28 Oktyabr 2011 01:10
258
Mədəniyyət
A- A+

Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi qeyd olunmuşdur

 

Oktyabrın 27-də Dənizçilərin Mədəniyyət Evində Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurası Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi münasibətilə mərasim keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri və müavinləri, veteranlar, Milli Təhlükəsizlik, Müdafiə, Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, yubilyarın dostları və ictimaiyyət   nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Mustafa Nəsirova həsr olunmuş sənədli film göstərilmişdir.

Sonra Mustafa Nəsirovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı  oxunmuşdur.

Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası sədrinin müavini Surxay Tağızadə yubilyarın keçdiyi şərəfli həyat yolundan danışmışdır.

Vurğulanmışdır ki, general bütün xidməti boyu vətən, xalq və dövlət qarşısında müqəddəs borcunu şərəf və vicdanla yerinə yetirmiş, gənc zabitlərə örnək və nümunə olmuşdur. Müxtəlif orden və medallara, fəxri fərmanlara layiq görülmüş M.Nəsirov Azərbaycan Respublikası Prezidentinin  2011-ci il  24 oktyabr tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Qeyd olunmuşdur ki, 1921-ci il oktyabrın 25-də Dərbənd şəhərində anadan olan M.Nəsirov 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilən M.Nəsirov ölkədə müharibə getdiyi üçün üçillik kursu doqquz aya başa vuraraq Orta Asiya Sərhəd Dairəsində xidmətə başlamışdır.  1942-ci ilin yanvarında hərbi xidmətə çağırılmışdır. Şərəfli döyüş yolu keçmiş M.Nəsirov 1952-ci ilin sentyabrından Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında hərbi hazırlıq bölmələrində xidmət etmişdir. 1961-ci ilin oktyabrından 1962-ci ilin aprelinə qədər SSRİ DTK-nın Ali Məktəbi nəzdində təkmilləşdirmə kurslarının dinləyicisi olmuşdur. Sonralar isə xidmətini Azərbaycan sərhəd dairəsinin Göytəpə sərhəd dəstəsinin qərargah rəisi, Neftçala sərhəd dəstəsinin rəisi vəzifələrində davam etdirmişdir.

1962-ci ilin noyabrından 1968-ci ilin oktyabrına qədər Naxçıvan sərhəd dəstəsinə komandanlıq etmiş, eyni zamanda SSRİ-nin sərhəd komissarı, Araz çayında İran ilə birgə "Araz" və "Mil-Muğan" hidroqurğuların tikilməsində SSRİ səlahiyyətli sərhəd nümayəndəsi olmuşdur. Həmin diplomatik vəzifələrdə işləyərkən həmhüdud ölkənin müvafiq orqanları ilə mənalı əlaqə bəsləyərək sərhəd çayı sularının istifadə olunması, balıqçılıq, dəmir yolu, su, avtomobil nəqliyyatı vasitələrinin sərhəddən normal keçirilməsi, "Araz", "Mil-Muğan" hidroqurğularının uğurla aparılması sahəsində çalışmışdır.

Sərhədçi general Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. O, Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunmuşdur.

Xüsusi vurğulanmışdır ki, keçmiş SSRİ Sərhəd Qoşunlarında yüksək vəzifələrə təyin olunmuş ilk azərbaycanlı sərhədçi olmuşdur. Mustafa Nəsirov azərbaycanlılara yaradılan süni çətinliklərə baxmayaraq, dahi öndər, ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı zabitlərin inkişafına xüsusi diqqət və qayğısı sayəsində general-mayor ali hərbi rütbəsinə layiq görülmüş, müxtəlif orden, medal və fəxri fərmanlarla təltif edilmişdir.

General-mayor Mustafa Nəsirov 65 yaşında istefaya çıxmışdır.

Mustafa Nəsirov 1987-ci ilin martında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. 

Sonra Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polkovnik Ramiz Axundov, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Xəqani Bağırov və digər çıxış edənlər yubilyarı təbrik etmiş, uğurlar arzulamış, hədiyyələr təqdim etmişlər.

Ukrayna Sosial Müdafiə və İctimaiyyətlə əlaqə Agentliyinin direktoru Svetlana Kuşnirova Ukrayna Prezidentinin yubiley medalını Mustafa Nəsirova təqdim etmişdir.

Mustafa Nəsirov tədbirin təşkilinə və ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, təşkilatçılara minnətdarlığını bildirmişdir. Mərasim maraqlı konsert proqramı ilə davam etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video