02 Noyabr 2011 12:11
516
Mədəniyyət
A- A+

AzərTAc-ın tarixi və müasir həqiqət axtarışı

 

İndi zaman həmişəkindən daha artıq sürətlə dəyişir və bir çox hallarda özünün qeyri-səlis həqiqətləri, təzadları ilə maraq doğurur. Hər gün dünyada baş verən "informasiya partlayışları" zənginliyi və əlvanlığı ilə  cəlbedicidir. Bu rəngarənglik içərisində ən vacib olanı tapmaq, ictimai faydalı olanı görmək və göstərmək, yeni həqiqətlər, dəyərli və dəyərsiz məlumat bolluğundan doğru olanı tapıb bu əsasda şəffaf informasiyalı vətəndaş cəmiyyətini qurmaq və qorumaq hər birimizin qarşısında duran başlıca vəzifələrdəndir. Həmin mənzərədə bilinməyənləri bildirmək bacarığı hər şeydən öncə jurnalistikaya aiddir və indiki bilik iqtisadiyyatı dövrünün, açıq bazar şəraitinin, habelə müasir texnogen əsrin tələbləri ilə yanaşanda jurnalistikanın cəmiyyət üçün nə dərəcədə fəal rol oynadığını şərh etməyə xüsusi ehtiyac yoxdur. Çünki indi informasiyasız yaşamaq sadəcə mümkün deyil. Bu baxımdan informasiya təminatı yalnız sosial stresin aradan qaldırılmasına xidmət etmir, həm də qurub-yaratmağa, yaşamağa stimul verir, həyatımızın bütün sahələrinə nüfuz edir,  ümumxalq və dövlət əhəmiyyəti daşıyır, çağdaş ictimai mədəni amil kimi diqqət mərkəzində dayanır.

Tanınmış jurnalist Aslan Aslanovun "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" (Bakı, "Şərq-Qərb" mətbəəsi, 2011) adlı yeni kitabı da deyilənləri bir daha təsdiqləyir. Elmi-nəzəri təhlil və tədqiq prinsiplərinə istinad edən  müəllifin araşdırmaçı mövqeyini və peşəkarlıq təcrübəsini özündə ehtiva edən bu kitab-monoqrafiya müasir dünyanın informasiya sistemi, informasiya şəbəkələri və mübadilələri, onun beynəlxalq və region xüsusiyyətləri barədədir. Kitabda mətbuatın inkişafında, cəmiyyətin həyatında informasiya vasitələrinin, o cümlədən xəbər agentliklərinin əhəmiyyətindən, Azərbaycan informasiya sisteminin formalaşmasından, respublikanın siyasi və ictimai həyatında onun əhəmiyyətindən danışılır, müstəqil Azərbaycan dövləti haqqında həqiqətlərin dünyaya yayılmasında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında AzərTAc-ın xidmətlərindən bəhs edilir.

XXI əsrdə Azərbaycanın dünya ilə əlaqələrini xarakterizə edən cəhətlər əvvəlki əsrlərdən əsaslı şəkildə fərqlənir. Ötən əsrlər top-tüfəng əsri, motorlar və mürəkkəb mexanizmli cihazlar əsri idisə, XXI əsr multisistemlər əsri kimi çox maraq doğurur və indiki qloballaşan dünyada informasiyalı vətəndaş cəmiyyətinin zəruriliyini irəli sürür. Dünya informasiya piramidasının qurulduğu və virtual dünyanın sərhədsizliyi şəraitində Azərbaycanın müasir dünya həqiqətlərindən vaxtında xəbərdar olması son dərəcədə vacibdir və bunun üçün yeni jurnalistikanın, habelə mediatexnologiyanın həyatımızın tərkib hissəsinə çevrilməsi günümüzün gerçəkliyidir. "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" kitabına ön söz yazan Azərbaycan Respublikası Prezidenti Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun vurğuladığı kimi: "İnformasiya cəmiyyətinə keçid siyasi və ictimai həyatın demokratikləşməsini, insan hüquq və azadlıqlarının, informasiyanın azad dövriyyəsinin təmin olunmasını ehtiva edir. Digər tərəfdən, mövcud şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir".

Belə olduğu halda çağdaş jurnalistikanın və informasiya istehsalı işinin və onun tədrisi prosesinin də qarşısında mühüm vəzifələrin dayandığını ayrıca qeyd etmək lazımdır. Bu, sadəcə "bütün məsələləri kadrlar həll edir" məntiqinə haqq qazandırmaq üçün deyil, informasiyalı vətəndaş cəmiyyətinə keçidin sosial təzadlarından doğan problemlərini vaxtında aradan qaldırmaq üçün lazımdır. Çünki yeni vətəndaş tipinin özü şəffaf informasiyalı cəmiyyətin subyektinə çevrilməyə can atırsa, demokratik hüquqi dövlətdə yaşamaq istəyirsə, informasiyanın sosial-fəlsəfi mahiyyəti və dəyərini bilməli, onu düzgün qiymətləndirməyi bacarmalıdır. "Tərəfsiz və qərəzsiz" informasiya sahibi olmaq, onunla mövcud gerçəklikləri dərk etmək üçün işıqlandırmağın kəmiyyət və keyfiyyət tələblərinə aydınlıq gətirən professor Əli Həsənov kitaba ön sözdə yazır: "Ümumbəşəri təkamülün əsas hərəkətverici qüvvələrindən biri olaraq informasiya bütün dövrlərdə cəmiyyətin həyatının, ictimai münasibətlərin və dövlətlərarası əlaqələrin informasiyalaşması və inkişafında mühüm rol oynamışdır. İlk yazı nümunələrinin meydana gəlməsindən başlamış sonrakı dövrdə məlumatın toplanması, saxlanması, ötürülməsi və yayılması sahəsində baş vermiş inqilabi  dəyişikliklər sizilizasiyanın inkişaf tarixində köklü informasiyaların əsas səbəblərindən biri kimi çıxış etmişdir. Hazırda dünya bütün ölkələri əhatə edərək hər bir evə daxil olan, ayrı-ayrılıqda insanların və ümumilikdə kütlələrin şüuruna mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiyalı cəmiyyətin yaranması mərhələsini yaşayır. Proqram-texniki, rabitə, telekommunikasiya, kütləvi informasiya vasitələrinin birləşdiyi vahid informasiya məkanının - internetin yaranması növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin mahiyyətini təşkil edir".

 Bu kəmiyyət və keyfiyyət dəyişikliklərini AzərTAc-ın tarixi timsalında araşdıran əməkdar jurnalist Aslan Aslanov qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma prinsipləri, müasir informasiya agentlikləri sırasında AzərTAc-ın yeri və inkişaf perspektivləri, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyətinə aydınlıq gətirir. Cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti, informasiya tələbatının ödənilməsində mətbuatın və xəbər agentliklərinin rolu, informasiya mənbələri, xəbərin əldə edilməsi yolları, informasiyanın hazırlanması və yayılması problemləri barədə mülahizələrini AzərTAc və dünya xəbər agentliklərinin iş təcrübəsinə istinadən əsaslandıran müəllifin bu kitabında diqqəti çəkən əsas məqamlardan biri intellektual hazırlıq, analitik təhlil və mühakimələrindəki akademizmdir. Müəllif yeni dünya jurnalistikasına dair elmi-nəzəri mənbələrə bələdliyini sadəcə ifadə etmir, artıq təsbit olunmuş məntiqi hökm və paradiqmatik yeniliklərə dair ümumiləşdirilmiş fikir söyləyir, özünün aydın qənaətlərini çatdırır, habelə müxtəliffikirlilik kontekstində polemikalar aparır, yeni düşüncə istiqamətini müəyyənləşdirməyə üstünlük verir. Onun bu və ya digər məqamlara üstünlük verməsi, habelə kitabdakı struktur mükəmməlliyi, mövzuların yığcam və anlaşıqlı ifadəsi əsərə dərslik səciyyəsi qazandırır və "jurnalistika elm yox, sənətdir, peşədir" fikrini söyləyənlərin mövqeyini təkzib edərək göstərir ki, jurnalistika həm də dövlətin var olmaq, xalq və millətin yaşamaq, fərdin və insanın düşüncə tərzidir. Aslan Aslanovun zəngin arxiv materialları və elmi-nəzəri mənbəyə istinad etməsi AzərTAc haqqındakı kitaba akademik araşdırma, elmi keyfiyyət qazandırırsa, onun praktik işlə əlaqələndirilməsi jurnalistikanın da kibernetika, botanika, fizika və sair kimi müstəqil elm sahəsi olduğu qənaətini təsdiqləyir. Çünki müəllif jurnalistikaya dair beynəlxalq aləmdə birmənalı qəbul olunan termin və anlayışlara, müxtəlif nəzəri və fəlsəfi kateqoriyalara, sosial-siyasi təhlil və mühakimə prinsiplərinə, müasir elmlər sisteminin interaktivliyinə və konvenlik meyarlarına əməl edir, habelə mediologiyaya, xüsusilə mediatexnologiyaya dair zəngin lüğət fondu və leksik vahidlər təqdim edir. Bunlar Azərbaycanda ənənəvi jurnalistikaya dair artıq vaxtı keçmiş, arxaikləşən terminlər, jurnalistikanın janr mənzərəsini işıqlandıran terminologiya və s. deyil, mediologiyanın müasir keyfiyyət göstəricilərindən xəbər verən həqiqətlərdir.

Yeni medianın iqtisadi əsaslarının, hüquqi bazası və texniki təminatı haqqında ətraflı bəhs açan müəllif çox doğru göstərir ki, rəqəmsallıq informasiyanı fayllaşdırmağa, yaddaşa köçürməyə, onu kodlaşdırmağa, elektron poçtla göndərməyə və qəbul etməyə, şəbəkədə yaymağa, müxtəlif formatlara çevirməyə imkan yaradır. Mediatexnologiyanın multimediallığı offlayn rejimində informasiya istehsalının ən müxtəlif növlərini (rəqəmsal xəbərlər, videolar, hərəkət edən təsvirlər, hipermətnlər, veb nəşrlər) vəhdətdə təcəssüm etdirir. İnteraktivlik isə kommunikasiya vasitələri sistemində informasiyanın mənbəyi, yayıcısı və istehlakçısı arasında birbaşa əlaqənin qurulmasını ehtiva edir.

İnformasiya işinin təşkilində yeniliklərdən olan interaktivlik bir sıra tədqiqatlarda offlayn nəşrlərin səciyyəvi mahiyyəti sırasında nəzərdən keçirilir.

İnteraktivliyin kommunikativ mahiyyətinin oxucunun (istifadəçinin) informasiyanın şərh olunması, qaldırılan problemin müzakirəsi prosesində iştirakı kimi formalarda təzahür edən bir neçə cəhəti vardır. Əvvəla, interaktivlik auditoriyadan operativ surətdə rəy almağa imkan verən informasiya fəaliyyətinin reallaşması mexanizmi kimi nəzərdən keçirilə bilər. İkincisi, interaktivlik həm də auditoriyanı informasiya resursuna cəlb etməyin səmərəli vasitəsi hesab edilir.

İndi dünyanın sosial-mədəni mənzərəsi sürətlə dəyişir, yeniləşir və təhsil, elm, texnologiya yeni sivilizasiyanın ən etibarlı vasitəsi kimi daha artıq aktuallıq kəsb edir. Lakin bu ənənəvi təhsil, elm və texnologiya olmadığından və yeni dünya standartları formalaşdığına görə, həm də informasiyalı vətəndaş cəmiyyəti məqsəd seçildiyi üçün proseslərdən kənarda qalmaq heç kimə, o cümlədən bizə xeyirli deyil. E.Toflerin dediyi "üçüncü dalğa" sürətlənməkdə və dünyanın yeni vizual və virtual mənzərəsini yaratmaqdadır. Artıq "nə informasiya agentliyinin xəbər otağında, nə qəzet redaksiyasında, nə də televiziya studiyasında səs-küylü yazı makinalarına, teletayp aparatlarına, yaxud da mətbəədə linotip maşınlara rast gəlmək mümkündür. Bütün bunları ən müasir informasiya texnikası, kompyuterlər, serverlər, printerlər əvəz etmişdir".

Yeni cəmiyyət tipinin yaranması və ənənəvi jurnalistikadan müasir media sisteminə keçid dövründə sosial şəbəkənin aktivliyinə diqqət yönəldən Aslan Aslanov doğru olaraq vurğulayır ki, "informatika ilə məşğul olan jurnalistlərin yaxşı rəssam duyumu olmalıdır, lakin bununla bərabər o, həm də əla reportyor, redaktor, müxbir olmalıdır, reportyorlara da, redaktorlara da dizayner-jurnalistlər, yəni zahiri tərtibatdan daha çox xəbərlərə maraq göstərən lazımdır".

Tarixən universallığı və ensiklopedik hazırlıq tələbi ilə fərqlənən jurnalistika indi kütləvi xəbərləşmə funksiyalarından daha çox kütləvi ünsiyyət, dialoq, kommunikasiya, ictimai rəyi tənzimləməklə məşğul olur, sosial mədəniyyətin qurucusu və qoruyucusu kimi çıxış edir. Bu mənada AzərTAc-ın beynəlxalq əlaqələrini və ölkədaxili fəaliyyətini təhlil mərkəzinə çəkən Aslan Aslanov yazır ki, hazırda informasiya bazarında yerinə və çəkisinə görə agentlikləri bu cür təsvir edirlər: transmilli, milli agentliklər, vilayət, şəhər agentlikləri, nəhayət, nəşriyyatlar və yayım şirkətləri nəzdində yaradılmış agentliklər. Qlobal informasiya məkanında "Assoşieyted Press" və "Yunayted Press İnternəşnl" (ABŞ), "Frans Press" (Fransa), "Röyter" (Böyük Britaniya), "Sinxua" (Çin) və İTAR -TASS (Rusiya) agentlikləri daha məşhurdur. Bu agentliklər dünyada ən güclü informasiya mənbələridir və onlar bir çox ölkələrin informasiya bazarında təmsil olunmuşlar. Məsələn, Avropa informasiya bazarında "Assoşieyted Press" agentliyinin payı 80 faizə çatır.

AzərTAc-ın son dövr texnologiyaları ilə təchiz olunmasını nəzərə çatdıran müəllif multimedia redaksiyalarının yaradılması, video, foto, səsli və yazılı informasiyanın eyni vaxtda çatdırılması imkanlarından da danışaraq vurğulayır ki, AzərTAc Azərbaycan Prezidentinin sərəncamından irəli gələn vəzifələri  yerinə yetirməklə bərabər öz işində sosial medianın müxtəlif platformalarından, o cümlədən son illərdə internetdə olduqca populyarlaşmış Facebook, Twitter, Livejournal bloq-portalı, YouTube videoportalı və gidər sosial şəbəkələrdən istifadə edilməsi sahəsində başqa informasiya agentliklərinin qabaqcıl təcrübəsini diqqətlə öyrənməyə başlamışdır. Müasir media məkanında  sosial medianın rolunun durmadan artması müşahidə olunur.

Elmi-nəzəri mənbələrə və AzərTAc-ın iş təcrübəsinə əsaslanan müəllif müxtəlif tipli informasiya istehlakçılarını, o cümlədən müxtəlif auditoriya mənsublarını "yeni medianın provayderləri" adlandıranların mövqeyini müdafiə edir, onları multimedia informasiyasının istehlakçıları kimi qiymətləndirməklə çağdaş sosial jurnalistikanın mühüm əhəmiyyət daşıdığını bildirir. Elə buna görə də sosial şəbəkənin və offlayn nəşrlərin müasir mass-media sistemində yerini aydınlaşdıraraq jurnalist yaradıcılığında ənənə və novatorluq prinsiplərinə istinad edir, klassik dəyərlər və iş təcrübəsi ilə günümüzün yeniliklərini vəhdətdə təhlilə çalışaraq göstərir ki, offlayn nəşrlərin informasiya məhsullarının istehlakçısı (oxucusu, dinləyicisi, tamaşaçısı) ilə istehsalçısı arasında birbaşa əks-əlaqənin qurulması formalarını araşdıran tədqiqatçılar interaktivliyin media sahəsində "öz xəbərinizi yerləşdirin", "redaksiya kollegiyasının üzvü ol", "siz materialın mövzusunu seçirsiniz", "müzakirə", "forum" və s. yeni formalar yaratdığını yazırlar. Əslində isə bu formalar heç də yeni deyildir. Offlayn nəşrlərdən çox-çox qədim olan mətbu nəşrlərdə oxucu auditoriyası ilə əks-əlaqənin kifayət qədər ənənəvi formaları olub və indi də var. "Redaksiyanın poçtundan", "Bizə yazırlar", "Oxucu məktubları", "Oxucu konfransları", "Mütəxəssisin tribunası", "Maraqlı görüşlər klubu", "Səyyar redaksiya" ənənəvi Azərbaycan mətbuatında auditoriyaya hesablanmış əlaqə formalarının heç də tam siyahısı deyildir. Buna görə də offlayn nəşrlərdə "əks-əlaqələrin yeni formaları" məsələsinin auditoriya ilə ünsiyyətin nə cür adlandırılması kontekstində deyil, fərdin informasiya məkanına daxil olması və sistemdə şəxsiyyətin mövqeyinin aktivləşməsi kimi maraqlı psixoloji prosesin yaranması baxımından araşdırılması faydalı olardı.

"Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" kitabının fundamentallığı onun monoqrafik hüdudları ilə məhdudlaşmır, dərslik səciyyəsi ilə yekunlaşır, həm də müasir jurnalistin yaradıcılıq axtarışlarına yön və ton verə bilmək imkanları, peşə etikasına dair normativlərin dəqiqləşdirilməsi və s. baxımından da ciddi maraq doğurur.

Ölkəmizdəki informasiya agentliklərinin, o cümlədən AzərTAc-ın, habelə bütövlükdə jurnalistikanın sosial instituta çevrilməsini işıqlandıran kitab bir daha təsdiq edir ki, müasir informasiya epoxasında Azərbaycan Postindustrializmin prinsiplərinə əməl etməklə azad informasiyalı vətəndaş cəmiyyətini çağdaş sivilizasiyanın ən mühüm göstəricisi sayır. Çünki indi dünya sürətlə dəyişir, əski idealların yerini yeniləri tutur, ideologiyaların transformasiya prosesi mürəkkəbliyi, çoxplanlığı ilə maraq doğurur, artıq milli-etnik konsepsiyaları, sosial-ideoloji dəyərləri dünyanın qloballaşmağına bağlı elmi-nəzəri həqiqətlər və informasiyalı cəmiyyətə bağlı arzular əvəz edir, hətta milli KİV-in siması və statusu müasirləşərək İKT kimi ümumbəşəri səciyyə qazanıb. Ənənəvi xəbərçiliyin xüsusi ideoloji təbliğatında özünü göstərən monoloji məhdudluq çərçivəsinin yerini dialoq mədəniyyətinin dünyəvi prinsipləri tutmağa başlayıb, belə deyək, jurnalistikada informeyşn-xəbərləmə əvəzinə kommunikeyşn-ünsiyyətə xidmət daha lazımlı, faydalı hesab olunur. Bu iş isə bilavasitə Novruzəlinin XX əsrin əvvəllərində poçt qutusu qarşısında xəbərsizlikdən-biliksizlikdən irəli gələn  kədərli və tərəddüdlü düşüncələrini, daxili monoloqlarını yaratmır, əksinə, ən qədim dövrdən günümüzə qədər təkmilləşməkdə və yeniləşməkdə olan ictimai-mədəni reformalara meydan açır, İKT ilə müşayiət olunan çağdaş sivilizasiyanın yolunu göstərir. Bu yolda azad informasiya məkanına və xoşbəxt gələcəyə gedən isə "öyrənən, bilən və bacaran" həmvətənlərimizdir. Belə olduğuna görədir ki, Azərbaycan informasiya mühitinin lideri AzərTAc-ın təşəkkül tarixi və inkişaf mərhələləri timsalında araşdırmalar aparan və XXI əsrin yeni həqiqətləri kontekstində jurnalistikaya dair ciddi elmi-nəzəri mülahizələr söyləyən tanınmış və təcrübəli jurnalist Aslan Aslanovun vətəndaşlıq mövqeyi də mühüm maraq doğurur və onun kitabı azad və demokratik Azərbaycanın daha xoşbəxt gələcəyinə yönələn yolu tapmağa yardımçı olur. Bu kitab elmi-nəzəri və tarixi araşdırmanın məhsulu olmaqla, həm də müasir sosial-fəlsəfi düşüncələrin məhsuludur. Nəhayət, kitab belə bir qənaətə gəlməyə əsas verir ki, jurnalist inanmadığı və bilmədiyi məlumatı başqasına ötürməməlidir. Çünki jurnalistika yalnız olmuşlar və olanlar haqqında danışmır, bəhs açmır, o həm də olacaqlar barədə informasiya verir, gələcəyin doğru yolunu işıqlandırmağı vəzifə bilir. Odur ki, media və medium anlayışları, bilinməyənləri bildirmək sənəti kimi ecazkarlıq, möcüzəkarlıq keyfiyyəti ilə də maraq doğurur və yalnız tarixin və bugünün deyil, həm də gələcəyin həqiqətlərini axtarır. 

 

Şamil VƏLİYEV,

professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video