21 Noyabr 2021 09:12
1175
CƏMİYYƏT
A- A+

Azərbaycanda mütərəqqi hüquq sistemi formalaşıb

 

Notariatlar işğaldan azad olunmuş ərazilərə qayıdacaq vətəndaşlarımıza keyfiyyətli hüquqi xidmətin göstərilməsinə layiqli töhfələr verəcəklər

 

2020-ci ilin Vətən müharibəsindəki parlaq hərbi və siyasi qələbə nəticəsində Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri yazıldı.  Çünki bu qələbə ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad edildi. Vətən savaşında qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin, xalqımızın öz haqqı uğrunda mübarizəsinin milli həmrəyliyimizin təntənəsinə çevrildi.

30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxlaması çağdaş dövrümüzün ən böyük ədalətsizliklərindən biri idi. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınmış, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyulmuşdu. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, qətliamlar törədilmişdi.

Bütün bunlar sivil dünyanın gözü qarşısında baş versə də,  dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyalar kobud şəkildə tapdalansa da, həmin sənədləri qəbul edən beynəlxalq təşkilatlar susqunluq, laqeydlik, biganəlik nümayiş etdirdilər, işğalçını öz adı ilə çağırmaqdan uzaq oldular. Bu azmış kimi artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış etdilər ki, bu da Ermənistanın işğal siyasətinə dəstək verməkdən başqa bir şey deyildi.

Lakin biz torpaqlarımızın işğaldan azad olunması ilə bağlı inamımızı heç vaxt itirmədik. Xalqımız əmin idi ki, ulu öndər Heydər Əliyevlə başlanan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə davam edən inkişaf siyasəti nəticəsində dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi, yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək. Bu inamı və əminliyi artıran ən böyük faktor əlbəttə ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara söykənən siyasəti, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verilməyəcəyini daim bəyan etməsi idi.

Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti bu qələbəni sürətlə yaxınlaşdırdı və reallığa çevirdi. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. Dövlətimizin başçısının xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş qabiliyyətinin təmin edilməsi üçün səmərəli və məqsədyönlü iş aparıldı. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bu məqsədlə bir sıra dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı.

Ötən illər ərzində Prezident İlham Əliyev siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu. Dövlətimizin başçısının həyata keçirdiyi hücum diplomatiyası dünya erməniliyinin yalanlarının, tarixin saxtalaşdırılmasının qarşısında möhkəm sipərə çevrildi, əsassız erməni iddialarının yayılmasının qarşısını aldı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr işğal olunmuş ərazilərimizin azad edilməsi zamanı mühüm beynəlxalq hüquqi baza rolunu oynadı.

Azərbaycan nə qədər problemin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanın təcavüzkar ritorikası və hərbi – siyasi təxribatları danışıqları artıq mənasız etmişdi. 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi növbəti hərbi təxribat cəbhədə hərbi əməliyyatları yenidən alovlandırdı. Torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını rəşadətlə yerinə yetirməyə başladı. Vətən müharibəsi ilk gündən ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu. Düzdür, buna qədər 2016-cı aprelində və 2020-ci ilin iyulunda qısa müddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Azərbaycan Ordusu tərəfindən Ermənistanın tamamilə darmadağın olunması və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələndi.

Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi azad olundu. Tezliklə Ermənistanla dövlət sərhəddinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının, Hadrut və Suqovuşan qəsəbələrinin, strateji yüksəkliklərin və yüzlərlə kəndin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın.

Şuşanın azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanı, Zəfər xronikasının baş səhifəsidir. Qəhrəman Azərbaycan hərbçiləri, əsgər və zabitləri çətin relyef şəraitində yorulmadan irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini misilsiz cəsarət və  mərdliklə yarıb keçdilər. Yaralanan və həlak olan döyüş dostlarını çiyinlərinə alaraq, başlarına yağan güllə yağışı altında sıldırım qayalara dırmaşaraq Şuşanı işğalçılardan azad etdilər.

Vətən müharibəsinin hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyidir. 44 gün çəkən hərbi əməliyyatların gedişində ordumuz möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin ikili standartlar üzündən illər ərzində kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin etdi.    

Azərbaycan həm də Vətən müharibəsində BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun davrandı. Döyüşlər başlayandan sonra Azərbaycana qarşı ermənipərəst siyasi mərkəzlərdən çoxsaylı təzyiqlər olsa da, Prezident İlham Əliyev bütün bunların qarşısını əzmlə, qətiyyətlə aldı.  Eyni zamanda Azərbaycan dünyaya sübut etdi ki, öz ərazisində BMT Nizamnaməsinin 51-ci maddəsini tələblərini icra edir. Prezident İlham Əliyev bu il noyabrın 4-də Bakıda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində bununla bağlı deyib: «Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı».

Beləliklə, Azərbaycan öz torpaqlarında həm də BMT-nin Nizamnaməsindən irəli gələn tələbləri yerinə yetirərək özünümüdafiə hüququndan yararlandı. Bu dövrdə qeyd etdiyim kimi Azərbaycana qarşı beynəlxalq təzyiqlər edildi. Hətta BMT-də Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin beynəlxalq hüquq son nöqtəsinə qədər Azərbaycanın tərəfində olduğundan bu riyakar cəhd baş tutmadı.

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində 2020-ci il noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Şuşanın azad edildiyi tarix isə Azərbaycan xalqının Vətən müharibəsində Qələbə günü kimi təqvimə yazıldı.

2021-ci il noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd etdi. Bu münasibətlə respublikanın hər yerində müxtəlif tədbirlər təşkil olundu, yürüşlər keçirildi, şəhidlərin xatirəsi ehtiramla anıldı. Bakıda Dənizkənarı Milli Parkda təşkil olunan Zəfər yarmarkası qələbənin birinci ildönümü ərəfəsində paytaxt sakinlərinin ən çox baş çəkdiyi ünvanlardan biri oldu. 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində təşkil olunan yürüş isə hər bir daha hər birimizi qürurlandırdı.

Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Prezident İlham Əliyevin azad olunmuş rayonlara səfərləri zamanı infrastruktur obyeklərinin istifadəyə verilməsi hər birimizdə qürur doğurur və görünən odur ki, dövlətimiz Qarabağ və Şərqi Zəngəzuru ən qısa vaxtda yenidən qurmaqla doğma ellərindən köçkün düşmüş bütün vətəndaşlarımızın layiqli həyat şəraitini təmin edəcək. Azad olunmuş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» konseptləri əsasında bərpası,  elektrik yarımstansiyalarında smart idarəetmə sistemlərinin tətbiqi, Füzuli Beynəlxalq Hava Limanının müasir tələb və göstəricilərə cavab verməsi onu göstərir ki, dövlətimiz Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını ən yüksək və modern standartlar çərçivəsində həyata keçirir.

Bütövlükdə, həm qələbəmizin ildönümü, həm də işğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədar tariximizin şərəfli səhifələri yazılır. Ədliyyə işçiləri üçün bu günlər ikiqat bayramdır. Çünki ədliyyə işçilərinin peşə bayramı günü xalqımızın qələbə sevincinin ildönümünü qeyd etdiyi bu günlərə təsadüf edir. 103 il əvvəl, 1918-ci il noyabr ayının 22-də Azərbaycan Xalq Cümhüriyyətinin qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsindən sonra Azərbaycan ədliyyənin şərəfli tarixi başlamışdır. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.

Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran vəzifələrdən biri sovet dövründən miras qalmış hüquq sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması idi. Lakin ilk illərdə yeni dövrün tələblərinə uyğun dövlət quruculuğu prosesi baş vermədiyi üçün hüquqi islahatlar da aparılmadı. Yalnız xalqımızın ulu öndəri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra dövlət quruculuğunun əsas tərkib hissələrindən biri kimi ölkənin hüquq sisteminin yeniləndirilməsi istiqamətində köklü islahatlara start verildi. Bununla həm də ədliyyə orqanlarının fəaliyyətində yeni mərhələ başladı, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi təmin olundu.

Vətəndaşlara hüquqi xidmət göstərən təsisatlardan biri də notariatdır. Dövlət tərəfindən qanun çərçivəsində rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi səlahiyyətlərinin həyata keçirilməsi notariata həvalə edilib. Əslində bu səlahiyyətlər notariatın necə böyük əhəmiyyət daşıdığının göstəricisidir.

Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanan hüquqi islahatlar çərçivəsində notariat sistemi yeni mərhələyə qədəm qoyub. 1999-cu ildə "Notariat haqqında" qanun qəbul edilib.

 Statistik rəqəmlər göstərir ki, notariat hərəkətlərinin sayı ilbəil artır. Həm bu amil, həm də beynəlxalq təcrübə onu deməyə əsas verir ki, vətəndaşlar yüksək səviyyəli hüquqi xidmət göstərilməsi baxımından notariatlara daha çox inanırlar. Ona görə ki, notarius müraciət edən hər bir tərəfin hüquqlarının eyni dərəcədə qorunmasına səy göstərir, onlara hüquq və vəzifələrini izah etməklə, qanunun düzgün tətbiqi sayəsində aralarındakı hüquqi münasibətləri tənzimləməklə mübahisələrin qarşısını alır. Məhz buna görə notariat institutunu bəzən qabaqlayıcı ədalət mühakiməsi də adlandırırlar. Bu da vətəndaşların notariat xidmətlərindən istifadəyə üstünlük verməsini şərtləndirir.

Torpaqlarımızın azad edilməsi ilə əlaqədar olaraq Azərbaycanın məhkəmə-hüquq və ədliyyə sistemini də yeni və məsul vəzifələr gözləyir. Bu sırada yeni yaradılacaq notariatlar da işğaldan azad olunmuş ərazilərə qayıdacaq vətəndaşlarımıza keyfiyyətli hüquqi xidmətin göstərilməsinə layiqli töhfələr verəcəklər.

 

Zaur DƏMİROV,
Bakı şəhəri 23 saylı notariat
ofisinin xüsusi notariusu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video