06:40 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın və Türkiyənin birgə layihəsi

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:13 12.06.2021

 

3 il əvvəl istifadəyə verilən TANAP Avropanın da enerji təhlükəsizliyinə xidmət edir

 

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də  Türkiyədə, Əskişəhərdə Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna prezidentlərinin,  Şimali Kipr xalqı liderinin  və digər rəsmi şəxslərin iştirakı ilə  istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı vaxt - həmin il iyunun 30-da başlayıb. Fəaliyyətə başladığı vaxtdan indiyədək bu kəmərlə Türkiyəyə 10,6 milyard kubmetrdən çox qaz nəql edilib.

TANAP-ın salnaməsi qısa da olsa, zəngin və maraqlıdır. Belə ki, layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Boru kəməri sisteminə dair sazişə isə 2012-ci il iyunun 26-da İstanbulda imza atılıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edilib. Qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm danışıqlar aparılıb, TANAP-ın və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) inşasına dair sənədlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. İstifadəyə verildiyi vaxtdan təxminən il yarım sonra - 2019-cu il noyabrın 30-da  TANAP-ın qazı  Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi  yekunlaşıb.

Təsadüfi deyil ki, TANAP-ın açılış mərasimində bu kəmərin  işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi. Çünki bu, Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP-ın uğuru, eləcə də Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi”nin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına bir zəmanət idi. TANAP Azərbaycan və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə   bu  birliyini və qardaşlığı  bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində  çıxarılan qazı  nəql edən TANAP  Türkiyə-Gürcüstan sərhədində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulub. Xatırladaq ki, CQBK “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir, uzunluğu Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometrdir. CQBK-nın yolunu Türkiyədə 1850 kilometrdən çox məsafə boyu TANAP davam etdirir. Bu  kəmərin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər hissəsinin uzunluğu 1350, Əskişəhər - Türkiyə-Yunanıstan sərhədi hissəsinin uzunluğu 480 kilometrdir. Xəttin 19 kilometri  isə Mərmərə dənizindən keçir. TANAP öz marşrutu boyu Türkiyənin 20 vilayətini, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərini arxada qoyur. 878 kilometrlik TAP kəmərinə isə  Türkiyə ilə Yunanıstanın sərhədindəki Kipoi məntəqəsində   qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici həlqəsi” də adlandırırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” olduğunu deyib. Qardaş ölkənin dövlət başçısı bu kəmərin işə düşməsini belə dəyərləndirib: “Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını  təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik”.

 TANAP-ın səhmlərinin 51 faizi “Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi  BP şirkətinə məxsusdur.  O,  möhkəm təmələ əsaslanan kəmərdir. Çünki  görülən  bu  böyük  işlərin başlanğıcında Heydər Əliyev adına  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır.

TANAP fəaliyyətini uğurla davam etdirir. Energetika Nazirliyinin məlumatına görə, bu ilin 5 ayında Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Keçən ilin sonundan bu kəmər həm də TAP-a mavi yanacaq ötürür. Cari ildə TAP-la Avropaya 2,3 milyard kubmetr qaz ixrac olunub.

Hazırda TANAP-ın  mövcud ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir.  2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetr mavi yanacağı daşımaq gücünə malik olacağı nəzərdə tutulur. Xatırladaq ki, ilkin mərhələdə TANAP kəməri ilə nəql ediləcək 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə çatdırılacaq.

Bu gün TANAP regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Prezident İlham Əliyev bu barədə belə demişdir: “TANAP və “Cənub qaz dəhlizi”, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir”.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM