11 Aprel 2021 00:38
739
SİYASƏT
A- A+

Azərbaycanı ucaldan siyasət

 

Bu gün Prezident İlham Əliyevin respublikamıza prezidentlik müddətinin 3-cü ili tamam olur. 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqımız növbəti dəfə doğru seçimini edərək əldə edilən uğurların davamlı olmasına, dövlətimizin və xalqımızın maraqlarını inamla təmin edən siyasətə səs verdi.

Prezident seçkilərinin nəticələri Ulu Öndər Heydər Əliyevin uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini  bir daha təsdiqlədi. Prezident İlham Əliyev bu strategiyanı inamla davam etdirərək Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən və qüdrətli dövlətinə çevirdi.  2003-cü ildən başlayaraq görülən işlərin miqyası, dövlət proqramlarının nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir.

2018-ci il aprelin 18-də Prezident İlham Əliyev Milli Məclisdə and içməklə rəsmən növbəti dövr üçün vəzifəsinin icrasına başladı. Dövlət başçısının çıxışından bir daha bəlli oldu ki, qarşıdakı 7 ilin prioritetləri, gediləcək yol məlumdur və bu yolda məqsəd Azərbaycanı daha da gücləndirmək, daha da inkişaf etdirmək və daha qüdrətli dövlətə çevirməkdir.

Azərbaycan tarixinin ötən 3 ilinin reallıqları göstərir ki, İlham Əliyev xalqın etimadını layiqincə doğruldan liderdir. Ötən ilə qədər Azərbaycanın yeganə ağır problemi torpaqlarımızın işğal altında olması idi. Ona görə İlham Əliyevin prezident kimi fəaliyyətinin əsas prioritetlərindən birini Ermənistanın işğal siyasətinə son qoyulması təşkil edirdi. Bu illərdə İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun döyüş imkanlarını ən müasir səviyyəyə çatdırdı. Beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir.

Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyətinin bir istiqamətini beynəlxalq səviyyədə həyata keçirilən siyasi-diplomatik tədbirlər təşkil etdi. Bütün beynəlxalq tədbirlərdə Ermənistan diplomatik küncə sıxışdırıldı, onun işğalçılıq siyasəti ifşa edildi. Bu baxımdan 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası Prezident İlham Əliyev tərəfindən Ermənistana vurulan diplomatik zərbə ilə yadda qaldı. Dünyanın siyasi dairələrinin diqqət mərkəzində olan iclasın əsas hadisəsi Prezident İlham Əliyevin Ermənistanın baş naziri N.Paşinyana verdiyi tutarlı və kəsərli “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı oldu.

Bundan  başqa, həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı işğalçı Ermənistanı tutarlı faktlarla ifşa etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən dövlət başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq hüququ dərindən bilən siyasətçi, mahir və peşəkar diplomat olğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

İnkişafın və nailiyyətlərin kökündə dayanan əsas amil ölçülüb biçilmiş iqtisadiyyat və maliyyə imkanlarıdır. Dünya iqtisadiyyatında başlanan böhran son 3 ildə də davam edib. Bütün bunlara, o cümlədən neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, həyata keçirilən islahatların, düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq 2018-2019-cu illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında artım qeydə alındı. Daha dəqiq desək, yalnız 2018-ci ildə qeyri-neft sektorunda 9 faizdən çox artım oldu. O cümlədən ixrac əvvəlki illə müqayisədə təxminən 40 faiz çoxaldı. Həmin il “Cənub qaz dəhlizi”nin, TANAP kəmərinin inşasının başa çatdırılması, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi ilə yeni enerji və nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirildi. 2019-cu ildə isə Azərbaycanda iqtisadiyyat 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz,  qeyri-neft sənayesi 14 faizdən çox artdı.

Pandemiyanın bütün dünyada yayıldığı ötən il bir çox inkişaf etmiş dövlətlərin iqtisadi həyatında ciddi geriləmələr baş verdi. Azərbaycan iqtisadiyyatında isə cüzi azalma baş verməsinə rəğmən qeyri-neft sənayesinin 11 faizdən çox artımı respublikamızda həyata keçirilən mühüm iqtisadi uğur sayılmalıdır.

Bu dövr üçün başqa bir mühüm hadisə Azərbaycanın Dünya Bankının “Doing Business 2020” Hesabatında mövqeyinin 6 pillə yaxşılaşması və ölkəmizin bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmasıdır. Hesabata əsasən inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış araşdırmaya görə, Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü, əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci, islahatçı obrazı əmsalına görə beşinci yerdədir. Bu göstəricilər təsdiqləyir ki, Azərbaycan dünyanın inkişaf edən ölkələrindəndir.

Bütün dünyanı bürüyən koronavirus pandemiyasına gəldikdə isə onu qeyd etmək yerinə düşər ki, problemlə mübarizə ilk gündən Prezident İlham Əliyevin ayrıca nəzarətindədir. Azərbaycan pandemiya ilə mübarizədə qabaqlayıcı tədbirlər görən azsaylı nümunəvi ölkələr sırasındadır. Qısa müddətdə 13 modul tipli xəstəxana inşa edilib, 40-dan çox müasir laboratoriya fəaliyyətə başlayıb.

Azərbaycan həm də pandemiya ilə mübarizədə qlobal həmrəyliyə böyük töhfələr verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, Türk Şurasının Zirvə görüşünün keçirilməsi, həmçinin Ümumdunya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində ianənin edilməsi Azərbaycanın pandemiya ilə qlobal mübarizəyə verdiyi dəstəyin ayrı-ayrı nümunələridir. Aprelin 6-da Ümumdünya Sağlamlıq Günü münasibətilə Prezident İlham Əliyevin videomüraciətindən sonra çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da Azərbaycan Prezidentinin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi  alqışladı.

Artıq bir neçə müddətdir dünyada pandemiyaya qarşı mübarizə çərçivəsində vaksinasiya prosesinə start verilib.  Cənubi Qafqazda isə bu proses ilk olaraq Azərbaycanda başlayıb və ölkəmiz hazırda peyvəndləmə səviyyəsinə görə MDB-də liderdir.

Prezident İlham Əliyevin yeni müddətə prezidentliyinin ən böyük hadisəsi isə işğal altında olan torpaqlarımızın azad edilməsi oldu.  Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat tariximizə Vətən müharibəsi kimi düşən savaşa yol açdı. Şanlı ordumuz elə həmin gün başlatdığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi.

Noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Bu Qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan  azad etdi. Dövlət başçısının Novruz bayramı münasibətilə Şuşadan xalqımıza etdiyi qürurdoğuran müraciətində dediyi kimi, hazırlaşdıq və düşməni məğlub etdik.

Artıq “Dağlıq Qarabağ problemi” ifadəsi yoxdur. Çünki İlham Əliyev bu problemə son qoydu və Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin qanunları ilə yaşamaqdan başqa yolları yoxdur. Bu Qələbə həm də regionda yeni reallıqlara yol açıb. Bu mənada xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev Ermənistanın işğal siyasətinə son qoymaqla həm də bütün türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən tarixi bir missiyanı yerinə yetirdi. Belə ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa yer aldı. Vaxtilə Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası arasında coğrafi parçalanma baş vermişdi. Azərbaycanın  Qələbəsi isə artıq Zəngəzur vasitəsilə bütün türk dünyasını birləşdirəcək. Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizləri həm də son onilliklərdə bərpa olunan tarixi İpək yolunun mühüm komponentini təşkil edəcək. Çin dövləti də Avropaya doğru Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini və Prezident İlham Əliyevin bu məsələdəki təşəbbüslərini yüksək qiymətləndirir.

Müharibə günlərində respublikamızı döyüş yolundan döndərmək üçün siyasi-diplomatik təzyiqlərin edilməsinə cəhd göstərildi, erməni təəssübkeşlərinin sifarişi ilə xarici KİV-də Azərbaycana qarşı qarayaxma kampaniyası aparıldı. Lakin bunu edənlər gördülər ki, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Ermənistanın tərəfini tutan siyasi mərkəzlər anlayırlar ki, bu ölkənin üçtərəfli bəyanatın yerinə yetirilməsindən başqa yolu yoxdur. Amma son günlərdə Almaniyanın bəzi siyasi dairələri və media orqanları nədənsə yenidən “fəallaşıblar”. Bu ölkənin qəzetlərində davamlı şəkildə ölkəmiz əleyhinə yazılar dərc olunur, televiziyalarında qərəzli reportajlar, proqramlar efirə gedir. Görünən odur ki, İlham Əliyevin uğurları, Zəngəzur vasitəsilə türk dünyasını birləşdirməsi antiazərbaycançı şəbəkəni, dünya erməniliyini qıcıqlandırır və  buna görə Azərbaycana qarşı yeni qarayaxma kampaniyası başladıblar. Bunun üçün ən “münbit” ölkə isə Almaniya seçilib. Çünki bu ölkədə pula satılan media orqanları və siyasətçilər kifayət qədər çoxdur. Amerikanın müstəqil nəşri “The USA Tribune”da dərc olunan məqalədə də Almaniyada həm federal, həm də yerli səviyyədə korrupsiyaya uğramış, neo-nasizm ideyalarının daşıyıcısı olan deputatların ermənipərəst lobbiçilər tərəfindən  ələ alındığı diqqətə çatdırılır.

Ötən illərin təcrübəsi və reallıq göstərir ki, Azərbaycana təsir və təzyiq etmək qeyri-mümkündür. Prezident İlham Əliyev tam müstəqil, qətiyyətli siyasət yürüdür və torpaqlarımızın işğaldan azad olunması bunun bariz təsdiqidir. Yaxın vaxtlarda isə azad olunmuş Qarabağ zonası dirçələcək. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlər qazanmaqla dostları sevindirəcək, bədxahlara isə əzab verəcək.

 

Eldar QULİYEV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video