29 Aprel 2012 12:04
322
Mədəniyyət
A- A+

Bakı dünyanın diqqət mərkəzindədir

 

İstər yerli, istərsə də xarici ekspertlərin bir fikri tez-tez səslənir ki, "Eurovision" müsabiqəsinin 57 illik tarixində Bakı büsatı daha əsrarəngiz və yaddaqalan olacaq. Belə bir rəyin yaranmasına səbəb çoxdur. Başlıcası budur ki, Şərqlə Qərbin qovuşuğunda, sivilizasiyaların ünsiyyət tapdığı məkanda yerləşən Bakı dünyanın ən tolerant şəhəri hesab olunur. Belə bir mühitdə yaşayan insanların da ürəyi geniş, qonaqpərvər, musiqisevər, sülhsevər olur. Nəticədə də ən təhlükəsiz şəhər statusu qazanan Bakıda beynəlmiləl musiqi festivalının keçirilməsi təəccüblü deyildir. Əlbəttə, "Eurovision" mahnı müsabiqəsinin şərtlərinə əsasən, təmsilçimiz qalib olduğundan Bakı bu müsabiqəyə ev sahibliyi etməlidir. Bu, öz yerində. Həm də unutmayaq ki, son illər paytaxtımızda bir-birinin ardınca keçirilən müxtəlif beynəlxalq tədbirlər, simpoziumlar, konfranslar, müsabiqələr, yarışlar uğurlu və möhtəşəm olub. Şəhərimizə gələn qonaqlar buradan xoş təəssüratla ayrılıblar.

"Eurovision-2012" mahnı müsabiqəsini yaxınlaşdıran günlər azaldıqca bütün dünyanın diqqəti, demək olar ki, Bakıda keçiriləcək bu yarışmaya yönəlir. Fərəhlə deyə bilərik ki, yarışın təşkili ilə bağlı görülən işlərin sürəti daha da artıb. Müxtəlif səpkidə keçirilən tədbirlər, reallaşan layihələr Azərbaycanda mahnı müsabiqəsinin təşkilinin yüksək səviyyədə keçəcəyini təsdiqləyir. Bakıda fəaliyyət göstərən bütün rəsmi qurumlar, təşkilatlar bu məsələyə diqqət və qayğı ilə yanaşırlar. Təşkil olunan müxtəlif yürüşlər, keçirilən aksiyalar, ayrı-ayrı konsertlər, "dəyirmi masa"lar müsabiqənin parlaq və büsatlı olacağını şərtləndirir. "Eurovision"un Azərbaycandakı Fan Klubu hazırda Bakının beynəlxalq səviyyədə ev sahibliyi edəcəyi yarışmaya dəstək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Xarici vətəndaşlara sadələşdirilmiş şərtlərlə vizalar verilməkdədir. Bir maraqlı məlumat da var ki, mayın 19-da "Eurovision-2012" mahnı müsabiqəsinin daha bir əyləncə məkanı olan "Eurovillage" fəaliyyətə başlayacaq. Mayın 19-dan 26-dək bu məkanın qapısı musiqisevərlərin üzünə açıq olacaq. Burada müxtəlif şou-proqramları, "Eurovision-2012" mahnı müsabiqəsi iştirakçılarının konsertləri keçiriləcək, eləcə də "Eurovision" aksessuarlarının satışı təşkil ediləcək. Mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall" şou hazırlıqları üçün təhvil verilmişdir. Şouda istifadə olunacaq bütün avadanlıqlar paytaxtımıza gətirilmişdir. Jurnalistlərin akkreditasiya prosesi də artıq başa çatıb. Qeydiyyatdan keçən jurnalistlər sənədlərini şou ərəfəsində "Baku Crystal Hall"ın yaxınlığında inşa edilmiş Mətbuat Mərkəzindən əldə edə biləcəklər. Burada yerləşəcək Akkreditasiya Mərkəzi istər yerli, istərsə də xarici jurnalistlərin rahat işləməsi üçün əlverişli şərait və imkan yaradacaq.

"Eurovision-2012" mahnı müsabiqəsi Təşkilat Komitəsinin sədri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu beynəlxalq musiqi yarışması ilə əlaqədar "Trend" agentliyinə verdiyi müsahibəsi dünya mətbuatının diqqət mərkəzində dayandı. Hətta "Rossiyskaya qazeta" 24 aprel tarixli nömrəsinin qoşa səhifəsini mahnı müsabiqəsi ərəfəsində olan Azərbaycana həsr etdi. Jurnalist Aleksandr Karayev öz yazısında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adıçəkilən müsahibəsinə toxunaraq onun fikirlərindən nümunə gətirir: "Mehriban xanım Əliyeva bu müsahibədə deyib ki, iştirakçıların, qonaqların, tamaşaçıların əksəriyyəti üçün bu, bizim ölkə ilə ilk görüş olacaqdır. Mən əminəm ki, qarşıdakı müsabiqə çox adamın Azərbaycanı yaxşı tanımasına, onun tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edəcəkdir. Mehriban xanımın fikrincə, "Eurovision"a hazırlığın səviyyəsi və keyfiyyəti barədə əsl fikri yalnız müsabiqə başa çatdıqdan sonra söyləmək olar".

Qoşa səhifədə "Yüksək dəqiqlik formatında" adlı bir məqalə də çap olunub. Bu yazının da müəllifi "Eurovision-2012"nin icraçı prodüsseri Adil Kərimlidir. Məqalədə beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün görülən tədbirlərdən söz açılır, qarşıdakı möhtəşəm şounun texniki təminatından ətraflı bəhs edilir. Yarışmanın uğurlu olması üçün bütövlükdə şəhər həyatı bir ürək kimi eyni məqsədlə çırpınır. Nəqliyyatdan başlamış kommunikasiya sistemlərinə qədər hər şey qonaqları qəbul etməyə hazırdır. Eləcə də "Baku Crystal Hall" haqqında rusiyalı oxuculara geniş məlumat verilir. Bu sarayın polad konstruksiyasının 36 üzlü kristallı imitasiyadan ibarət olduğu bildirilir. Bu 36 konstruksiyanın üzərində düzülən lampalar Azərbaycanın üçrəngli bayrağının rənglərini əks etdirəcək. Bu sayrışan işıqların ətrafa yayacağı gözəlliyin də öz cazibəsi var. Rusiya mətbuatı bildirir ki, bu qeyri-adi zalın qısa müddət ərzində belə möhtəşəm şəkildə, ağlagəlməz gözəllikdə tikilməsi heyrət doğurur. Yarışmanın hazırlığında bu möhtəşəmliyi qazanan Bakı bir ev sahibi kimi də müsabiqə müddətində hələ neçə ərməğanı ilə qonaqları heyran qoyacaq.

"Eurovision-2012" mahnı müsabiqəsinin çox vacib spesifik tərəflərindən biri də layihədə çoxlu sayda ölkələrin iştirakıdır. Bakıya mahnı müsabiqəsinə gələcək 42 dövlətin nümayəndələrinin qarşılanması, yerləşdirilməsi ilə bağlı artıq bütün hazırlıqlar plan üzrə getməkdədir. Qonaqların qalacaqları hotellər də müəyyənləşdirilmişdir. Nümayəndələr öz arzularına və standartlarına uyğun hotellər seçmişlər.

Aprelin 23-dən etibarən isə paytaxtın kassalarında "Eurovision-2012" şousunun yarımfinallarına, jüri finalına biletlərin vauçerlərinin satışına başlanmışdır. Biletlər Heydər Əliyev Sarayının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının kassalarında, eləcə də "Azərbaycan" kinoteatrının, Hökumət evinin yanında və Nizami küçəsi, 68 ünvanında yerləşən köşklərdə satılır. Bilet satışı Azərbaycan vətəndaşları üçün yalnız şəxsiyyət vəsiqəsi (16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən doğum haqqında şəhadətnamə), əcnəbilər üçün isə xarici pasport əsasında aparılır.

Müsabiqə ilə əlaqədar həyata keçirilən mərhələnin xeyli hissəsi arxada qalıb. May ayının birinci yarısından etibarən qonaqlar Bakıya gəlməyə başlayacaqlar. Azərbaycan tam hazır bir vəziyyətdə onları qarşılayacaq. Bu müsabiqənin paytaxtımızda keçirilməsinin həm maddi, həm də mənəvi tərəfləri var. Tam əminliklə deyə bilərik ki, bu beynəlxalq mahnı müsabiqəsi təkcə Azərbaycanın deyil, bütövlükdə Avropanın mədəniyyət tarixinə əbədi həkk olunacaq. Ötən yarışmada qaliblərimizin coşqun ifasından, maraqlı çıxışlarından məftunluqla yazan dünya mətbuatı bu müsabiqədən sonra da Bakının qeyri-adi şəhər olmasından, qonaqpərvərliyindən, humanistliyindən, sülhsevərliyindən, tolerantlığından, daha kim bilir, hansı xoşməramlı məziyyətlərindən ətraflı yazacaqlar. Heç ola bilməz ki, yaxşı, gözəl işlərin şahidi olasan, amma onu dilə gətirməyə çətinlik çəkəsən. Musiqisevərlər adətən duyumlu və həssas olurlar. Bəlkə də elə buna görə nadan və cahillər (qonşu ermənilər) müsabiqəyə qatılmaqdan ehtiyat etdilər. Hər kəs özünü yaxşı tanıyır.

 

F.XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video