18 Aprel 2019 10:42
2678
Tədbirlər
A- A+

Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir


Bu gözəlliyi yaradan isə Prezident İlham Əliyevdir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

AZƏRTACxəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edildi ki, bu istirahət parkı 1982-ci ildə salınıb. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında "IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə burada istirahət edən sakinlər Zenfira Həsənova və Sübhanə Bayramova ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev:Salam, xoş gördük.

Sakinlər Zenfira Həsənova və Sübhanə Bayramova:Salam. Çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun. Allah Sizi var eləsin. Hər şey üçün Sizə təşəkkür edirik, var olun. Bu abadlıq işlərinə, bu gözəlliklərə görə Sizə minnətdarıq. Allah canınızı sağ eləsin. Çox sağ olun.

Prezident İlham Əliyev:Sağ olun. Bu park indi yeni görkəm alıb, tamamilə yenidən qurulub. Bu parkın böyük tarixi var. Əvvəlki görünüşünün şəkilləri orada vurulub və əlbəttə ki, vəziyyət o qədər də ürəkaçan deyildi. İndi isə çox müasir, gözəl park salınıb və vətəndaşların sərəncamına verilib.

Sübhanə Bayramova:Çox sağ olun. Nəinki bu parkımız, Azərbaycanımız gözəlləşib. Bütün respublikamızda doğrudan da aparılan islahatları görməmək mümkün deyil, o cümlədən Suraxanı rayonunda da. Son illərdə biz bunu görürük, çox təşəkkür edirik. Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva:Gəlin, bu balaca gözəl oğlanlarla şəkil çəkdirək.

Prezident İlham Əliyev:Parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən qəsəbələrdə. Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir. Bakıda gözəl, müasir parklar salınır, əvvəldən salınmış parklar yenidən bərpa olunur və o cümlədən qəsəbələrdə. Burada indi belə gözəl şərait yaradılıb ki, vətəndaşlar istirahət etsinlər.

Sübhanə Bayramova:Qeyd etmək istəyirəm ki, tək parklar yox, ümumiyyətlə təhsil, səhiyyə müəssisələri yenidən qurulur, müasir avadanlıqla təchiz edilir, məhəlləarası yollar təmir olunur, işıqlandırılır, su hövzələri bərpa edilir. Doğrudan da Sizin sərəncamlarınız əsasında çox böyük islahatlar gedir. Biz Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev:Sağ olun. Rayonda, qəsəbədə təsərrüfat işləri necə gedir?

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov:Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir.

Prezident İlham Əliyev:Fasiləsiz?

Sakinlər:Bəli, çox gözəldir.

İlqar Abbasov:Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur.

Prezident İlham Əliyev:Qaz 100 faiz?

İlqar Abbasov:Qaz da, işıq da 100 faizdir.

Sakinlər:Bəli, heç bir problemimiz yoxdur.

İlqar Abbasov:Su digər qrafiklə, amma sıx qrafiklə verilir. Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub.

Prezident İlham Əliyev:Əlavə hansı işlər görülməlidir?

İlqar Abbasov:Qeyd edək ki, kanalizasiya şəbəkəsinin qurulması və asfalt vurulması rayonun tamamilə abadlaşdırılmasına gətirib çıxarır, heç bir problem qalmır.

Birinci xanım Mehriban Əliyeva:Məktəblərdə vəziyyət necədir?

İlqar Abbasov:Məktəblər. Rayonumuzdakı 35 məktəbin 30-u əsaslı təmir olunubdur, üçü qəzalı vəziyyətdədir, onlar bu il sökülüb yenidən tikiləcək, artıq proqramda var, ikisi əsaslı təmir olunacaqdır. Uşaq bağçalarımızın demək olar ki, hamısı təmir olunub, bir neçəsində qaçqın və məcburi köçkünlər yaşadığı üçün onlar köçürüldükdən sonra təmirinə başlanılacaq. Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq yeni uşaq bağçasının tikintisini davam etdiririk, yaxın zamanlarda bu barədə məlumat verəcəyəm. Bundan başqa, Yeni Günəşlidə Sizin tapşırığınızla hazırlanan layihə əsasında gözəl bir parkın, Fatimeyi Zəhra məscidinin tikintisi davam edir. Onun ətrafında da yeni bir park salınacaqdır. Bu yaxınlarda Qaraçuxurda daha bir parkın təmirinə başlayacağıq. Beləliklə, demək olar ki, rayonumuzun bütün problemləri həll edilmiş olur.

Sakinlər:Hər şey üçün çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirik sizi, çox sağ olun.

Zenfira Həsənova:Çox sağ olun. Bir də onu demək istəyirəm ki, son üç ayda verdiyiniz fərmanlara görə Sizə çox təşəkkür edirik. Orada pensiyaları, maaşları və ən əsası da kredit problemini nəzərə almısınız. Buna görə də Sizə çox təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev:Sağ olun. Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Sakinlər:Sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev:Sağ olun.

X X X

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq stella quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, "Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Qəhrəman Cavanşir Rəhimovun abidəsini ziyarət etdilər.

X X X

Sonra dövlətimizin başçısı və xanımı parkda istirahət edən digər sakinlərlə görüşüb söhbət etdilər.

Sakinlər:Nə gözəl qonaqlarımız gəlib. Xoş gəlmisiniz, necəsiniz?

Prezident İlham Əliyev:Salam. Çox sağ olun.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova:Allah Sizə cansağlığı versin. Bu gözəl balamız Milli Qəhrəmandır. Siz həmişə şəhid ailələrinin hörmətini saxlamısınız. Allah Sizi hörmətli eləsin. Biz hər səhər bu parkı ziyarət edirik. Sizin tapşırığınız əsasında yenidən qurulan bu park indi başqa bir aləmdir. Allah Sizi var eləsin, ömrünüz uzun olsun gözəl Prezidentimiz.

Prezident İlham Əliyev:Sağ olun. Bu park doğrudan da indi çox gözəl görkəm alıb, müasirləşib, böyük quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu parkın əvvəlki vəziyyəti sizə yaxşı bəllidir. Burada çox böyük işlər görülüb və vətəndaşların istirahəti üçün geniş imkanlar yaradılıb.

Sakinlər:Sizə təşəkkür edirik. Sizin rəhbərliyinizlə bizim rayonumuz da gözəlləşib. Nəinki bizim rayonumuz, bütün Bakı şəhəri gözəlləşib. Çox sağ olun, minnətdarıq Sizə.

Şəhid anası Saray Quliyeva:Zəngilan rayonundan məcburi köçkünəm. Sizin sayənizdə bütün qayğılarımız həll olunub. Sizin diqqət və qayğınız sayəsində övladlarımın hamısı ali təhsil aldı. Bu iki gül bala nəvələrimdir. Biz Sizi dəstəkləyirik, Sizin yolla gedirik, Sizə inanırıq.

Prezident İlham Əliyev: Mən də sizə güvənirəm, sizə arxalanıram.

Lalə Rəhimova:Şəhid ailələri, Milli Qəhrəman ailələri də Sizinlədirlər.

Prezident İlham Əliyev:Mən də sizinləyəm, həmişə sizin yanınızdayam.

Lalə Rəhimova:Seçimimiz bəllidir, səmamız açıqdır, günümüz xoşdur, bu gözəl güzəranı bizə yaradırsınız, əmin-amanlıqdır, gecə rahat yatıb rahat dururuq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev:Şəhid ailələrinə həmişə böyük diqqət olub, bu gün də bu, belədir.

Lalə Rəhimova:Seçkidən sonra da ilk Sərəncamınızı bizim üçün imzaladınız.

Prezident İlham Əliyev:Bəli, Sərəncam imzaladım və bu Sərəncam indi icra edilir. Əminəm ki, ilin sonuna qədər tam icra ediləcək və 11 min manat ödəniş veriləcək.

Lalə Rəhimova:Verilibdir, mən artıq almışam.

Prezident İlham Əliyev:Sizə verilib, bəzilərinə hələ ki, verilməyib, onlara da veriləcək. Ondan sonra müavinətlər də 242 manatdan 300 manata artırıldı. Əlbəttə, Azərbaycanda digər sosial ödənişlər də artırılıb və biz daha da artıracağıq, çünki buna ehtiyac var. Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik.

Saray Rəhimova:Sizə tələbələr adından təşəkkürümü bildirirəm. Mənim nəvəm yüksək balla ali məktəbə qəbul olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır, onların da təqaüdünü artırmısınız. Bir nənə kimi bütün o uşaqların adından Sizə dərin təşəkkürümü bildirirəm. Elə hesab edin ki, bütün o uşaqlar Sizə təşəkkür edirlər. Mən çox sevindim, çünki təqaüdün tələbə üçün nə demək olduğunu bilirəm.

Prezident İlham Əliyev:Çox sağ olun. Biz həm təqaüdləri artırmışıq, həm də təqaüd alan tələbələrin sayını.

Saray Rəhimova:Bu il də əlaçı oldu. Qırmızı attestatla məktəbi qurtarıb, qəbul olub. İnşallah, gələcəkdə dövlətimizə, millətimizə xeyirli övladlar olarlar.

Prezident İlham Əliyev:İnşallah.

Lalə Rəhimova: Mənim Cavanşirim Qax rayonunda anadan olub. Qax rayonuna getmişdik. O dərəcədə dəyişib ki, Qaxı tanımaq olmur. Sizin sayənizdə çox gözəlləşib.

Prezident İlham Əliyev:Bəli, gözəlləşib.

Lalə Rəhimova:Allah mənə Cavanşirimin adını daşıyan bir övlad da verdi. İndi Cavanşirim hərbi qulluqdadır, Sizin Heydər balanızla eyni vaxtda əsgərliyə gedib. Əsgərlərimiz Sizin əmrinizi gözləyirlər ki, o əzəli torpaqlarımızı tezliklə azad etsinlər. Şəhidlərimizin qanı tökülən torpaqlarımız azad olsun və hamılıqla yığışıb oralara ziyarətə gedək, Azərbaycanımızın bayrağıŞuşada dalğalansın.Amin! Necə ki, Lələtəpədə bayrağımız yüksəldi, eləcə də bütün Azərbaycan torpaqlarında yüksəlsin bayrağımız. Allah Sizi var eləsin! Allah Sizə nəvələrinizin toyunu görməyi qismət eləsin!

Prezident İlham Əliyev:Sağ olun.

Sakin Mirzəağa Quliyev:Mən də Sizi salamlayıram, xoş gəlmisiniz bizim rayonumuza. Bax, yaradılan bu abadlıqlar hamısı Sizin göstərişinizin nəticəsidir. Axşamlar buraya övladlarımızla, nəvələrimizlə, - mənim artıq 5 nəticəm var, - yığışanda Sizə minnətdarlıq edirik. Bütün sahələrdə əldə edilən böyük irəliləyişlər var. Xüsusilə bu sabitlik ki, Sizin hesabınıza, Sizin siyasətiniz sayəsində yaradılıb. Dünyada qarışıqlıq olduğu bir vaxtda Azərbaycanda əmin-amanlıq var. Bunun nəticəsində də bütün sahələrdə nailiyyətlər əldə edilir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev:Sağ olun.

Minayə Həsənova:Mən neftçi ailəsindənəm, buradakıların 70 faizi neftçi ailələrinin üzvləridir. Mənim 9 nəvəm var, Allah Sizin də nəvələrinizin canını salamat eləsin. Həmişə onları məktəbdən aparanda yapışırlar ki, nənə gedək bir az parkda gəzək. Mən hesab edirəm ki, bu park balaca Dubaydır. Onu bizə Siz bağışladınız. Bura əsl cənnətdir. Əvvəllər saat 4-5-dən sonra burada gəzmək olmurdu, qorxurduq. Hər tərəfi kol-kos basmışdı. İndi isə səhər saat 5-dək arxayın gəzmək olur.

Prezident İlham Əliyev:Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır.

Minayə Həsənova:Bunu görməyən nankordur, cənab Prezident.

Lalə Rəhimova:Mən hər gün xəbərləri izləyirəm, Sizin çıxışlarınıza qulaq asıram. Bir gün nəvəm gəldi yanıma dedi ki, bizim İlham babamız nə vaxt bizə qonaq gələcək?

Prezident İlham Əliyev:Gəlmişəm.

Saray Rəhimova:Sizə də, xanımıza da cansağlığı arzulayıram. Koroğlunun Nigarı, İlhamın Mehribanı, Allah Sizi qorusun.

Prezident İlham Əliyev:Sağ olun.

Saray Rəhimova: Mehriban xanım, mən bir Azərbaycan qadını kimi, Azərbaycan anası kimi Sizinlə fəxr edirəm. Çünki Siz dünya siyasətində olan qadınların içərisində öz sözünüzü demiş bir insansınız. Allah övladlarınızı, nəvələrinizi saxlasın. Allah hamınıza cansağlığı versin.

Birinci xanım Mehriban Əliyeva:Çox sağ olun.

Saray Rəhimova:Siz gözəl ana, gözəl nənə, Azərbaycanın layiqli xanımısınız. Mən bir ana kimi Sizinlə fəxr edirəm ki, Azərbaycanın belə bir xanımı var. Bizim nəvələrimiz, balalarımız Sizdən örnək götürür, ailələrimiz Sizin ailənizdən örnək götürür. Çox şadıq ki, yolumuz açıq, səmamız aydın, getdiyimiz yol bəlli, inandığımız insan bizə arxa-dayaqdır.

Birinci xanım Mehriban Əliyeva:Çox sağ olun.

Minayə Həsənova:Gözümüz aydın olsun, 10 milyonluq xalq olduq. On milyonuncu Mehriban xanım oldu.

X X X

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Paytaxtda yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Suraxanı rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video