19:26 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın Qələbəsi bütün türk dünyasının zəfəridir

ANA SƏHİFƏ / SİYASƏT
01:42 13.04.2021

 

İlham Əliyevin təşəbbüsləri türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfələr verir

 

Azərbaycanın parlaq hərbi-siyasi zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri də respublikamızın haqlı və ədalətli mövqeyinin beynəlxalq platformalarda müdafiəsi oldu.  BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı savaş zamanı da Azərbaycanı birmənalı dəstəklədilər. Digər təşkilatlar tərəfindən isə sadəcə atəşin dayandırılmasına dair çağırışlar edildi və Ermənistana hansısa formada dəstək ifadə edən addımlar atılmadı.

 

Azərbaycana göstərilən mənəvi və siyasi dəstək

 

Bu savaşda Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyən dövlətlərdən biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) oldu.  Ümumiyyətlə, Türk Şurası hər zaman Dağlıq Qarabağ məsələsində ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində  təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu.  Savaşın davam etdiyi günlərdə qurumun Ticarət və Sənaye Palatasının toplantısının Bakıda keçirilməsini Prezident İlham Əliyev ölkəmizə mənəvi dəstəyin göstərilməsi kimi qiymətləndirdi.

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Türk Şurasının martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə də xüsusi qeyd olundu. Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türk Şurasının Baş katibi Bağdad Amreyevin təbrikləri göstərdi ki, Azərbaycanın Qələbəsi bütün türk dünyasının zəfəridir.

Aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı da türkdilli dövlətlərin Azərbaycanla bundan sonra da həmrəylik nümayiş etdirəcəklərini göstərdi. “Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyən Türk Şurasının Baş katibi Bağdad Amreyev əlavə etdi ki, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar.

 

Nümunəvi və səmərəli sədrlik

 

Bu il yaradılmasının 12-ci ili tamam olacaq Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, bunun üçün bütün üzv dövlətlərin səmərəli fəaliyyət ortaya qoyması son dərəcə vacibdir. Bu baxımdan Azərbaycanın təşkilata və ümumən, türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əsl nümunədir. Belə ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına diqqət yetirməsi təşkilatın fəaliyyətinə mühüm təsir göstərir. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq türkdilli dövlətlər də bu yoldan istifadə edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri də türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə neft-qaz boru kəmərlərinin keçdiyi əsas tranzit ölkədir. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük ərməğanıdır. Respublikamız özünü şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.

Türk Şurasına sədrliyi dövründə isə Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, respublikamız Şuraya sədrliyi dövründə türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini artırıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə  türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Bu baxımdan ötən ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi türkdilli dövlətlərin qlobal bəla olan koronavirusa qarşı birgə mübarizəsi, bir-birilərinə dəstək olmaları baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu, həm də onu göstərdi ki, Azərbaycan Türk Şurasına sədrliyini səmərəli həyata keçirir.

 

Media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır

 

Bu gün bütün dövlətlər sülhün və sabitliyin qorunması kimi müasir çağırışlarla üzləşirlər. Ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətlərinin bu məsələdə, eyni zamanda dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri üçün təşkilatlanmaları olduqca vacibdir.

Bu baxımdan aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı bütün üzv dövlətlər üçün aktual məsələlərin müzakirəsi ilə yadda qaldı. Hazırda bütün dünyada informasiya müharibəsi davam edir. Media bütün məsələlərdə ən təsirli silahlardan biri kimi özünü göstərir. Belə bir şəraitdə media sahəsində əməkdaşlıq Türk Şurasında ən önəmli mövzulardan biridir. Məlumdur ki, Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə türkdilli dövlətlərin bu istiqamətdə də birgə fəaliyyət ortaya qoymaları çox vacibdir.

Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı bu baxımdan aktuallıq kəsb edirdi. Çünki üzv dövlət arasında media sahəsində əməkdaşlıq da digər sahələr kimi strateji əhəmiyyət daşıyır. Toplantıdakı müzakirələr, çıxışlar göstərir ki, türkdilli dövlətlər arasında media platforması güclənəcək və bu sahədə xarici təhdidlərə qarşı güclü və təkmil birgə fəaliyyət ortaya qoyulacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM