04 Noyabr 2011 02:11
238
Mədəniyyət
A- A+

«Azərbaycan xalçaları - İrəvan qrupu» monumental kitabın təqdimat mərasimi keçirilmişdir

 

Noyabrın 3-də  "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş "Azərbaycan xalçaları - İrəvan qrupu" adlı monumental kitabın və altı dildə nəşr olunmuş eyniadlı broşürlərin təqdimat mərasimi keçirilmişdir. Kitabın müəllifi "Azərilmə"nin direktoru, professor Vidadi Muradovdur. Bu dəyərli kitab Azərbaycanın sayılıb-seçilən ziyalılarından biri, Milli Məclisin deputatı, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun elmi redaktorluğu ilə çap edilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, tanınmış elm adamlarının və aparıcı KİV-lərin rəhbərlərinin iştirakı ilə keçirilən təqdimat mərasimi Yeni Azərbaycan Partiyası, AMEA-nın Tarix İnstitutu və "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşmışdır.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, təqdimatını keçirdiyimiz bu kitab Azərbaycanın milli mədəniyyətinin qədim tarixini yaşatmaq işinə xidmət edir. Ona görə ki, xalçaçılıq Azərbaycanın tarixini yaşadan, onu nəsildən-nəslə ötürən maddi nemətlərdən biridir. İrəvan torpağı həm də qədim xalçalarımızda yaşayır. Biz nə qədər bunları qoruyacağıq, o qədər də tariximizin sahibi olacağıq. Biz bu mənəvi sərvətlərə sahib çıxdıqca həm də müvəqqəti itirilmiş torpaqlarımızın sahib olmaq haqqını özümüzdə yaşadırıq.

Ə.Əhmədov "Azərbaycan xalçaları - İrəvan qrupu" kitabını ərsəyə gətirən bütün yaradıcı insanlara minnətdarlığını bildirmişdir.

Təqdimat mərasimində çıxış edən Yaqub Mahmudov diqqətə çatdırmışdır ki, kitabda əzəli torpaqlarımız olan Qərbi Azərbaycanın tarixinə ətraflı nəzər salınmış, İrəvan qrupu xalçalarının xarakteristikasından geniş bəhs olunmuş, 102 nadir xalçanın təsviri verilmişdir. Kitaba daxil edilmiş hər bir xalçanın çeşnisi, rəng ahəngi, semantikası, insanların ətraf mühitə və inkişafa dair fəlsəfi baxışlarını və onlarda Azərbaycan gerçəkliyinin əks olunduğunu qəti şəkildə ortaya qoymuşdur.

Qeyd edilmişdir ki, kitabın ilk səhifəsində Prezident İlham Əliyevin dediyi: "...İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə tarixi baxımdan da bu, bizim torpaqlardır" fikir də xüsusi əhəmiyyət daşıyır.

Alim demişdir ki, Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın min illər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatı əsas yer tuturdu. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıqlar, çullar və digər toxunma məmulat da var idi. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır.

Yaqub Mahmudov vurğulamışdır ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

Kitabın müəllifi Vidadi Muradov demişdir ki, respublikamızın dünya miqyasında şöhrətlənməsində onun mədəniyyətinin, o cümlədən xalçaçılıq sənətinin də böyük rolu olmuşdur. Azərbaycanda xalçaçılığa yüksək səviyyədə dövlət qayğısı onun yeni intibah dövrünü təmin etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun təsdiq olunmuş, 2005-ci il fevralın 7-də onun tətbiq edilməsi barədə fərman verilmişdir. Azərbaycan xalçaçılığının təbliği və nümayiş etdirilməsi məqsədilə dünya təcrübəsində bənzəri olmayan xalça muzeyi binasının inşasına başlanmışdır.

Milli mədəniyyətimizin, o cümlədən xalçaçılığın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın da böyük rolu vardır. Məhz onun səyi ilə Azərbaycan xalçası 2010-cu il noyabrın 16-da UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.

V.Muradov demişdir ki, "Azərbaycan xalçaları - İrəvan qrupu" kitabı kompozisiya baxımından bir-biri ilə sıx əlaqədə olan müəyyən hissələrdən ibarətdir. Kitabın ilk hissəsi Azərbaycanın tarixi-coğrafi ərazisi olan İrəvan bölgəsinin tarixinə həsr edilmişdir. Kitab geniş və əhatəli biblioqrafiya ilə təmin olunmuşdur. Kitabda Azərbaycan xalçaları İrəvan qrupunun sənətkarlıq xüsusiyyətlərinə, Qərbi Azərbaycanın hər bir bölgəsinin xalçaçılığa gətirdiyi özünəməxsus cəhətlərə geniş yer verilmişdir. Burada hər bir bölgədə toxunmuş xalçalardan seçilmiş müvafiq elementlər və onların təqdimatı xalçaçılığa dair ədəbiyyatda ən böyük yeniliklərdən biri kimi qiymətləndirilə bilər. Kitabda xalçaların vaxtilə toplandığı bölgələr və şəxslərin siyahısı da verilmişdir.

Kitabın ən əhəmiyyətli cəhəti heç sözsüz ki, xalçaların müasir poliqrafik tələblər səviyyəsində təqdim olunan fotoşəkilləri və onların xarakteristikasıdır. Kitabın bu bölməsində 102 xovlu və xovsuz xalça xronoloji ardıcıllıqla verilmişdir. İlk xalça 1780, sonuncu 102-ci xalça isə XX əsrin ortalarına aiddir. Bu xalçalar bütövlükdə Azərbaycanın, o cümlədən onun tarixi-coğrafi ərazisi olan İrəvan bölgəsinin ensiklopediyası adlandırıla bilər. Bu xalçalar vaxtilə Vətənimizin İrəvan bölgəsində yaşayan azərbaycanlıların maddi-mənəvi həyatını, onların dünyagörüşünü, həyat fəlsəfəsini, tarixini obyektiv şəkildə əks etdirir.

Müəllif demişdir ki, "Azərbaycan xalçaları - İrəvan qrupu" kitabı bir daha göstərir ki, ermənilərin bütün ciddi-cəhdlərinə baxmayaraq, İrəvan bölgəsində azərbaycanlıların yaratdığı böyük mədəniyyəti məhv etmək mümkün olmayacaqdır.

Vidadi Muradov sonda mədəniyyətimizin, o cümlədən xalçaçılığın inkişafına böyük diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən digər natiqlər təqdim olunan bu kitabı xalçaçılıq sahəsində yaradılmış tarixi nailiyyətə qoyulmuş abidə kimi dəyərləndirmiş və əsəri tariximizin öyrənilməsi baxımından böyük hadisə hesab etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video