26 Yanvar 2012 02:01
446
Mədəniyyət
A- A+

Bakı «Eurovision-2012» müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir

 

Mərasimdə müsabiqənin loqosu və rəmzi açarı təqdim edilmiş, püşkatma mərasimi olmuşdur

 

Yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasim ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.

Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Tədbiri işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" telekanalının reportyorları mərasimdə olmuşlar.

Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olmuşdur. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanmışdır.

Odlar Yurdu Azərbaycanda keçiriləcək "Eurovision-2012"  mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunmuşdur.

Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.

Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilmişdir.

Ona görə də "Eurovision-2012" mahnı müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcəkdir.

2004-cü ildən etibarən "Eurovision" müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardır. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

Təntənəli mərasimdə Bakı şəhəri "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir.

Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etmişdir. Bununla da Bakının "Eurovision-2012"yə ev sahibliyi rəsmən qəbul olunmuşdur.

Düsseldorf şəhərinin meri Dirk ELSBERS mərasimdə çıxış edərək dedi:

- Bakı, axşamın xeyir!

Möhtərəm həmkarım Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov!

Xanımlar və cənablar!

Burada olmağımdan çox böyük şərəf duyuram. Dəvətinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Ötən il Düsseldorf da "Eurovision-2011" mahnı müsabiqəsinin ev sahibi kimi, bu cür təntənəli mərasimi keçirməyə müvəffəq olmuşdur. Bu da çox yaddaqalan bir hadisəyə çevrilmişdir. "Eurovision-2011" mahnı müsabiqəsi, doğrudan da, həm şəhər sakinləri üçün, həm də qonaqlar üçün həddən artıq təntənəli  mərasimə çevrilmişdir. Biz o unudulmaz anları indiyə qədər xatırlayırıq. Beləliklə, Eldar Qasımov və Nigar Camal ötən il bu müsabiqənin çox qeyri-adi, çox gözəl və istedadlı qalibləri olmuşlar. Bunun nəticəsində Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhər məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki kimi təmtəraqlı və hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən həqiqətən böyük məmnunluq və şərəf duyuram ki,  bundan sonra "Eurovision" müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir.              

* * *

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV mərasim iştirakçılarına müraciətlə dedi:

- Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizin hər birinizi Azərbaycanda, bizim gözəl paytaxtımız Bakıda  keçiriləcək  "Eurovision-2012" mahnı müsabiqəsinin rəmzi açarının təqdimatı mərasimində öz adımdan və paytaxt sakinləri adından ürəkdən salamlayıram. 

Ötən ilin mayında təmsilçilərimizin  Düsseldorf səhnəsində uğurlu çıxışı Avropanın ən möhtəşəm musiqi yarışmasında ölkəmizə parlaq qələbə qazandırdı.

Dünya musiqi xəzinəsinə dəyərli töhfələr vermiş Azərbaycanda bu qələbə böyük coşğu ilə qarşılandı. Şəhərimizin sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi varisliyi və müasirliyi özündə təcəssüm etdirən doğma Bakımız  "Eurovision-2012" mahnı müsabiqəsini keçirməyə səylə hazırlaşır.

Bu gün bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi bu müsabiqənin rəmzi açarı ona ev sahibliyi etməyə hazırlaşan doğma Bakımıza rəsmən təqdim olundu. Bununla da gündən-günə "Eurovision-2012" əhval-ruhiyyəsi artan şəhərimizdə bu mötəbər tədbirin təməli qoyulmuş oldu.

"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır.

Onlar təkcə "Eurovision-2012" mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar. 

Sizin hər birinizi Bakıya - "Eurovision-2012" mahnı müsabiqəsinə dəvət edirik.

Diqqətinizə görə təşəkkür edirəm.

Rəmzi açarın  təqdimat mərasimindən sonra "Eurovision-2012" yarışmasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilmişdir.

 "Eurovision" layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək müsabiqənin şərtləri barədə məlumat vermişdir.

Layihənin rəhbəri bugünkü mərasimi mayda keçiriləcək "Eurovision-2012"nin ilk addımı adlandırmışdır. Yand Ola Sand ilk "Eurovision" müsabiqəsinin 1956-cı ildə keçirildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu təntənəli musiqi bayramı həmin ildən bugünədək hər il keçirilməkdədir. Həmçinin bu müddətdə "Eurovision"un əhatə dairəsi  də xeyli genişlənmişdir və hazırda müsabiqənin coğrafiyası Olimpiya Oyunları ilə təxminən eynidir.

Yand Ola Sand qeyd etmişdir ki, iki həftə ərzində Bakıya minlərlə qonaq gələcəkdir. O, müsabiqə ilə bağlı Azərbaycanda indiyədək görülən işlərin çox yüksək səviyyədə aparıldığını demişdir.

Layihənin rəhbəri müsabiqənin "Baku Crystall Hall"da keçiriləcəyini qeyd etmiş və göstərilən bütün dəstəyə görə "Eurovision" müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, Azərbaycan tərəfinin yüksək peşəkarlıq  nümayiş etdirməsindən məmnun qaldığını vurğulamışdır. Bildirmişdir ki, biz, eyni zamanda, sizin cəmiyyətinizin bu mərasimə dəstəyini  yüksək qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır. Bu müddət ərzində hələ çox işlər görülməlidir. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaqdır. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcəkdir. 

Yand Ola Sand müsabiqəyə, ümumilikdə 43 ölkənin qatıldığını, onlardan 6-nın bilavasitə finalda çıxış edəcəyini bildirmişdir. Layihənin rəhbəri demişdir  ki, "Böyük beşlik" olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcəkdir.

Püşkatma nəticəsində məlum olmuşdur ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və Fransa ikinci yarımfinalda səs verəcəkdir. Mayın 22-də keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaqdır.

Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.

Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcəklər.

Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcəkdir.

Ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. "Eurovision" mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaqdır. "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlamışdır.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaqdır.

Püşkatma mərasimindən sonra xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir. Daha sonra milli musiqi alətimiz olan balabanda  lirik melodiya ifa olunmuşdur. Azərbaycanın xalq artisti Alim Qasımovun və İsveçrədə keçirilən

43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə müsabiqənin müxtəlif illərdə qalibi olmuş iştirakçılarından Lena Mayer, Aleksandr Rıbak, Eldar Qasımov, Nigar Camal və başqaları da çıxış etmişlər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video