08 May 2021 01:59
1760
SİYASƏT
A- A+

Azərbaycanın fəxri və xilaskarı

 

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Hazırda ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları müasir Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 98-ci ilini qeyd etməyə hazırlaşır.

Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına  həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi  gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də  Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər   işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq, yüksək çalışqanlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bu xüsusiyyətinə görə Ulu Öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən  general-mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə  işlədiyi dövrdə kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev  lazımi səviyyədə  yüksək peşəkarlıqla icra etmiş və onların böyük əksəriyyəti hələ də “tamam məxfi” qrifi ilə müvafiq arxivlərdə saxlanılır.

Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verdiyini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və  kimya sənayesi, üzüm istehsalı və bir sıra digər  sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə  Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm  təməl yaradıldı.

Heydər Əliyevin gərgin əməyi,  uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə  istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndirildi.

Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin  sosial siması kökündən dəyişdi. Həmin illərdə sosial obyektlərin tikintisi də böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət, kinoteatr binaları və digər obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanıldı. Bu diqqət və qayğının nəticəsində respublikamızda həmin dövrdə mənzil tikintisində  rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərinin əvvəlində hər il bir milyon kvadratmetr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi. 

Respublikamız qonşu respublikaları təbii qazla və elektrik enerjisi ilə təmin etməyə başladı  və ittifaq miqyasında subsidiya alan  respublikadan donor respublikaya çevrildi.  Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ağır sənayenin inkişafında da əhəmiyyətli dönüş yarandı. İttifaqda ən iri maşınqayırma zavodları respublikamızda inşa edildi. SSRİ-də yeganə olan Bakı kondinsonerlər zavodu, Bakı yeni neftayırma zavodu, Azərterm zavodu, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı yeni maşınqayırma zavodları tikilib istifadəyə verildi və bir çox mövcud zavodlar müasir avadanlıqlarla təmin edilərək modernləşdirildi.

Ümummilli Lider Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə ittifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı  ittifaqın qabaqcıl, güclü sənaye və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi.  Həmin dövrdə xalqımız həmişə  Azərbaycan  vətəndaşlarının  rifah halının yaxşılaşmasına,  cəmiyyətin və dövlətin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli  və köklü dəyişikliklərin şahidi olmuşdur. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi  sayəsində əldə edilən  nailiyyətlər hörmətli Prezident İlham Əliyevin “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”. Bu, Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrə verilən ən real və obyektiv qiymətdir.

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək  idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etdi və o, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin, o cümlədən çox böyük maliyyə tutumlu Baykal-Amur Magistralının  (BAM)   tikintisi, SSRİ-də səhiyyənin və nəqliyyatın inkişafı  və digər sosial problemlərin həlli ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınan yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş və dünyada böyük təsirə malik xarici  ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllinə kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli  insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın  nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyi, xüsusilə Qorbaçov tərəfindən aparılan  təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə, bütün qadağalara baxmayaraq, Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə  izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli Lider oldu.  Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ rəhbərliyini açıq formada kəskin tənqid atəşinə tutularaq xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.

Heydər Əliyev məlum səbəblərdən  bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın dağılacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış  Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Buna görə Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bildirirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini bir an da dayandırmadı. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi  1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də   Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol başladı.

Ali Məclisin sədri kimi o, ilk öncə  ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək aldı. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu Öndər tezliklə  islahatların həyata keçirilməsini önə çəkdi.    Qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu.   Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 1996-cı ildə qəbul olunsa da,  ondan xeyli əvvəl - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi təmin edildi. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik  ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf  etməyə və   cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin Heydər Əliyevə olan  inamı  və  ümidi  getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. 

Həmin dövrdə - 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə Azərbaycanı müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz,  siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla  yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala  biləcək tədbirlər görmək gücündə deyildilər və  aciz durumda idilər. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerləyeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.

Özünü xalqın aparıcı qüvvəsi hesab edən müsavat və xalq cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldılar. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qurmur, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə  hərc-mərclik  və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları  tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı.

Həmin dövrdə müstəqil Azərbaycan Respublikası öz  tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, digər tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi hakimiyyətə qarşı narazılığı artırmaqla yanaşı, Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu.

Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün  bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, digər tərəfdən isə vəziyyət  getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı  böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Separatçı ermənilər tərəfindən  başlanmış   Ermənistan-Azərbaycan müharibəsində  1994-cü il mayın 12-də atəşkəsə nail olunması onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Bundan sonra ölkədə siyasi və iqtisadi  sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə müstəqil Azərbaycan Respublikasının ilk  yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı qısa müddət ərzində  alındı.  Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş bu dövlətə və insanlığa zidd hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren  Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də  formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq  möhkəmləndi  və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq,  dostluq və  strateji tərəfdaşlıq   münasibətləri  yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli  əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən yeni neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Ulu Öndərin səyi nəticəsində Xəzərin  Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli”  neft yataqlarının birgə  işlənməsinə   dair öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış beynəlxalq müqavilə dünyanın 8 ölkəsini təmsil edən 13 iri  transmilli şirkət tərəfindən imzalandı. Bundan sonra   Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi. 

Bu addımlar sırasında Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatının bərqərar olması üçün həyata keçirilən əsaslı tədbirləri  də qeyd etmək olar. Belə ki,  ilk növbədə, iqtisadi islahatlara başlamaq qərara alındı və bu məqsədlə ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə hüquqi bazanın yaradılmasına  start verildi. Respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının  mühüm əhəmiyyət kəsb etməsini  nəzərə alaraq, 1996-cı ildə “Torpaq islahatı haqqında”  və aqrar  məsələlərə dair bir sıra qanunlar və digər normativ hüquqi aktlar qəbul edildi. Eyni zamanda dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinə dair  dövlət proqramları və digər sənədlər imzalandı. Uğurla həyata keçirilən bu və digər tədbirlər nəticəsində  Azərbaycan Respublikası müstəqilliyinin ilk dövrlərində məruz düşdüyü çətinlikdən qurtularaq sosial-iqtisadi inkişafa başladı. Onu da qeyd etmək lazımdır ki, iqtisadi islahatlara başqa postsovet respublikalarından fərqli olaraq vaxtında və hüquqi müstəvidə başlanması ölkəmizin müstəqil dövlət kimi heç kimdən iqtisadi asılılığı olmadan möhkəm əsaslar üzərində davamlı inkişafına etibarlı zəmin yaratdı. 

Ulu Öndər Heydər Əliyevin həyatının  30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl  respublikaya çevirdi, respublikanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış  qardaş qırğınının qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə   çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla, onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız onu  özünün Ümummilli lideri elan etmişdir. Çünki, özünün dediyi kimi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə- bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Dahilərin böyüklüyü  isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.

Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu və xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində  doğma xalqına ünvanladığı son müraciəti Vətənə ləyaqətlə xidmətin son nümunəsi oldu. Ulu Öndər  tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin bu tarixi müraciətindən keçən on səkkiz il  onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on səkkiz   ildir ki, hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin - müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar  parkların yaradılması, onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə  məhsullar istehsalına başlaması Azərbaycanın uzun-müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən  və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür. 

Cənab Prezidentin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun  yaradılması istiqamətində təsirli tədbirlər görülür. 

Ölkəmizdə sosial və iqtisadi inkişafın qlobal çağrışlara uyğun aparılması  sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 17 il ərzində  3,3 dəfə artmış,   valyuta ehtiyatlarımız 51 milyard manatdan artıq olmuşdur. Bu da respublikamızın  gələcək inkişafının başqa ölkələrdən asılı olmadan valyuta ehtiyatları ilə  etibarlı təminatı deməkdir.

Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində  işsizlik və yoxsulluq səviyyəsi minimuma endirilmiş, orta aylıq əməkhaqqı və pensiyalar dəfələrlə artmış, əhalinin içməli su və təbii qazla təminatı əsaslı şəkildə yaxşılaşmışdır.

Hörmətli Prezidentin həyata keçirdiyi  uğurlu strategiyanın  nəticəsidir ki, Dünya Bankının “Doinq Business-2020” hesabatına əsasən dünya iqtisadiyyatında baş vermiş böhranlı 2020-ci ildə Azərbaycan mövqeyini  6 pillə yaxşılaşdıraraq  34-cü pillədən 28-ci pilləyə yüksəlmiş, növbəti dəfə  dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun  Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə  yazıldı. Çünki bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlıların qürurunu özünə qaytardı.

 Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə “Böyük Qayıdış”la əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur.  Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə  həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək   bərpa və yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma  siyasətinin  həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan  vətəndaşlarımıza layiqli yaşayış və işgüzar  fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə hörmətli Prezidentin nəzarəti altında konkret işlər görülür və bu ilin sonuna kimi bir çox obyektlərin istifadəyə verilməsi təmin ediləcəkdir. Bu günlərdə cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunda ilk “ağıllı” kənd layihəsinin və aeroportun tikintisinin təməli qoyuldu və bununla da “Böyük Qayıdış”ın ilk addımları atıldı. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri  ölkəmizdə iqtisadiyyatın, xüsusilə aqrar sektorun, turizmin və digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir. 

Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər  bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki,  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video