23 Noyabr 2021 00:20
1123
İQTİSADİYYAT
A- A+

Azərbaycanda neft hasilatı və ixracı üzrə proqnozlara əməl olunur

 

Dünyada  hökm sürməkdə davam edən koronavirus pandemiyasına qarşı Azərbaycanda da çoxşaxəli iş aparılır, çoxsaylı qoruyucu tədbirlər həyata keçirilir, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunur. Azərbaycan neftçiləri də həmin qaydalara riayət etməklə  karbohidrogenlərin hasilatını və ixracını dayandırmırlar.

Cari ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6 faiz, qaz hasilatında  38,6 faiz artım deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq edilən məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub. Bu  barədə SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.

Şirkətin istismar etdiyi yataqlarda üç ay ərzində 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə,  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 10 faiz, qaz hasilatı isə 9 faiz artıb. Bu da  istismarda olan  neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə həyata keçirilən kompleks tədbirlər planının davamlı şəkildə icra edildiyini göstərir. Məsələn, üçüncü rübdə şirkət üzrə 20 min metrdən artıq qazma işi aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz çoxdur.

Cari ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub. Bunun 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib. Bu barədə  Energetika Nazirliyindən  bildirilib.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının  tammiqyaslı işlənməsi layihəsinin operatoru olan bp şirkəti də hasilatın  sabit və  təhlükəsiz şəkildə davam etdiyi barədə məlumat verib. Hazırda AÇG yataqlar blokunda 136 neft hasilatı quyusu istismar olunur.

AÇG və “Şahdəniz” yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

Bu ilin ilk üç rübü ərzində terminaldan təxminən 172 milyon barel neft və kondensat  ixrac edilib. O cümlədən 148 milyon barel Heydər Əliyev adına  Bakı-Tbilisi-Ceyhan (BTC)  əsas ixrac neft kəməri vasitəsilə və təxminən 24 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu ilə göndərilib.

Bəs Azərbaycan nefti ən çox hansı ölkələrə ixrac olunur? Bu barədə Dövlət Gömrük Komitəsi  məlumat yayıb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmiz ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 9 milyon 542,9 min ton, dəyəri isə 4 milyard 323,7 milyon ABŞ dolları olub.

Doqquz ayda Azərbaycandan İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Xorvatiyaya 547,8 milyon dollarlıq 1 milyon 162,3 min ton, İsrailə 510,1 milyon dollarlıq 1 milyon 69,3 min ton, Hindistana 496 milyon dollarlıq 1 milyon 122,7 min ton xam neft və xam neft məhsulları ixrac edilib. Eləcə də Portuqaliyaya 382,5 milyon dollarlıq 803,6 min ton, Böyük Britaniyaya 312,4 milyon dollarlıq 624 min ton, Tunisə 306,3 milyon dollarlıq 658 min ton, Ukraynaya 268,2 milyon dollarlıq 649,8 min ton, Almaniyaya 216,3 milyon dollarlıq 442 min ton xam neft və xam neft məhsulları yola salınıb.

Beləliklə, bu dövrdə Azərbaycandan ümumilikdə 20 milyon 281,6 min ton xam neft və xam neft məhsulları ixrac edilib. İxracın dəyəri 9 milyard 302,6 milyon dollar olub.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video