06:58 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda vaksinasiya prosesi davam edir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:37 03.08.2021

 

Artıq 5 milyondan çox doza peyvənd vurulub

 

Özü gözə görünməsə də, fəsadları, fəlakətləri göz önündə olan, çoxunun həyatını yarımçıq qoyan, ya da doğmasını, əzizini əlindən alan yeni növ koronavirusun axırı hələ də görünmür.

Əksinə, son günlər bu təhlükəli infeksiyaya yoluxma və ölüm hallarında artım müşahidə edilməyə başlayıb. Belə görünür ki, gözəgörünməz düşmən yenidən fəallaşıb. Həm də çox təəssüf ki, dondan-dona girərək öz meydanını genişləndirir. Koronavirusun yeni ştamlarının yayılması barədə xəbərlər bunu təsdiq edir.

 

Bütün dünyanın diqqətində olan məsələ

 

Əslində, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyada pandemiya elan edilən yeni növ koronavirusun xislətinə bəşəriyyət artıq xeyli dərəcədə bələd olub.

Bir ildən artıqdır ki, bir çox ölkələrdə mübarizə aparılan COVID-19-un öhdəsindən tam gəlməyin, onu birdəfəlik məhv etməyin yolu, əlacı hələ mümkün olmasa da, yayılma sürətini azaltmaq üçün üsul və vasitələr tapılıb. Mütəxəssislər hələ də cidd-cəhdlə araşdırmaları davam etdirir. İndiyədək əldə olunmuş nəticələr göstərir ki, koronavirusa qarşı mübarizənin ən əhəmiyyətli vasitələrindən biri vaksinasiyadır. Dünyanın elm adamlarının fikri belədir ki, koronavirusun getdikcə müxtəlif qorxulu ştamları ortaya çıxsa da, ondan xilas yolu peyvəndləmədir. COVID-19-un təsirinin məhdudlaşdırılması, daha geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan mübarizədə vaksinasiyanın rolu böyükdür. Mütəxəssislərin qənaətincə, dünya əhalisi peyvəndlənmə ilə bu qlobal bəlaya qarşı kütləvi immunitet qazana və beləliklə, koronavirusdan xilas ola bilər.

Hazırda bütün dünyanın diqqəti bu məsələyə yönəlib. Bir sıra ölkələrdə peyvəndləmə prosesi gündən-günə genişlənməkdədir. Ourworldindata.org xəbər verib ki, artıq dünya miqyasında 4 milyard 70 milyon dozadan çox koronavirus vaksini vurulub. Məlumatda o da bildirilib ki, Çin bu siyahıda birinci sırada dayanıb. Sonrakı yerləri Hindistan, ABŞ, Braziliya, Almaniya, İngiltərə, Yaponiya, Türkiyə, Fransa, İtaliya, İndoneziya, Meksika, Rusiya və İspaniya tutub.

Qeyd edək ki, koronavirus infeksiyasına yoluxma səbəbilə həyatını itirənlərin sayına görə Azərbaycan əksər Avropa ölkələrindən və ümumilikdə dünyadan geri qalır. Bu istiqamətdə müsbət tendensiyanın davam etməsi üçün isə gərəkli addımlar atılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən COVID-19 pasportu olmadan idarə, müəssisə, ictimai nəqliyyat, şadlıq və əyləncə mərkəzlərinə getmək mümkün olmayacaq.

Koronavirusla mübarizə tədbirlərinin həyata keçirilməsinə ilk gündən böyük diqqət və məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu istiqamətdə bütün zəruri, əhəmiyyətli işlər görür. Respublikamız vaksinləri əldə edən, əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Azərbaycanda yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə başlayan bu proses uğurla davam etdirilir. Artıq 5 milyondan çox doza peyvənd vurulub. Həmin peyvəndlərin tam təhlükəsiz olduğu, indiyədək ciddi əks göstəriş faktının qeydə alınmadığı məlumdur.

Bununla belə, Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artımın olması narahatlığa səbəb olmaqla yanaşı, bəzi suallar da ortaya çıxarır. Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac yarana bilərmi? Vəziyyətin pisləşməyə doğru getməməsi, yoluxma sayında artımın olmaması üçün nə etmək lazımdır?

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə qapanmaların deyil, bağlı müəssisələrin də açılması üçün müzakirələrin getdiyi açıqlanıb. Amma artıq bütün dünyada olduğu kimi, Azərbacanda da koronavirusun acı təcrübəsi var. Ölkə əhalisi bilir ki, COVID-19-un meydanını genişləndirməməsi üçün ehtiyatı əldən verməmək lazımdır. Mütəxəssislər bunun üçün Azərbaycanda peyvənd olunanların sayının əhalinin heç olmasa 80 faizini təşkil etməsinin vacibliyini bildirirlər. Bu göstəriciyə nail olsaq, ölkədə kollektiv immunitet formalaşacaq və qlobal koronavirus bəlasından qurtulacağıq. Bunları nəzərə alaraq, əhali qoyulan qaydalara riayət etməli, virusun hələ öz hökmranlığını qoruduğunu unutmamalı, sağlamlığının qayğısına qalmaq naminə peyvənd olunmalıdır.

Nəzərə almaq lazımdır ki, həyata keçirilən tədbirlərə ciddi yanaşmadan, əməl etmədən normal həyata dönmək mümkün deyil. Əks halda qadağaların davam etdirilməsindən başqa yol qalmayacaq.

 

Qlobal bəladan qurtulmaq istəyiriksə...

 

İsraildə koronavirusa qarşı üçüncü doza vaksinasiyaya başlanılıb. Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, bu mərhələdə 60 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq. Üçüncü doza vaksinin vurulması üçün şəxslərin ikinci doza peyvəndlənməsindən beş ay ötməlidir.

“Nature Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə qeyd edilib ki, koronavirus pandemiyasını dayandırmaq üçün təkcə vaksinasiya kifayət deyil. Məqalədə eyni zamanda maska taxmaq və sosial məsafəni qorumağın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Alimlər belə nəticəyə gəliblər ki, yalnız bu tədbirlərin toplusu infeksiyanın yayılmasını dayandırmağa, eləcə də yeni ştamların yaranmasının qarşısını almağa imkan verəcək.

Həmçinin virusun mutasiyaya uğramasına imkan verməmək üçün demək olar ki, bütün insanlar mümkün qədər qısa müddətdə mütləq vaksinlənməlidirlər.

Sürətli vaksinasiya templərinin koronavirusun dayanıqlı ştammının peyda olunması ehtimallarını azaltdığı da məqalədə nəzərə çatdırılıb.

Ekspertlərin fikrincə, əhalinin əksəriyyəti artıq peyvəndlənmiş olsa belə, maskadan istifadə etmədikdə və sosial məsafəni qorumadıqda koronavirusun  ştamlarının yayılması ehtimalı əhəmiyyətli dərəcədə güclüdür.  Bu səbəbdən də alimlər insanları maskadan istifadə etməyə, sosial məsafəni qorumağa və kütləvi toplanmamağa çağırır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM