05 Fevral 2012 02:02
236
CƏMİYYƏT
A- A+

Azərbaycanda hər bir vətəndaşın normal yaşaması və rifah halının yüksəlməsi istiqamətində ardıcıl tədbirlər görülür

 

Müstəqil Azərbaycanın ötən 8 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşmişdir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla həyata keçirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı regionun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdi: "Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır".

Son illər vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi problemlərin həllini tapması paralel olaraq demokratik və hüquqi islahatlara olan ictimai marağı daha da gücləndirmişdi. Ölkədə inamla həyata keçirilən hüquqi-siyasi islahatların mühüm bir istiqamətini məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması oldu. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olundu, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edildi. "Konstitusiya Məhkəməsi haqqında Qanuna əlavə və dəyişikliklər haqqında" 23 dekabr 2003-cü il tarixli qanuna əsasən isə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyənləşdirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkdi. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması, eyni zamanda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın təsdiq edilməsi son illərdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.  

Prezident İlham Əliyev Azərbaycanda demokratik dəyərlərin, qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsində vətəndaş cəmiyyəti institutlarının da roluna mühüm önəm verir. Respublikamız müstəqillik qazandıqdan sonra qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu prosesindəki müstəsna rolunu nəzərə alan Azərbaycan Prezidenti onların dövlətlə sıx əməkdaşlığının təmin olunmasına xidmət edən ardıcıl tədbirlər həyata keçirdi və bu davam edir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman və sərəncamları da məhz bu məqsədə xidmət etmişdir.

Ümumilikdə, respublikamız 2003-2008-ci illərdə onlarla beynəlxalq konvensiya və sazişə, o cümlədən "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında", "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" konvensiyalara qoşulmuşdur.

Hüquqi islahatlar fonunda 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq lazımdır. 18 mart referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdu. Konstitusiya islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və sazişlərə uyğunlaşdırılması prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

İnsanların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini ilə bağlı dövlətdən gözləntiləri artdı, hakimiyyət isə öz növbəsində üzərinə bir sıra yeni öhdəliklər götürərək ictimai rəyə həssas münasibətini izhar etdi. Konstitusiyaya yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklər edilməsi də məhz bu reallıqla şərtlənirdi. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə edilmiş dəyişiklik sosialyönümlü xarakter daşımaqla, Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlirdi. Bu dəyişikliklə "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" məsələsi dövlətin ali məqsədləri sırasında yer almışdı. Bu əlavənin Konstitusiyada əksini tapması respublikamızın iqtisadi siyasətində sosialyönümlü məsələlərin həllinin prioritetə çevrilməsi ilə şərtlənirdi.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanunla isə yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin yaradılması təmin edilmişdir.

Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında son illərdə Milli Məclisdə qəbul edilmiş qanunlar ictimai həyatın bütün sahələrini əhatə etməklə, vətəndaşa həssas və qayğıkeş münasibəti təşviq edir. Bu baxımdan 2011-ci ildə  parlamentdə qəbul olunmuş qanunları xüsusi qeyd etmək lazımdır. Ötən müddətdə "İcra haqqında", "İnformasiya əldə etmək haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Dini etiqad azadlığı haqqında",  "Prokurorluq haqqında", "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda, "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının Ailə Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi"ndə əlavə və dəyişikliklər edilməsi haqqında  qanunların qəbulunu xüsusi vurğulamaq olar. 

Ulu öndərin möhkəm təməllər üzərində müəyyənləşdirdiyi siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 8 ildə əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Qeyd edək ki, 1995-ci ildən bəri imzalanan 50 əfv sərəncamı 5314 nəfər məhkuma şamil edilmişdir. Dövlət başçısının 8 il müddətində əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət göstərən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

Ölkəmizdə demokratik proseslərin davamlı şəkildə aparılması, dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yer tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olunması istər ölkə daxilində, istərsə də xaricdə müsbət qiymətləndirilir. İqtisadi yüksəliş və demokratikləşmə prosesinin genişlənməsi Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir. Qabaqcıl dövlətlərin təcrübəsi də göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə adekvatlığı ilə şərtlənir.

 

Elnur HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video