərilir. İlk növbədə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün konkret addımlar atılır. Siz yaxşı bilirsiniz ki, ekologiyanın insanın sağlamlığına çox böyük - həm müsbət, həm mənfi təsiri ola bilər. Keçən il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Çox böyük tədbirlər görülmüşdür. İl yarım ərzində ölkəmizdə 10 milyondan artıq ağac əkilmişdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması bilavasitə insanların sağlamlığına təsir göstərir. Ölkəmizin hər bir yerində böyük su layihələri icra edilir. Su problemi, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz bu problemin həlli üçün konkret addımlar atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verməlidir. Yəni bu bir meyardır və biz çalışacağıq ki, bu məqsədlərə nail olaq. Bu layihələr çox böyük vəsait tələb edir. Ancaq Azərbaycan dövləti bu vəsaiti ayırır və eyni zamanda, beynəlxalq təşkilatlar da bizə kreditlərlə kömək göstərirlər. Mən tam əminəm ki, içməli su və kanalizasiya layihələrinin icra edilməsi nəticəsində bu amillər də insanların sağlamlığına çox müsbət təsir göstərəcəkdir.

İnsanların sağlamlığını şərtləndirən amillərdən biri də idmandır. Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. Ümumiyyətlə, ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik. Azərbaycanda narkomaniyaya qarşı çox ciddi mübarizə aparılır. Bu yaxınlarda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilmişdir. Gənclərin sağlam şəkildə böyüməsi gələcəkdə səhiyyə problemlərinin azalmasına gətirib çıxaracaqdır. Çünki insan uşaqlıq yaşlarından, gənc yaşlarından öz səhhətinə fikir verməlidir.

Mən səhiyyə məsələləri ilə bağlı çıxışlarımda həmişə dəfələrlə vurğulayıram ki, hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. 

Əfsuslar olsun ki, keçmiş dövrlərdə bu praktika bizdə yox idi. Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaqdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda istənilən xəstəliyi müalicə etmək üçün imkanlar var, tezliklə o xəstəlik aradan qalxa bilər. Əlbəttə ki, Dünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı təcrübəsi bizim üçün çox dəyərlidir, çox vacibdir. Avropa Regional Komitəsinin təcrübəsi də çox vacibdir. Çünki Azərbaycan, ümumiyyətlə, Avropa ölkələri ilə çox sıx əlaqədədir. Bir neçə proqram icra edilir. Avropa İttifaqı ilə münasibətlərimiz güclənir. Azərbaycan "Şərq tərəfdaşlığı" Proqramının üzvüdür. Bu proqrama qoşulmağımızın əsas səbəbi ondan ibarətdir ki, biz Avropa ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycanda tətbiq edək, Avropa standartlarına yaxın olaq və gələcəkdə istənilən sahədə öz vəziyyətimizi Avropa standartlarına uyğunlaşdıraq. Ona görə bu məsələlərlə bağlı bu sessiya zamanı keçiriləcək müzakirələr bizim üçün çox vacibdir.

Ölkəmizdə sosial məsələlərin həlli ilə bərabər çox ciddi iqtisadi islahatlar aparılır. Əgər bu iqtisadi islahatlar səmərə verməsəydi, yəqin ki, dediyim bu məsələlərlə məşğul olmaq bizim üçün daha da çətin olardı. Azərbaycan son illər ərzində iqtisadi sahədə çox böyük uğurlara nail ola bilmişdir. İqtisadiyyatımız son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Yəni 300 faizə yaxın artmışdır. Bu, dünya praktikasında nadir bir göstəricidir. Bununla bərabər, ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Bu da hesab edirəm ki, dünya praktikasında ən sürətli inkişafdır. Əlbəttə ki, yoxsulluq şəraitindən çıxan insanın imkanları da genişlənir, maddi vəziyyəti də yaxşılaşır və bu insanlar öz sağlamlığına daha da ciddi diqqət göstərə bilərlər.

Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, bu il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı, əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir, eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir.

Bir sözlə, əziz dostlar, ölkəmizdə son illər ərzində sosial və iqtisadi islahatlar müsbət nəticələrə gətirib çıxarmışdır. Bununla  bərabər, əlbəttə ki, ölkə qarşısında problemlər vardır. Biz çalışmalıyıq və çalışırıq ki, bu problemləri həll edək. İqtisadi sahədə seçdiyimiz yol düzgün yoldur. Mən tam əminəm ki, Azərbaycanın iqtisadiyyatı bundan sonra da uğurla inkişaf edəcəkdir. Sosial məsələlərə gəldikdə isə, hər bir sosial məsələ ilə bağlı ciddi konkret Dövlət Proqramımız vardır və bu proqramlar icra edilir.

Beynəlxalq təşkilatlar Azərbaycanda görülən işlərə öz qiymətini verirlər. İnsan inkişafı indeksinə görə,  Azərbaycan son 5 il ərzində dünya miqyasında ən böyük irəliləyişə nail olan ölkədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünyada 55-ci yerdədir. Keçmiş sovet respublikaları arasında üçüncü, MDB məkanında isə birincidir. Bu göstəricilər, əlbəttə ki, bizi daha da ruhlandırır. Onu göstərir ki, bir daha demək istəyirəm, seçdiyimiz yol düzgün yoldur. Bu yolda beynəlxalq təşkilatların, xüsusilə Dünya Səhiyyə Təşkilatı kimi mötəbər və nüfuzlu təşkilatın Azərbaycana verdiyi diqqət bizim üçün çox qiymətli və vacibdir.

Əziz dostlar mən, sizin hamınızı Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram! Sizə və sessiyanın işinə uğurlar arzulayıram!

Sağ olun!

* * *

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev açılış mərasiminə gəldiyinə və sessiyanın işinə dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.  

* * *

Sonra dövlətimizin başçısı tədbirin xaricdən olan iştirakçıları ilə görüşdü, onlara və sessiyanın işinə uğurlar arzuladı. 

* * *

Daha sonra tədbir öz işini davam etdirdi. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçildi.

Oqtay Şirəliyev çıxış edərək sessiyanın keçiriləcəyi bir neçə gün ərzində Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun yeni strategiyasının müəyyənləşdiriləcəyini dedi. Nazir Azərbaycanın səhiyyə sisteminin beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiyasının səmərəli nəticələrindən danışdı. O.Şirəliyev qeyd etdi ki, Bakıda keçirilən toplantıda qəbul ediləcək sənədlər dünyada yaşayan milyonlarla insanın həyat və sağlamlığına cavabdeh olan tibb işçiləri üçün yeni yolgöstərici proqram rolunu oynaya biləcəkdir.

Sonra sessiyanın gündəliyi təsdiq olundu.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sessiya iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda deyilir:

"Hörmətli qonaqlar!

Sizin hamınızı Azərbaycanın paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram, hər birinizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.

Regional Komitənin bu sessiyası respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bir vaxta təsadüf edir. Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək, tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanmışdır.

Səmərəli surətdə həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülmüşdür. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaqdır.

Qloballaşan dünyada insanların sağlamlığını müəyyən edən bir çox amillərin iqtisadi və sosial inkişafla bağlılığı qarşımızda yeni vəzifələr qoyaraq dövlət strukturlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin yeni əməkdaşlıq strategiyasının formalaşmasını tələb edir. Buna uyğun olaraq, rəhbərlik etdiyim Fond yarandığı ilk gündən səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlamışdır. Dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı işbirliyimiz öz bəhrəsini verməkdədir.

Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün Dünya Səhiyyə Təşkilatının ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkələrimizdə mövcud potensialın səfərbər olunmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcəkdir.

Ən xoş arzularla,

Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti"

* * *

Sessiyada DST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın hesabatı dinlənildi.  

Son 20 ildə Avropada ömrün uzanmasının müşahidə edildiyini bildirən xanım J.Yakab səhiyyə sahəsində problemlərin mövcud olduğunu da diqqətə çatdırdı.

Sağlamlığın profilaktikasına daha ciddi yanaşmanın vacibliyini vurğulayan xanım J.Yakab Bakıda keçirilən sessiyada milli və regional səviyyədə səhiyyənin aktual məsələləri ilə bağlı Avropa ölkələrinin strategiya və planlarının müzakirə olunacağını dedi. Qeyd edildi ki, sessiyada qəbul ediləcək sənədlər "Sağlamlıq-2020" proqramının gerçəkləşməsi üçün Avropa ölkələrinin qarşılıqlı fəaliyyətini genişləndirməyi nəzərdə tutur.  

Xanım J.Yakab səhiyyə sahəsində bəzi problemlərin artıq qismən həll olunduğunu bildirdi, fövqəladə hallar zamanı hər bir ölkənin qurumları, xüsusən də səhiyyə sahəsinin məsələyə lazımi reaksiya verməsinin vacibliyini vurğuladı. O, həmçinin fövqəladə hallarda Dünya Səhiyyə Təşkilatı və onun Avropa Regional Bürosunun fəaliyyətini şərh etdi.

DST-nin Avropa Regional Bürosunun direktoru bir sıra yoluxucu xəstəliklərin profilaktikasında ayrı-ayrı ölkələrin təcrübəsindən danışaraq dedi: "52 üzv ölkədə Avropa immunlaşma həftəsi çox uğurla aparılıb. Belə tədbirlər fəaliyyətimizə təkan verən real vasitədir. Mən bu işdə Azərbaycanın nailiyyətlərini xüsusi qeyd etmək istərdim". 

Xanım J.Yakab, eyni zamanda, Azərbaycanda malyariya xəstəliyinə qarşı mübarizə tədbirlərinin də çox səmərəli olduğunu diqqətə çatdırdı.

Vərəm, QİÇS xəstəlikləri və antibiotiklərin yaratdığı fəsadlara diqqəti yönəldən Jujanna Yakab bu xəstəliklərlə mübarizə üsullarının genişləndirilməsi üçün birgə səy göstərməyin vacibliyini vurğuladı.

Ekologiya və sağlamlığın Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin diqqətindəki daha bir məsələ olduğunu deyən xanım J.Yakab ətraf mühitin insan sağlamlığına mənfi və müsbət təsiri ilə bağlı müxtəlif proqramların həyata keçirildiyini qeyd etdi. O, həmçinin sağlamlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə də geniş məlumat verdi. 

Sonra məruzə ətrafında müzakirələr aparıldı. Qazaxıstanın, Bosniya və Herseqovinanın, Polşanın, Norveçin, Rusiyanın, Fransanın, İsveçrənin və digər ölkələrin səhiyyə nazirliklərinin nümayəndələri çıxış edərək yoluxucu olmayan xəstəliklər, vərəm və QİÇS əleyhinə mübarizə, alkoqolizmə, antibiotiklərə qarşı davamlılıq, eləcə də Dünya Səhiyyə Təşkilatında islahatların aparılması məsələlərini diqqətə çatdırdılar. 

Sessiyada Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs da çıxış edərək Azərbaycan səhiyyəsinin son illər sürətlə inkişaf etdiyini, Avropa regionunda ən çox yayılmış təhlükəli xəstəliklərə qarşı mübarizənin səmərəsini artırmaq baxımından Bakı sessiyasının əhəmiyyətini xüsusi vurğuladı.

İİV/QİÇS, Vərəm və Malyariya üzrə Qlobal Fondun direktoru Mişel Kazaçkin  çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq etdi. Bildirdi ki, 2012-2015-ci illər üçün İİV/QİÇS üzrə Avropa fəaliyyət planı bu xəstəliyin qarşısını almağa xidmət edir. Qlobal miqyasda bu xəstəliyə yoluxanların sayı azalmaqdadır. Lakin Şərqi Avropada və Mərkəzi Asiyada 2000-ci ildən bəri İİV-lə yaşayanların sayı üç dəfə artmışdır. Əsas diqqət yenidən yoluxmanın qarşısını almağa, bu qəbildən olan xəstələrə hər cür yardımın artırılmasına yetirilməlidir. Bu ilin yayında dərc olunmuş yeni tədqiqatda müalicənin profilaktika vasitəsi kimi metodikanın yüksək səmərəliliyi göstərilmişdir. Bu metodika 2015-ci ilədək yenidən yoluxma hallarını iki dəfə azaltmağa imkan verəcəkdir.

Sessiyada Qlobal Fond ilə DST arasında əməkdaşlıq sənədi imzalandı. Sənədi Mişel Kazaçkin və Jujanna Yakab imzaladılar.

Sonra DST Avropa Regional Komitəsinin daimi komissiyasının hesabatı sessiya iştirakçılarına təqdim olundu. Hesabatda DST-nin komitələri və üzv təşkilatların gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə məlumat verilir.

Sessiyanın birinci iş günü "Sağlamlıq-2020" proqramının məqsədi, əsas istiqamətləri ilə bağlı diskussiyalarla davam etmişdir.

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyasında iştirak edən ölkələrin nümayəndələri tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdilər.

Sessiya sentyabrın 13-də işini davam etdirəcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video