13 Oktyabr 2011 08:10
273
Səfərlər
A- A+

Bakıda dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılış mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer mərasimdə iştirak etmişlər

 

Oktyabrın 12-də Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer mərasimdə iştirak etmişlər.

Məlumat verildi ki, müəllifləri xalq rəssamı, heykəltəraş Natiq Əliyev və əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyev olan abidənin ətrafı abadlaşdırılmış, 2 min 300 kvadratmetr ərazidə bağ salınmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. 

Avstriyanın dövlət başçısı Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdü, onlarla söhbət etdi.

Prezident İlham Əliyev və Prezident Haynts Fişer abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstəsi qoydular.

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Əziz dostlar, hörmətli qonaqlar!

Sizi ürəkdən salamlayıram. Bu gün Avstriya-Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edir və bu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir. Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Motsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır. Onun istedadını yəqin ki, sözlərlə ifadə etmək mümkün deyildir. Amma mən hesab edirəm ki, musiqi sənətinə o qədər də bələd olmayan və musiqidən uzaq olan insanlar da Motsartın əsərlərini sevirlər. Çünki başqa cür mümkün deyildir. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda musiqi sənəti çox dərin köklərə malikdir və Motsart Azərbaycanda çox sevilir.

Bu gün bu abidənin açılışı, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası vardır və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin müəllifidir və eyni zamanda, Azərbaycanın klassik musiqisinin banisidir. Mən çox şadam ki, onun əsəri Vyanada səhnəyə qoyulmuşdur.

Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir. Cənab Prezident, biz bu gün səhərdən birlikdəyik və çox böyük işlər görmüşük, danışıqlar aparmışıq. Biz Avstriya-Azərbaycan biznes-forumundan buraya gəlirik. Bizim həm siyasi, həm iqtisadi sahələrdəki əlaqələrimiz çox sürətlə və çox böyük uğurla inkişaf edir. Ancaq əlbəttə, mədəniyyət sahəsindəki əməkdaşlıq ümumi əməkdaşlığımıza çox güclü töhfə verir.

Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcəkdir. Artıq Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu, ikinci Avstriya ünvanıdır ki, Bakıda yaradılır. Bildiyiniz kimi, Motsartın abidəsinin Bakıda ucaldılması haqqında qərar bir müddət əvvəl verilmişdi. Biz gözləyirdik ki, bu abidəni Sizinlə bərabər açaq.

Bir daha Sizi və hamınızı bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun.

Avstriya Prezidenti Haynts FİŞER çıxış edərək dedi:

- Çox hömətli cənab Prezident!

Çox hörmətli xanımlar və cənablar!

Əvvəlcə icazə verin  cənab Prezidentə çox yüksək və dostluq ruhunda söylədiyi sözlərə görə təşəkkür edim. Eyni zamanda, bizim üçün çox sevindiricidir ki, belə bir tanınmış publikanın qarşısında toplaşmışıq, mənim səfərim və keçirdiyim görüşlər barədə fikir mübadiləsi aparırıq, Avstriya haqqında belə xoş sözlər səsləndirilir.

Əlbəttə, belə rəsmi səfərlərdə, xüsusilə dost ölkələrdən nümayəndə heyətləri dövlət səfərinə gələrkən siyasi və iqtisadi məzmunda mövzular gündəmdə ön planda dayanır. Eyni zamanda, mənim üçün çox sevindiricidir ki, mədəniyyətə ayrıca mövzu həsr olunub. Yəni, tanınmış şəxsiyyət Volfqanq Amadeus Motsartın şərəfinə Bakının mərkəzində belə bir abidə ucaldılmışdır. Siz çox haqlısınız ki, Motsart elə şəxsiyyətdir ki, ona bütün dünyada hörmət edirlər, avstriyaylılar xüsusilə fəxr edirlər. Mən qeyd edim ki, Motsartdan söhbət düşəndə biz hətta emosional oluruq. Biz bir qədər əvvəl Motsartın 250 illiyini qeyd etdik, özü də bir il boyunca. Mən elə bir şəxsiyyət tanımıram ki, onun ad günü, ona həsr olunmuş tədbirlər belə çoxtərəfli formatda, özü də müxtəlif səviyyələrdə bu cür təntənəli qeyd edilsin. Motsart o dahi şəxsiyyətlərdəndir ki, onun əsərlərindən təkcə musiqi duyulmur, misal üçün, onun operaya həsr olunmuş yazılarında müasirliyi hiss etmək mümkündür. Tərəqqi, azadlıq, liberal düşüncə, hətta insan hüquqları da, mən deyərdim ki, Motsartın əsərlərində müəyyən mənada yer almışdır. Ona görə hesab edirəm ki, bəlkə elə bu sadalanan amillərə görə belə bir gözəl məkanda, meydanda Motsarta layiq bir abidə ucaldılmışdır. 

Eyni zamanda, mən bu abidənin yaradıcılarına, xüsusilə bu layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmək istəyirəm.  Siz çox haqlı olaraq qeyd etdiniz ki, bir müddət əvvəl Vyanada sizin dövlət himninin müəllifi dahi bəstəkar Hacıbəyliyə abidə ucaldılmışdır. Eyni zamanda, Avstriya üçün böyük xidmətləri olan dahi musiqiçi Motsarta Bakıda abidə ucaldılmışdır.

Cənab Prezident, mən Sizi əmin etmək istəyirəm ki, bu gün heç vaxt mənim hafizəmdən silinməyəcəkdir. Bilirsiniz nəyə görə? Ona görə ki, bu abidənin açılışı müstəqilliyinizin 20 illiyindən bir neçə gün əvvəl baş vermişdir. Əgər mən nə vaxtsa tarixi dəyişik salaramsa bu gün nə vaxt olubdur, onda fikirləşəcəyəm ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin bərpasından bir neçə gün əvvəl olmuşdur. Beləcə tarix mənim yadıma düşəcəkdir.

Cənab Prezident, Siz nəinki layiqli bir yer seçmisiniz, eyni zamanda, ideal bir tarix seçmisiniz. Bunlarının hər ikisinin üst-üstə düşməsi gözəl bir hadisədir. Təşəkkür edirəm.

* * *

Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyev və Prezident Haynts Fişer ilə xatirə şəkli çəkdirdilər. 

* * *

Dövlət başçıları incəsənət ustalarının ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini dinlədilər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video